Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:23

Hərbi hissə də 'Azərişıq'dan şikayətçidir


Elektrik dirəyi
Elektrik dirəyi

Aviasiya Təmiri Zavodu (N saylı hərbi hissə) «Azərişıq» ASC-ni məhkəməyə verib. Hərbi hissənin nümayəndələri iddia edir ki, «Azərişıq» öz səlahiyyətlərindən sui-istifadə edir, bununla həm onlara, həm də ətraf ərazidə yaşayan sakinlərə ziyan vurur. Ona görə bu quruma qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb. Maddi ziyana görə 7 min 754 manat, mənəvi ziyana görə isə 10 min manat ödənilməsini tələb edib.

«Yüzlərlə sakin saatlarla susuz qalıb»

Aviasiya Təmiri Zavodunun nümayəndəsi Sahib Babayev deyir ki, hərbi hissə nümunəvi abonentdir, istifadə etdiyi elektrik enerjisinin haqqını həmişə tam və vaxtında ödəyib. Bir müddət öncə hərbi hissənin yaşayış sahəsi olan qəsəbədə artezian elektrik sayğacı yeni elektron tipli sayğacla əvəzlənib. Bundan sonra «Azərişıq» onlardan 417 manat tələb edib. Dəfələrlə yazılı ərizə göndərsələr də, bu borcun nədən yaranması barədə heç bir məlumat ala bilməyiblər. Əksinə, hərbi-hissəyə elektrik enerjinin dayandırılması, elektrik qidalanma xətlərinin möhürlənməsi, cəzalandırılacaqları haqda hədə məktubları alıblar.

«İstifadə edilən elektrik enerjisinə görə borcumuz olmadığı halda «Azərişıq»ın bizdən pul tələb etməsi əsassızdır. Onların hərəkəti bizim işgüzar nüfuzumuza xələl gətirməklə bərabər, maddi zərərə, mənəvi əsəbə və iztirablara səbəb olub. Qərb Regional Enerji Təchizat və Satışı İdarəsinin işçiləri bizi xəbərdar etmədən bir gün səhər saat 11:00-dan 17:00-a qədər qəsəbəni su ilə təchiz edən artezianı elektrik şəbəkədən ayırıb. Bununla da yüzlərlə sakin saatlarla susuz qalıb. Qəsəbədə körpə uşaqlar, məktəblilər, ahıl və xəstə insanlar yaşayırlar. Suyun olmaması sakinlərin narazılığına səbəb olub», – hərbi hissənin nümayəndəsi məhkəmədə bildirib.

Onun sözlərinə görə, Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin işçiləri artezianı elektrik şəbəkəsinə yenidən qoşanda artezianın mühərriki sıradan çıxıb. Mühərrikin təmiri üçün 500 manat pul xərclənib, bu barədə akt tərtib edilib.

«Zavod hüquqi şəxsdir»

«Hərbi hissə mühüm dövlət sifarişlərini, o cümlədən xarici ölkələrin sifarişlərini yerinə yetirir. Dövlət büdcəsinə əhəmiyyətli töhfələr verir. Qarşı tərəfin yersiz hədələri, bizi lüzumsuz yazışmalara cəlb etməsi iş əhəngini pozur. Oktyabrın 25-də 45 dəqiqə ərzində hərbi hissəyə gələn elektrik enerjisinin verilməsi tam dayandırılıb. Nəticədə istehsalat prosesi də dayanıb, döyüş texnikalarının təmiri işləri pozulub. Bunun nəticəsində bizə 7754 manat maddi ziyan dəyib», – Sahib Babayev belə deyib.

«Azərişıq» ASC-nin nümayəndəsi Məhərrəm Dəryagir isə onun söylədikləriylə razılaşmır. Deyir ki, qanuna görə, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Hüquqi şəxslərə münasibətdə isə fərqlidir, sayğacın dəyişdirilməsi onların hesabına həyata keçirilməlidir: «Aviasiya Təmiri Zavodu da hüquqi şəxsdir. «Azərişıq» onların işgüzar nüfuzuna heç bir xələl gətirməyib, maddi və mənəvi ziyan vurmayıb. «Azərişıq» yalnız artezian quyusuna quraşdırılmış sayğacın pulunu tələb edir».

Bu mübahisəyə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılıb və bugünlərdə qərar çıxarılıb. Hakim Kamil Rzayev hərbi hissənin «Azərişıq» ASC-yə qarşı iddiasını təmin etməyib.

XS
SM
MD
LG