Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

'...Hakimiyyət pandemiyanı müxalifətə qarşı repressiya alətinə çevirib'


Polis
Polis

Son zamanlar Azərbaycanda siyasi fəallar, hakimiyyətin tənqidçiləri təzyiqlərlə üzləşir, hüquq-mühafizə orqanları tərəfindən saxlanılır, bəzilərinə cinayət iş açılır, bir neçə sutka inzibati qaydada cəza alanlar olur. AzadlıqRadiosuna danışan siyasətçilər, şərhçilər bunu müxtəlif cür dəyərləndirirlər. Bunu koronavirus təhlükəsi - çətin sınaq qarşısında qalan iqtidarın fəal qüvvələri neytrallaşdırmaq cəhdi sayanlar da var, əksini iddia edənlər də.

"Mart-aprel aylarında koronavirusla mübarizə kampaniyası çərçivəsində Azərbaycan hakimiyyətinin repressiyaya məruz qoyduğu ictimai-siyasi fəalların sayı 15 nəfərə çatır. Bu cür ağır şəraitdə, iqtidarlı-müxalifətli bütün dövlətlər koronavirusla mübarizəyə səfərbər olunduğu vaxtda Azərbaycanda hakimiyyət pandemiyanı müxalifətə qarşı repressiya alətinə çevirib", – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyir.

Ə.Kərimli
Ə.Kərimli

Onun qənaətincə, hakimiyyət xalqın koronavirusla mübarizə çərçivəsində atdığı addımlardan narazı olduğunu bilir və buna görə narahatdır. AXCP sədri hesab edir ki, hakimiyyət çıxış yolunu səhv yerdə axtarır, çıxış yolu xalqa doğru addım atmaq, milli birlik yaratmaqdır: "Amma bunlar çıxış yolu kimi danışan adamları susdurmaq, qorxu yaratmaq, müxalifət fəallarını təcrid etmək siyasəti yürüdürlər".

"Prezidentin mart anonsu"

AzadlıqRadiosuna danışan "Turan" xəbər agentliyinin direktoru Mehman Əliyev də, AXCP sədri Əli Kərimli də prezidentin 19 mart çıxışını xatırladırlar.

Dövlət başçısı İlham Əliyev Novruz çıxışında demişdi: "...nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər".

Ə.Kərimlinin iddiasına görə, İ.Əliyev həmin çıxışda pandemiyadan açıq-aşkar müxalifətə qarşı istifadə edəcəyinin anonsunu verdi və az sonra hüquq-mühafizə orqanları işə başladı: "Müsavatçı Tofiq Yaqublunun növbəti dəfə şərlənib həbs edilməsi, AXCP Ali Məclisinin üzvü Anar Məlikovun həbsi, Aqil Hümmətovun psixi dispanserə yerləşdirilməsi, Təzəxan Mirələmli və Əlizamin Salayevə yeni cinayət işlərinin açılması buna misaldır. Sumqayıtdan Şakir Məmmədova 15 sutka verilib. Dünən (aprelin 8-də - A.R.) İlkin Rüstəmzadəyə qarşı iyrənc kampaniya aparıldı. O, həm mənəvi terrora məruz qaldı, həm xəstə atası onun əvəzinə girov kimi polisə aparıldı, həm də özü həbslə təhdid edildi, yaşadığı yer mühasirəyə alınmışdı".

AXCP sədri aprelin 8-də köməkçisi Faiq Əmirlinin həbs edildiyini bildirir və bunu "adam oğurluğu" kimi təqdim edir.

M.Əliyev
M.Əliyev

Mehman Əliyevsə ölkədə böhran yaşandığını, neftin qiymətinin düşdüyünü və hakimiyyətin bunu gözləmədiyini, hazırlıqsız yaxalandığını deyir. Onun qənaətincə, bu durum ciddi fəsadlar yaratmaqdadır. M.Əliyevin sözlərinə görə, sosial-iqtisadi durumun pisləşməsi və narazılığın artması fonunda hakimiyyət operativ addımlar ata bilmir, "buna imkanı, resursu yoxdur": "Buna görə də, hakimiyyət narahatdır. Bu tipli təpkilər qabaqlayıcı addımlardır. Məqsəd cəmiyyətdə fəallığın artmamasıdır, fəal qüvvələri neytrallaşdırmaqdır. İlham Əliyevin 19 mart çıxışı da bundan ibarətiydi ki, siz nəsə etsəniz, biz hər şeyə hazırıq. Sosial şəbəkədə fəallıq göstərən, sərt tənqidçilər hədəf altına düşür".

"Prezident əsla narahat deyil, əksinə..."

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu bu yanaşmayla razılaşmır. Onun qənaətincə, hakimiyyət, "şəxsən prezident əsla narahat deyil". M.Əhmədoğlu hesab edir ki, əksinə, prezident arxayındır və Novruz bayramında müxalifət liderlərini təbrik etdi:


"Prezident Administrasiyasında şöbə müdiri Ədalət Vəliyev prezidentin sanksiyası, icazəsi olmasaydı, o addımı atmazdı. O, çox təcrübəli məmurdur, 20 ilə yaxın nazir müavini işləyib, konyunkturanı bilən adamdır. Prezident müxalifətə möhtac deyil. Ola bilər ki, hakimiyyət idarəçiliyində yeni olanlar, onu tam mənimsəməyənlərdə xof var ki, Milli Şuranın üzvləri, bəzi müxalifətyönlü adamlar fəallaşır, iqtidarın koronavirusla bağlı dəstəyi aşağı düşüb".

M.Əhmədoğlu müxalifət fəallarının hökumətin COVID-19-la apardığı mübarizəyə, ayrılan vəsaitin bu istiqamətdə xərclənməsinə şübhəylə yanaşdığını deyir. Ona görə də idarəçilikdə yeni, təcrübəsiz kadrların bəzən özlərini göstərmək üçün sosial şəbəkədə kiminsə yazdıqlarına görə bəzi addımlar atdıqlarını istisna etmir.

"Yoxsa prezidentin nəyinə lazım sosial şəbəkədə kim nə yazıb, ya yazmayıb", - M.Əhmədoğlu dediklərinə əlavə edir.

Z.Əlizadə
Z.Əlizadə

"Nə Faiq Əmirlinin, nə İlkin Rüstəmzadənin, nə də Tofiq Yaqublunun hakimiyyətə təhlükəsi var"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə baş verənləri Parkinson qanunları ilə izah edir: "Əgər bürokratik qurum yaranırsa, o nəinki qalmağa, hətta genişlənməyə cəhd göstərir. Azərbaycan hökumətində müxalifətlə məşğul olan qurum yaradılıb – polisdə, MTN-də (Dövlət Təhlükəsizliyi Xidmətini nəzərdə tutur- A.R.) və s. Onların işi hökumətə müxalifətlə mübarizə apardıqlarını məruzə etməkdir. Əgər mübarizə aparmasalar, desələr ki, müxalifətin təhlükəsi yoxdur, onda onları ləğv edə bilərlər. Bunun əvəzində deyirlər ki, müxalifət hakimiyyət üçün dəhşətli bir şeydir, hakimiyyəti devirməyə çalışırlar, gecə-gündüz təxribat hazırlayırlar".

Z.Əlizadənin iddiasına görə, məhz hakimiyyətdəki "həmin qurum" təhlükə görüntüsü yaratmağa çalışır, "buna görə də ənənəvi müxalifəti tuturlar, döyürlər, söyürlər": "Budur məsələ. Çünki nə Faiq Əmirlinin, nə İlkin Rüstəmzadənin, nə də Tofiq Yaqublunun hakimiyyətə təhlükəsi var. Onların buna resursu, imkanları da yoxdur".

AzadlıqRadiosu səslənən ittihamlara hakimiyyətdən mövqe ala bilməyib.

Beynəlxalq qurumlar Azərbaycan hakimiyyətini tənqidçilərini təqib etdiyinə, sıxışdırdığına görə tənqid edir, buna son verməyə çağırır. Rəsmi Bakı isə bunu inkar edir.

XS
SM
MD
LG