Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:38

Cəmil Həsənli prezidentdən hesabat istədi


C.Həsənli
C.Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli iyulun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında səsləndirdiyi bəzi fikirlərə münasibət bildirib.

C.Həsənlinin fikrincə, baş verənlər İ.Əliyev siyasətinin ölkəni uçurumun qarşısına gətirməsini açıq ifadə edir: "İlham Əliyev bu çıxışında son günlərdə Tovuz rayonunda, Ermənistanla sərhəddə baş vermiş hadisələrə toxundu. Bu barədə "Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır" kimi ifadələr işlətdi. Soruşmaq lazımdır ki, sənin Ermənistanın ərazilərini tutmağa gücün-qüdrətin varsa, elə işğal altında olan və sənin 17 illik hakimiyyətin dövründə işğal altında qalan Azərbaycan ərazilərini azad et...".

Daha sonra C.Həsənli deyib: "Bu çıxışda İlham Əliyev bizimlə bağlı deyib ki, guya mən iki ildir ki, ABŞ-da yaşayıram. Hansı pullarla yaşadığım, kimlərin məni maliyyələşdirməsi barədə hesabat verməyimi istəyib".

C.Həsənli ABŞ-da iki il yox, cəmi 10 aydır yaşadığını bildirib və deyib ki, təkcə 10 ayın yox, bütün ömrünün hesabatını verməyə hazırdır.

"Zəhmət çəkib, 17 illik prezidentliyinin hesabatını versin"

Amma C.Həsənli də İ.Əliyevdən hesabat verməsini istəyib: "Amma İlham Əliyev də zəhmət çəkib, 17 illik prezidentliyinin hesabatını versin. Onun hesabatını versin ki, İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan yarımazad ölkə idi, 17 illik hakimiyyəti nəticəsində Azərbaycan qeyri-azad ölkəyə çevrilib. Bu onun 17 illik hakimiyyətinin ölkəyə vurduğu ən ağır zərbələrdən biridir. Onun hesabatını versin ki, necə olur ki, iqtisadiyyatı şaxələndirmək əvəzinə korrupsiyanı şaxələndirir. Bu müddət ərzində dünyada hansı korrupsiya faktı araşdırırlarsa, oradan Azərbaycanın, İlham Əliyevin ailə üzvlərinin adı çıxır".

C.Həsənli daha sonra da sözlərinə belə davam edib: "Onun hesabatını vermək lazımdır ki, bir prezident kimi İlham Əliyev Azərbaycanin işğal altında olan torpaqlarını almalı ikən necə olub ki, Dubay mülklərini alıb, Londonun, Avropanın qədim şəhərlərini məhəllə-məhəllə alıb. Elə bunun da hesabatı verilsə, yaxşı olar".

"Azərbaycanın neft kəmərinin keçdiyi Gürcüstanda..."

C.Həsənliyə görə, ilk növbədə prezident hesabat verməlidir ki, 17 illik idarəçiliyi ərzində Azərbaycan vətəndaşlarının tibbi sığortası niyə yoxdur?

"Azərbaycanın neft boru kəmərinin keçdiyi Gürcüstanda 10 ildən artıqdır ki, gürcü vətəndaşlarının tibbi sığortası var. Neft ölkəsi olan, bu neftdən 200 milyard dollara yaxın vəsait əldə edən Azərbaycan vətəndaşlarının isə belə bir imtiyazı yoxdur. Ona görə də bu bioloji təhlükənin önündə ümidsiz vəziyyətdə qalıblar. Əgər bu tibbi sığorta olsaydı, əlbəttə, insanlar öz problemlərini səhiyyə müəssisələrində asan həll edərdilər", - Milli Şuranın sədri bildirib.

XS
SM
MD
LG