Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Ermənistan İranla sərhədi hələ açmır


Tehranda xəstə müayinə olunur
Tehranda xəstə müayinə olunur

Ermənistan qonşu İranla sərhədin bağlanmasını uzadacağını deyir. İranda koronavirusdan onlarla adamın vəfat etdiyi bildirilir.

Martın 2-də hökumətin iclasında koronavirusla mübarizədən danışan Baş nazir Nikol Pashinian deyib ki, ölkəsi növbəti beş gün ərzində İran vətəndaşları üçün vizasız rejimi ləğv edəcək.

Pashinian bu tədbirlərin nə vaxtadək qüvvədə qalacağını açıqlamayıb.

Bundan bir gün öncə Ermənistan virusa ilk yoluxma halını təsdiqləyib. Virus bu yaxınlarda həyat yoldaşı ilə İrandan qayıtmış 29 yaşlı bir kişidə tapılıb.

Ermənistan İranla sərhədini fevralın 23-də bağlayıb.

İranın Səhiyyə Nazirliyi martın 2-də bildirib ki, xəstəlikdən daha 12 nəfər dünyasını dəyişməklə virus qurbanlarının sayı 66-ya çatıb, yoluxanlar isə 1501 nəfərdir.

Bir çox tənqidçilər və ölkədən kənardakı ekspertlər narahatdırlar ki, Tehran ölkədəki böhranın miqyasını ciddi şəkildə az göstərir. Hökumət isə iddiaları rədd edir.

Aeroportlar tədbirləri gücləndirir

“Reuters” agentliyi koronavirusun Çindən kənarda sürətlə yayıldığını, bir çox aeroportlarda yoxlamaların artırıldığını yazır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus deyib ki, son 24 saat ərzində Çindən kənarda da, daxilində olduğu kimi səkkiz dəfə daha çox yoluxma halı aşkarlanıb. O, koronavirusun yayılma riskinin qlobal səviyyədə indi çox yüksək olduğunu deyib.

ABŞ-ın vitse-prezidenti Mike Pence-nin sözlərinə görə, 12 saat içində Cənubi Koreya və İtaliyada aeroportlarda səyahətçilər koronavirus yoxlamasından keçiriləcək. O, ABŞ-ın virusa qarşı tədbirlərinə görə cavabdehlik daşıyır, Birləşmiş Ştatların səyahət qadağalarının da genişləndiriləcəyini vurğulayıb.

Hazırda dünya üzrə koronavirusdan 3 min nəfərdən çox insan dünyasını dəyişib. İtaliyada ölənlərin sayı 18-dən 52-yə qalxıb.

Latviya, Səudiyyə Ərəbistanı, Seneqal, Mərakeşdə ilk yoluxma halları aşkarlanıb.

Aparıcı sənaye ölkələrinin G7 qrupu bu gün telekonfrans keçirərək koronavirusa qarşı tədbirləri müzakirə edəcəklər.

Bu arada neft 4 faiz bahalanıb, çünki Neft İxrac edən Ölkələrin Təşkilatının (OPEC) hasilatı daha da azaldacağına ümidlər var.

Cənubi Koreyada bazar ertəsi virusa 599 yoluxma, 26 ölüm halı qeydə alınıb. Ümumi yoluxanların sayı 4 min 335-ə çatıb.

XS
SM
MD
LG