Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:43

'Hakimiyyət indi hər bir tənqiddən qorxur' (VIDEO)


Fəalların sosial media hesablarına kütləvi hücumun arxasında nə dayanır?
Gözlə

No media source currently available

0:00 0:10:58 0:00

Fəalların sosial media hesablarına kütləvi hücumun arxasında nə dayanır?

Siyasi fəal Bəxtiyar Hacıyev bir neçə gündür ki, özünün Facebook, Twitter və digər sosial media platformalarındakı hesablarına müntəzəm hücumlar edildiyini bildirir. O deyir ki, telefonuna da gecələr gizli nömrələrdən zənglər gəlir, sosial şəbəkədə adına saxta profil hesabı açaraq, mitinq çağırışları edilir:

“Bu birbaşa hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən bir əməliyyatdır. Çünki bu bir çox şəxslərə qarşı eyni anda, bütün sosial şəbəkə hesablarına edilmiş hücumlardır. Karantin müddəti bitəndən sonra hansısa etiraz aksiyasının olma ehtimalının qarşısını almaqdan ötrü edilir. Şəxsən mənimlə bağlı, demək olar ki, bütün hesablarıma, hətta online ödəmə, taksi xidməti hesablarına qədər hücumlar təşkil olunur. Mənim adıma saxta hesab açılıb, telefon nömrəmi yazıb, mitinqə çağırış edilir. Müxtəlif şəxslər, o cümlədən ölkə rəhbərliyi təhqir olunur. Mən düşünürəm ki, hüquq-mühafizə orqanları istəsəydi, bunlar onlardan biri olmasaydı, bu şəxsləri aşkarlayıb, cəmiyyətə təqdim edərdi”.

Nida Vətəndaş Hərəkatının idarə heyyətinin üzvü İlkin Rüstəmzadə isə bildirir ki, bir neçə gündür ki, ona ABŞ nömrələrindən təhdid mesajları gəlir, o hakimiyyəti tənqid edən çıxışlarına görə təhdid olunur.

Müxalifət mobil rabitə operatorlarını ittiham edir

Ümumiyyətlə, Azərbaycanda aprelin 20-dən sonra siyasi fəalların sosial şəbəkə hesablarına hücumların artması, hesabların ələ keçirilməsinə cəhdlər haqda xəbərlər artıb.

İlk olaraq, aprelin 20-də AXCP sədri Əli Kərimlinin WhatsApp və Telegramdakı hesablarının ələ keçirilməsi haqda xəbər yayıldı. AXCP öz bəyanatında vurğulayıb ki, partiya sədrinin hər iki hesabının ələ keçirilməsində mobil rabitə operatorları iştirak edib, əks halda hesablara giriş kodları hakerlərin əlinə düşə bilməzdi.

AXCP eyni zamanda partiya fəallarının Facebook hesablarına da hücumlar edildiyini qeyd edib.

Azercell Şirkəti açıqlama yayaraq, bu iddiaları rədd edib, öz fəaliyyətində heç bir qanunsuz əmələ yol vermədiyini bildirib.

Azad söz üzərinə total hücum

Amma tək sosial şəbəkə hesablarına deyil, eləcə də müstəqil saytlara da hücumlar haqda xəbərlər yayılır.

Aprelin 22-də isə daha çox hakimiyyəti tənqid edən materiallar dərc olunan “abzas.net” saytına da hücum olub. Hakerlər saytda son bir ayda yayılan məqalələri silib, bəzi xəbərlərin başlıqları dəyişdirilib. Saytın redaktoru Ülvi Həsənli bildirir ki, hücumların kim tərəfindən edildiyini aydınlaşdırandan sonra hüquqi addımlar atacaqlar:

“İndi müəyyənləşdirməyə çalışırıq ki, bu hücumlar hardan gəlib, onu kim təşkil edib. Bu haqda məlumatları müəyyənləşdirəndən sonra ictimaiyyətə də məlumat veriləcək”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin mətbuat xidmətinin rəhbəri Günel Gözəlova bildirib ki, hər hansı şəxsin sosial şəbəkədəki profili ilə bağlı şikayəti varsa yazılı şəkildə müraciət etməlidir:

"Çünki biz bu məlumatı yoxlamalıyıq. Eyni zamanda, bununla güc strukturlar da məşğuldur. Bəzi məsələlər var ki, bunlara araşdırandan sonra cavab verilə bilər. Sosial media hesabları beynəlxalq şəbəkə üzərindədir. Biz bu sosial medialara müraciət etmək üçün əlimizdə şəxsin müraciəti olmalıdır".

Bu, hakimiyətin dəst-xəttidir

Turan İnformasiya agentliyinin rəhbəri Mehman Əliyev düşünür ki, bu hücumlar təşkilatlanmış şəkildə aparılır. Onun fikrincə, bundan öncəki təcrübələr də göstərib ki, belə hücumlar hakimiyyət tərəfindən edilib, məqsəd də azad sözü boğmaq olub:

“Bu yenidən özünü, daha ciddi şəkildə biruzə verməyə başlayıb. Bu da onunla bağlıdır ki, yeni iqtisadi böhran, sosial gərginlik başlayır. Hakimiyyət indi hər bir tənqiddən, hər bir neqativ qiymətləndirmədən qorxur”.

Mehman Əliyevin fikrincə, öncəki təcrübələrdə olduğu ki, yenə hakimiyyət tənqidi sözü boğmaq üçün bu cür yola əl atır.

Azərbaycan hakimiyyəti adətən ölkədə bütün ifadə azadlıqlarının təmin olunduğunu bəyan edir. Amma hökumətin tənqidçiləri təkcə karantin müddətində 10-dan çox müxalifətçinin həbsini təsadüf hesab etmirlər, bu həbsləri hakimiyyətin cəmiyyəti nəzarətdə saxlamaq cəhdi kimi dəyərləndirirlər.

XS
SM
MD
LG