Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:43

Minskdə etirazlar davam edir


Minsk, 18 avqust, 2020-ci il
Minsk, 18 avqust, 2020-ci il

Minskdəki Müstəqillik Meydanına yığışan minlərlə etirazçı müxalifətin qırmızı-ağ bayraqlarını dalğalandırıb, “Get” qışqıraraq Lukashenka-nı istefaya çağırıblar

Avqustun 17-də Belarusun paytaxtı Minskin küçələrinə minlərlə nümayişçi çıxıb. Ölkə lideri Alyaksandr Lukashenka-nın 9 avqust seçkisinin rəsmi nəticəsinə görə altıncı müddətə prezident elan olunmasına etirazlar artıq doqquzuncu gecədir davam edir.

Lukashenka dünən deyirdi ki, konstitusiyaya dəyişikliklər olunarsa, yenidən prezident seçkisi keçirilə bilər.

Minskdəki Müstəqillik Meydanına yığışan minlərlə etirazçı müxalifətin qırmızı-ağ bayraqlarını dalğalandırıb, “Get” qışqıraraq Lukashenka-nı istefaya çağırıblar.

Konstitusiyaya dəyişiklikdən sonra...

65 yaşlı liderə təzyiq getdikcə artır. Avqustun 17-də traktor zavodunda çıxışı zamanı fəhlələr onun sözünü kəsib, istefasını tələb ediblər.

“Biz yeni konstitusiya qəbul etməliyik. Siz bunu referendumda qəbul etməlisiniz və yeni konstitusiyaya uyğun olaraq, istəsəniz, həm parlament, həm də prezident seçkisi, həm yerli orqanlara seçki keçirə bilərsiniz”, – Lukashenka vurğulayıb.

Seçkinin rəsmi nəticələrinə görə, Lukashenka səslərin 80 faizindən çoxunu yığıb. Nəticə açıqlanan kimi ölkə daxilində və xaricdə seçkinin saxtalaşdırılması fikirləri səsləndi.

Avqustun 17-də axşam nümayişçilər iki təcridxanaya doğru yürüş edib, müxalifət liderləri və etirazçıların buraxılmasını tələb ediblər. Seçkidən sonra minlərlə etirazçı saxlanıb, azı iki nəfər həlak olub. Sonradan buraxılanların çoxu saxlanma zamanı döyülmələrindən, dəhşətli şəraitdən gileyləniblər.

6 nəfərlik kamerada 30-35 nəfər

Həkim Syarhei Boyko “Current Time” layihəsinə təcridxanada keçirdiyi günlərdən danışıb, saxlananların taxta döşəmədə yatdığını söyləyib.

“Gecəni keçirdiyim kamerada 30-35 nəfər vardı. Kamera əslində, 6 nəfər üçün nəzərdə tutulub”, – o deyib.

Təcridxana qarşısında nümayiş edənlərə isə orada siyasi məhbus saxlanmadığı bildirilib.

Dünən bir neçə zavodda tətil də keçirilib. Dövlət televiziyasının işçiləri işdən imtina ediblər. Avqustun 17-də nümayişçilər Minskdə dövlət televiziyasının qarşısına yığışıblar. Yerli media televiziyanın 600 işçisinin tətilə qoşulduğunu xəbər verib.

Hazırda Litvada olan müxalifət siyasətçisi Svyatlana Tsikhanouskaya avqustun 16-da internetdə yerləşdirdiyi videoda deyib ki, heç vaxt siyasətə gəlmək planı olmayıb, ancaq müvəqqəti olaraq liderliyi götürməyə hazırdır.

Avropa Birliyi liderləri avqustun 19-da Belarusla bağlı fövqəladə video sammit təyin ediblər. ABŞ Prezidenti Donald Trump isə hadisələri “çox sıx” izlədiyini deyib, vəziyyəti “dəhşətli” adlandırıb.

ATƏT seçkidən, “dinc etirazçılara qarşı qeyri-adekvat gücdən istifadədən, irimiqyaslı saxlamalardan, işgəncə iddialarından və təhlükəsizlik qüvvələrinin pis rəftarından” narahatlığını ifadə edib.

Ukraynanın Belarusdakı səfiri Kiyevə çağrılır

Ukraynanın Xarici işlər naziri Dmytro Kuleba isə deyib ki, Belarusun səfiri iki ölkə arasında pisləşən münasibətlərin müzakirəsi üçün çağırılıb. Ukraynanın Belarusdakı səfiri Igor Kizim “yeni reallıqda Belarus-Ukrayna münasibətlərinin perspektivini dəyərləndirmək üçün” Kiyevə çağrılacaq, Kuleba avqustun 17-də bildirib.

Kuleba-nın sözlərinə görə, Ukrayna ilk öncə Minsk yaxınlığında ötən ay saxlanmış 32 rusiyalının buraxılmasından narazıdır. Həmin şəxslərin Belarusda “sabitsizlik yaratmağı” planlaşdıran muzdlular olduğu bildirilirdi.

Rusiya Baş Prokurorluğu avqustun 14-də məlumat yaydı ki, sözügedən şəxslər Rusiyaya qayıdıblar və mühakimə olunmayacaqlar.

Ukrayna onlardan 28-nin ekstradisiyasını istəyirdi, Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçı qurumlara dəstək verdiklərini deyirdi.

Kuleba deyib ki, onların Ukraynaya təhvil verilməsi üçün “hüquqi və mənəvi əsaslar” olmasına baxmayaraq, Minsk muzdluları Rusiyaya verib.

Muzdluların Rusiyadakı Vagner özəl təhlükəsizlik şirkətinin işçiləri olduğu bildirilirdi. Minsk onların Belarusda “rəngli inqilab” törətməyə getdiyini iddia etmişdi.

XS
SM
MD
LG