Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:21

Beynəlxalq Bankın keçmiş rəhbəri cəzasının azaldılmasını istəyir


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ona verilmiş 16 il 6 aylıq həbs cəzasının azaldılmasını istəyir. Sabiq bankir bundan ötrü məhkəməyə üz tutub.

O, ərizəsində göstərib ki, 2017-ci ilin oktyabrında Cinayət Məcəlləsinə dəyişikliklər ittiham olunduğu 179-cu (mənimsəmə və ya israf etmə) maddəyə aiddir və dəyişikliklərdən sonra həmin maddədə nəzərdə tutulan cəzalar azaldılıb.

C.Hacıyevin 15 il həbsə məhkum edilməsinə dair 1-ci hökm 2017-ci il oktyabrın 15-də çıxarılıb. Qanuna görə, dəyişikliklər şəxsin durumunu yüngülləşdirirsə, bu halda, geriyə qüvvəsi var. Yəni dəyişiklikdən öncə çıxarılmış hökmlər də yeni tələblərə uyğunlaşdırılmalıdır.

C.Hacıyev haqqında ikinci hökm ötən ilin sentyabrında çıxarılıb

Əvvəlki cəzası da nəzərə alınmaqla, ona 16 il 6 ay həbs kəsilib. O, həmin hökmdən apellyasiya şikayəti verib. Şikayətə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Keçmiş bankirin vəkilləri yanvarın 9-da məhkəməyə vəsatət verib ki, C.Hacıyevin hökmünün dəyişikliklərə uyğunlaşdırılması məsələsinə baxılsın və qərar çıxarılıncayadək apellyasiya məhkəməsi dayandırılsın.

C.Hacıyevlə birgə mühakimə olunan bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və onun işçisi olmuş Sərxan Rəsulov da hökmdən şikayət veriblər.

C.Hacıyev və 14 il 6 ay həbs cəzası almış D.Xəlilov həbsdədir. S.Rəsulova şərti cəza verilib. 2016-cı ildən həbsdə olan və 5 il 6 ay cəza almış İ.Hidayətzadə isə ötən ilin oktyabrında vaxtından öncə şərti azadlığa buraxılıb.

Xatırlatma

2015-ci il dekabrın 4-dən həbsdə olan C.Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf) maddələri ilə təqsirli sayıb. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilsə də, o özünü təqsirli bilmir.

XS
SM
MD
LG