Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:46

'Qara qızıl'ı qara gün gözləyirmi?


Tatarıstanda neft buruğu
Tatarıstanda neft buruğu

Son günlər bəzi ölkələrdə koronavirusa yoluxmada təkrar artım müşahidə edilir. Koronavirus pandemiya elan edildikdən (martın 11-də) sonra neftin qiymətində kəskin ucuzlaşma baş vermişdi. Lakin sonrakı aylarda "qara qızıl"ın qiymətlərində təkrar artım özünü göstərdi.

Yeri gəlmişkən, son günlər neftin qiymətlərində, az da olsa, təkrar düşmə müşahidə edilir. Hazırda "qara qızıl"ın bir barreli 40 dollar civarında dəyişir. (Azərbaycanın 2020-ci il dövlət büdcəsində isə neftin bir barreli 35 dollar götürülüb. Bu ilin büdcə sənədi dəyişdirilməzdən öncə bu məbləğ 55 dollar idi)

İndi bəzi təhlilçilərin fikrincə, yoluxmada artımla yanaşı, dünya neft rezervuarlarının artıq neft qəbul etmək imkanları da azalmaqdadır. Onlar hesab edirlər ki, hər iki amil neftin ucuzlaşmasına gətirib çıxara bilər.

Üstəlik, açıqlamalara görə, "Saudi Aramco"nun oktyabr ayında Asiya və ABŞ müştərilərinə nefti daha ucuz qiymətə satmaq qərarı da bu prosesləri sürətləndirməsi istisna olunmur.

"Qara qızıl"ın ucuzlaşmasının Azərbaycana mümkün təsirlərinə gəlincə, yerli iqtisadçılar hesab edirlər ki, indiki halda manata təzyiqlər yarana bilər. Onlar xatırladırlar ki, son günlər Azərbaycanla qonşu ölkələrin çoxunun valyutaları dəyər itirib. Amma manatın məzənnəsi 3 ildən çoxdur dəyişmir - 1 dollar 1.70 manat həddində qalır.

Bir çox müstəqil iqtisadçılar bunu Mərkəzi Bankın müdaxilələri ilə izah edirlər.

T.Mirkişili
T.Mirkişili

"Devalvasiyaya əsas yoxdur"

Milli Məclisin İqtisadiyyat, sənaye, sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili isə "Turan" agentliyinə bildirib ki, indiki halda Azərbaycanda devalvasiyanın baş verməsi üçün iqtisadi və maliyyə əsası yoxdur. O hesab edir ki, 2015-ci ildə baş vermiş iki devalvasiyadan (manat dollar qarşısında iki dəfə dəyər itirdi-red.) bu yana Azərbaycanda makroiqtisadiyyat daha çox sabitliyə malikdir: "Hesab edirəm ki, təkrar devalvasiyanın baş verməməsi üçün ötən 4 il ərzində iqtisadi və maliyyə baxımından təkmilləşmələr aparılıb. Digər tərəfdən isə, Azərbaycan iqtisadiyyatı həm də neftin aşağı qiymətinə də öyrənib".

T.Mirkişili vurğulayıb ki, hətta neft 2021-ci ildə 35 dollar həddində olsa belə, ümumi daxili məhsulun (ÜDM) 3 faiz artması gözlənilir. Onun fikrincə, indiki resurslarla (ölkənin 50 milyard dollar civarında valyuta ehtiyatı olduğu bildirilir-red.) Azərbaycan bundan da çətin vəziyyətdən çıxa bilər.

"Dünya enerji bazarı neft ilə yollarını ayırır"

İşadamı, iqtisadçı Nazim Bəydəmirli isə mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, dünya enerji bazarında tendensiyalar dəyişir. Onun fikrincə, koronavirus pandemiyası indiki halda neftə tələbatı azalda bilər:

N.Bəydəmirli
N.Bəydəmirli

"Amma bu, dünya enerji bazarındakı tendensiyaları dəyişə bilməz. Bundan da irəli gələrək ikinci dalğa olsa da, olmasa da, dünya enerji bazarı neft ilə yollarını ayırır. İndi əsas neft istehlakçısı olan ölkələr elektromobillərə, alternativ enerji istifadəsinə keçirlər. Hətta Avropanın günəş az olan şimal ölkələri belə qarşıdakı illərdə külək, dalğa enerjisinə keçməyi hədəfləyiblər".

İşadamına görə, dünyanın ən iri neft-qaz istehlakçılarından olan bəzi Avropa ölkələrində 2025-ci ildən benzin-dizellə işləyən avtomobillərə qadağa qüvvəyə minir: "Bu addımın iqtisadiyyatda neftdən son məhsul yox, xammal kimi istifadə edən ölkələrə mənfi təsiri böyük olacaq. Odur ki, emal müəssisələri qurulmalıdır".

N.Bəydəmirliyə görə, Azərbaycan üçün problem odur ki, karbohidrogenə əsaslanıb iqtisadiyyat qurmaq istəyirlər, bu isə çox çətindir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 29 milyon 180 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 928 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 38 min 327 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 562 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG