Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

Deputat: 'Bir tərəfdən Moskvadan Ermənistana silah daşıdığı deyilən təyyarələr gəlir,...'


N.Paşinyan və V.Putin
N.Paşinyan və V.Putin

Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalayıblar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12:00-dan cəbhədə tərəflər arasında humanitar atəşkəs əldə edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb.

Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncənin raket zərbələrinə tutulduğu bildirilib. Bu zaman 9 nəfər dinc sakinin həlak olduğu, 39-nun isə yaralandığı vurğulanıb.

Deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, həmin Moskva görüşü ilə Rusiya bir daha göstərdi ki, Cənubi Qafqazın sahibliyindən hələ əl çəkmək niyyətində deyil. Onun fikrincə, Azərbaycanın bu şimal qonşusu atəşkəsin pozulmasına görə Ermənistana hər hansı təzyiq göstərmir:

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Burada paradokslar da var"

"Bu görüşlə aydın oldu ki, ATƏT-in Minsk qrupu adlı qurum boş şeydir. Məsələni Rusiyanın iradəsi həll edir. Amma burada paradokslar da var. Belə ki, bir tərəfdən Moskvadan Ermənistana silah daşıdığı deyilən təyyarələr gəlir, digər tərəfdən də Rusiya münaqişəni nizamlamaq məsələsində vasitəçilik edir. Ona görə də bu atəşkəsin humanitar xarakter daşıması şəxsən məndə şübhə oyadır. Vasitəçi olaraq Rusiyanın rolunu anlaşılmaz hala salır".

S.Rüstəmxanlı deyib ki, Azərbaycan beynəlxalq humanitar hüququn normalarına riayət edir, mülki vətəndaşlara qarşı silah işlətmir. Onun fikrincə, Azərbaycan tərəf az itki vermək, Ermənistan hərbi birliklərini dinc yolla Qarabağdan çıxarmaq üçün atəşkəsə razılıq verib: "Amma sonrakı proseslər necə olacaqsa, o barədə indidən fikir yürütmək tələskənlik olardı".

H.Hacızadə
H.Hacızadə

"Ermənistanın atəşkəsi pozması ilə Rusiyanın nüfuzuna..."

Politoloq Hikmət Hacızadə isə AzadlıqRadiosuna deyib ki, atəşkəsin pozulmasında Rusiyanın hansısa marağı yoxdur. Onun vurğulamasına görə, bu atəşkəs onsuz da ciddi deyildi, amma Ermənistanın atəşkəsi pozması ilə Rusiyanın nüfuzuna ciddi zərbə dəyib:

"Əslində, atəşkəsin pozulması Ermənistanı bütün dünyada rüsvay etdi. Oktyabrın 11-də Gəncənin bombalanması, mülki əhali arasında ölüm halları və xəsarət alanlar... Dünya mediası bundan yazır, reportajlar verir, atəşkəsi Ermənistanın pozduğunu birmənalı olaraq dünyaya bəyan edirlər".

Onun fikrincə, bu hadisə diplomatik baxımdan Azərbaycanın xeyrinə oldu: "Artıq Ermənistan dinc əhalini raket atəşinə tutmasını istəsə də, gizlədə bilməz və buna görə məsuliyyəti var".

Dağıntılar altından çıxarılan Gəncə sakinləri danışır
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG