Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:33

Azərbaycan və Belarus arasında oxşarlıqlar varmı?


İ.Əliyev və A.Lukaşenko
İ.Əliyev və A.Lukaşenko

Bu il avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. Seçkinin nəticəsinə narazı elektoratın etirazları siyasi həyatı sakit məcradan çıxarıb.

Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Aleksandr Lukaşenko səslərin 80 faizindən çoxunu qazanaraq yenidən prezident seçilib. A.Lukaşenko 1994-cü ildən Belarusun prezidentidir.

Belarus MSK A.Lukaşenkonun əsas rəqibi sayılan Svetlana Tixanovskayanın isə 10 faiz səs yığdığını bildirir. S.Tixanovskaya bu rəqəmləri etibarlı saymır. Hazırda xanım namizəd Litvadadır və bunu özünün təhlükəsizliyi ilə izah edib.

Yüz mindən çox insan Lukaşenkaya qarşı mitinqə çıxıb (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

"Get!"

Bəzi ekspertlərin fikrincə, bu ölkədə seçki sonrası proseslərin heç də sakit məcrada inkişaf etməyəcəyi birdən ortaya çıxan vəziyyət deyil. Onlar bunu hələ seçkilər öncəsi proqnozlaşdırırdılar. İndi isə get-gedə mitinqlərin həcmi böyüyür, narazı elektorat A.Lukaşenkoya münasibətdə vahid şəkildə "Get!" siyasi mövqeyi sərgiləyir.

Avqustun 15-dən Belarusda vəziyyətin daha da qəlizləşdiyi bildirilir. A.Lukaşenkonun Belarusda "qayda-qanun" yaradılması üçün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığı deyilir.

Avqustun 16-da isə bir çox müşahidəçilərin fikrincə, Belarusda müstəqillik dövrünün ən möhtəşəm mitinqi keçirilib. Amma həmən gün A.Lukaşenkoya dəstək mitinqi də gerçəkləşib.

Avropa Birliyi də Belarus xalqına qarşı zorakılıq törədildiyi halda hakimiyyətə sanksiyalar tətbiq ediləcəyinin qaçılmaz olacağı xəbərdarlığını edib.

Bəzi analitiklər isə indi Azərbaycan və Belarus arasında paralellər apararaq siyasi vəziyyəti anlatmağa çalışırlar.

"Azərbaycanda da, Belarusda olduğu kimi,..."

Onlar deyirlər ki, Azərbaycanda da, Belarusda olduğu kimi, eyni siyasi qüvvə təqribən eyni vaxtdır ki, hakimiyyətdədir. Üstəlik, vurğulanır ki, hər iki dövlətin Rusiya ilə yaxşı münasibətləri var və Qərbə inteqrasiyada ciddi məsafə saxlanır. Habelə o da qeyd edilir ki, hər iki ölkədə müxalifət oxşar metodlarla zəiflədilir. Beləcə Belarusda baş verən proseslərin Azərbaycana mümkün təsirləri də dəyərləndirilir və bununla bağlı fərqli fikirlər səslənir.

A.Mirzəzadə
A.Mirzəzadə

Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Turan" agentliyinə deyib ki, Azərbaycan dövlət olaraq əməkdaşlıq və dostluq əlaqələrini dövlətlə qurur, hansısa bir siyasi qüvvə ilə yox:

"...Azərbaycan-Belarus münasibətləri həmişə yüksək səviyyədə olacaq"

"Bu baxımdan, hər bir ölkənin daxili siyasi həyatını həmin ölkənin proseslərinin nəticəsi kimi dəyərləndiririk. Hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Azərbaycan-Belarus münasibətləri həmişə yüksək səviyyədə olacaq".

O, Belarusda baş verən hadisələri bu ölkənin daxili işi adlandırıb.

Deputat əlavə edib ki, Azərbaycan heç bir zaman Belarusun daxili işlərinə qarışmayıb, istənilən ölkə də ilk növbədə öz suveren hüquqlarına hörmətlə yanaşmalıdır. Onun deməsinə görə, Azərbaycan və Belarus arasında sıx iqtisadi, ticarət əlaqələri var:

"Belarusun daxili işlərinə qarışmadan..."

"Bu baxımdan hesab edirəm ki, hakimiyyətdə kimin olmasından asılı olmadan Azərbaycan digər ölkələrlə öz münasibətlərini çox rəvan, sabit qurur. Belarusun daxili işlərinə qarışmadan yaxın münasibətlərin olmasında maraqlıyıq".

A.Məmmədli
A.Məmmədli

"Müsbət təsiri ola bilər"

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna deyib ki, hazırkı hadisələrin gedişində Belarusda dinc yolla hakimiyyət dəyişikliyi baş verərsə, bunun Azərbaycana iki anlamda müsbət təsiri ola bilər.

Onun fikrincə, biri budur ki, Azərbaycandakı avtoritar rejim özünün müxtəlif beynəlxalq qurumlardakı tərəfdarından birini itirə bilər: "Konkret olaraq ATƏT-i götürək. Hər iki dövlət ATƏT-in üzvüdür. Rusiya, Qazaxıstan, bəzi hallarda Türkiyə ilə birgə bu dörd dövlət insan hüquqları, demokratiya məsələlərində bir-birlərini müdafiə edən mövqe sərgiləyirlər".

A.Məmmədli hesab edir ki, bu blokda bir üzv azala bilər: "Çünki Belarusda avtoritar rejimin getməsi, demokratik rejimin formalaşması insan hüquqları və azadlıqlar məsələsində Belarusun daha fərqli mövqe tutmasına səbəb olacaq. Bu anlamda hesab edirəm ki, Azərbaycan kimi avtoritar rejim narahat ola bilər ki, konkret olaraq ATƏT məkanında daha bir avtoritar rejim çökəcək".

A.Məmmədlinin fikrincə, ikincisi, Azərbaycan cəmiyyəti anlayacaq ki, təlqin edildiyi kimi hakimiyyət dəyişikliyi heç də zorakılıq yolu ilə, qan tökülməsi ilə baş vermir, həm də dinc yol ilə də baş verə bilir.

Mərkəz rəhbərinin deməsinə görə, dinc yolla hakimiyyətlərin dəyişməsi, siyasi rejimin başında duran insanların iradəsindən asılıdır və bu da Azərbaycan cəmiyyətinə bir müsbət mesaj ola bilər.

XS
SM
MD
LG