Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:41

Əcnəbilərin bank hesablarındakı pullar Azərbaycanda necə ələ keçirilib


POS-terminal
POS-terminal

İnformasiya texnologiyalarından istifadə edib, bir çox əmanətçilərin, özəlliklə əcnəbilərin Azərbaycan banklarındakı pullarını oğurlamaqda suçlanan iki nəfər məhkəmə önünə çıxarılıb. Onların özləri də əcnəbidir - biri Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç, ikincisi isə Ukrayna vətəndaşı Andrey Borisoviçdir. CM-in 177-(oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələriylə ittiham olunan bu şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurlar.

İyunun 13-də məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədə Ukrayna səfirliyinin nümayəndələri də iştirak edib.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Azərbaycanda bir neçə formal şirkət yaradıblar. Həmin şirkətlərin adına banklarda hesablar açıblar. Eyni zamanda, banklardan da bu şirkətlər üçün POS-terminallar alıblar. Guya, nağdsız ödəmələrdə istifadə olunacaq. Amma POS-terminallar vasitəsilə müxtəlif adamların hesablarından pulları özlərinin Azərbaycan banklarındakı hesablarına köçürüblər. Bu hesablardan da bir neçə keçmiş sovet ölkəsində açdıqları hesablara göndəriblər.

Cinayət işinin materiallarında yazılıb ki, Azərbaycan bankları əcnəbilərə onların hesablarından çıxarılıb bura köçürülmüş məbləğləri ödəmək məcburiyyətində qalıb. Ona görə də bu cinayət işində Azərbaycanın bir neçə bankı da zərərçəkən qismində tanınıb.

P.Sergeyeviç və A.Borisoviç özlərini təqsirli bilirlər.

Onları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları saxlayıb. Bu əməliyyat da Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatları əsasında həyata keçirilib.

Təqsirləndirilən şəxslərin bank hesablarında olan vəsaitlər dondurulub.

Təqsirləndirilən şəxslərin ittiham olunduğu CM-in 272 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddəsində 6 ilə qədər, 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsində isə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG