Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Kürdəmirdə 9 ailənin həyat hekayəsi


«Tələbə yataqxanası»
«Tələbə yataqxanası»

Kürdəmir şəhərində «ŞO-60» adlanan yaşayış massivində 47 il əvvəl inşaat işləri görən tələbələrin qalmasından ötrü müvəqqəti tiklilər inşa edildiyi bildirilir. Deyilənlərə görə, tələbələr gəlib orada qalıblar, işlərini görüb qurtarandan sonra çıxıb gediblər. Sonrakı vaxtlarda bu tikililər yataqxanadan daimi yaşayış yerlərinə çevrilib. Hansısa səbəbdən evsiz qalan ailələr burada özlərinə sığınacaq tapıblar. Onlar istismar müddəti bitmiş, şəraitsiz bu tikliləri tərk edə bilmirlər. Deyirlər ki, yaşamağa başqa yerləri yoxdur...

«Tələbə yataqxanası»nda daimi yaşayanlar...

Ötən on illər ərzində «tələbə yataqxanaları»nın binaları aşınmaya məruz qalıb. Divarların suvağı qopub, döşəmə taxtaları çürüyüb, şiferlər sınıb, deşilib. Bir çox pəncərə çərçivələri önünə örtük çəkilib. Otaqları rütubətin yaratdığı kəsif qoxu bürüyüb.

Sakinlər deyirlər ki, tikililər taxta konstruksiyalı olduğundan mənzillərinə qaz xətti çəkilişinə icazə verilmir. Yataq otaqları odun sobası, yaxud neftlə işləyən cihaz ilə qızdırılır. Çay qaynatmaq, xörək bişirməkdən ötrü kiçik balonlara doldurulan qazdan istifadə edirlər. Həyətlərdə odun yığını, qazanlar gözə dəyir. Onda qızdırılan su ilə də paltar yuyulur, əl-ayaqda işlədilir. Hər yerdə şəraitsizlik və yoxsulluqdan dolayı solğun həyat lövhələri görünür...

Sakinlər bildirirlər ki, mənzilləri daim siçovulların hücumuna məruz qalır. Gəmiricilərin civildəşməsinin, taxtaya diş sürtərkən çıxartdıqları xartıltı səsinin əsəblərini artıq tarıma çəkdiyini söyləyirlər. Gecələr siçovulların döşəmə və divarda açdıqları oyuqları gündüzlər daş, şüşə balonla qapayırlar.

Yağıntılı günlərdə bu məhəllədə yanğınsöndürən maşınlar gözə dəyir. Onlar buradan su daşıyırlar. Sakinlər deyirlər ki, həyətlərdə yığılıb qalan su çəkilməyəndə evlərə dolur...

Hazırda «tələbə yataqxanaları»nda 9 ailə, ümumilikdə 48 nəfər yerləşdirilib. Onlardan 17 nəfəri yetkinlik yaşa çatmayan uşaqlardır. Sakinlər deyirlər ki, antisanitariyaya görə uşaqların əksəriyyəti erkən yaşlarından ciddi xəstəlik tapırlar.

S.Zeynalova
S.Zeynalova

Ana körpə uşağı dövlətə vermək istəyir...

Sevda Zeynalova bu evə anasının yanında 12 yaşında gəldiyini deyir. El adəti ilə ağ gəlinlik libasında, «Vağzalı» sədaları altında gəlin köçdüyünü danışır. O, həyat yoldaşından ayrılandan sonra iki azyaşlı uşaqla yenidən bu evə qayıdıb. Balaca uşağı iki həftə əvvəl dünyaya gətirib. Gənc qadın indi onları saxlamaq iqtidarında olmadığını söyləyir: «Dörd nəfərlik ailəmiz yaşlı anamın ümidinə qalıb. O, yeməkxanada qabyuyan işləyir, günə 5-7 manat pul qazanır. Bu da qəndə, çaya, quru çörəyə gedir. Keçmiş ərimdən aliment, dövlətdən ünvanlı sosial yardım ala bilmirəm. Hökumətin uşaqpulu vermək fikri də yox. Belə şəraitsiz yerdə, həm də bu kasıbçılıqla sağlam uşaq böyütmək olmaz. Qərara gəlmişəm ki, körpə uşağı dövlətə təhvil verim. Elə düşünməyin ki, mən balamdan imtina edirəm. Onu burada hisin, rütubətin içində ac saxlamağa bir ana kimi dözə bilmirəm. Həm də ona baxdığıma görə işləyə, o biri uşağı da yaxşı saxlaya bilmirəm».

«Oğlum vərəmdir, nəvəm...»

Solmaz Əliyeva da, deməsinə görə, bu yataqxanaya gənc ana kimi gəlib. İndi təqaüdə çıxıb. Qadın öz problemlərini unudub, xəstə oğlu və nəvəsindən ötrü narahatlıq keçirdiyini deyir:

S.Əliyeva
S.Əliyeva

«1986-cı ildə həyat yoldaşımdan ayrılanda üç uşaqla küçədə qalmışdım. Bizi gətirib bura yerləşdirdilər. Uşaqlarım burada böyüyüb. Kiçik oğlum orduya yararsız oldu. İndi vərəmdir. Nəvəm də eləcə, vəziyyəti daha pisdir. 140 manat pensiya ilə mən yemək alım, dərman alım, yoxsa ev tikim? Daha özümü fikirləşmirəm...».

Yeddi uşaq anası olan Bənövşə Cəbrayılova da öz imkanları hesabına mənzil-məişət şəraitlərini yaxşılaşdıra bilmədiklərini söyləyir: «Hökumət düşünüb bizi də bu vəziyyətdən çıxarsın. Biz də insanıq, vətəndaşıq. Qaçqın kökündə yaşayırıq. Buradan üç qız köçürmüşəm. Hələ dörd uşaq üstümdədir. Biri yarımcandır, ürək xəstəsidir. Onu xeyirxah insanların yardımı ilə əməliyyat etdirmişəm...».

İcra hakimiyyətindən cavab

Sakinlər şikayətlənirlər ki, nə Mərkəzi Xəstəxananın sahə həkimləri, nə də Gigiyena və Epidemiologiya Mərkəzinin işçiləri gəlib onların yaşayış şəraiti ilə maraqlanırlar. Demələrinə görə, bircə Mənzil İstismar Sahəsinin işçilərini görə bilirlər. Amma adıçəkilən idarədən də yalnız burada yaşamalarına dair arayış ala bildiklərini söyləyirlər.

«Tələbə yataqxanaları»nda 9 ailə - 48 nəfər yerləşdirilib.
«Tələbə yataqxanaları»nda 9 ailə - 48 nəfər yerləşdirilib.

S.Əliyeva isə bildirir ki, vitse-prezident Mehriban Əliyevaya müraciətindən sonra yerli icra hakimiyyətindən onların yanına nümayəndə gəlib. Deməsinə görə, evləri yaşayışa «qismən yararlı» hesab edilib. Amma kömək istəyən vətəndaşa yazılı surətdə belə cavab verilib: «Rayon icra hakimiyyətinin xərclər smetasında vətəndaşlara məxsus mənzillərin təmir-bərpası üçün vəsait nəzərdə tutulmadığından sizə tərəfimizdən köməklik göstərilməsi imkan xaricindədir».

Bu cavab S.Əliyevada xeyli suallar yaradıb: «Məgər yerli icra hakimiyyətinin imkanlarını Prezident Administrasiyasında bilmirlər? Bilirlərsə ki, onların mənzil təmir etmək imkanı yoxdur, niyə müraciətimi bunların üstünə göndəriblər?! İndi mən nə başa düşüm: bu, Azərbaycan dövləti, şəxsən Mehriban xanımın adından cavabdırmı?..».

S.Əliyevanın bu suallarına isə Kürdəmir Rayon İcra Hakimiyyətindən ayrıca cavab almaq cəhdlərimiz nəticə verməyib. Sakinlərin şikayətlərinə Rayon Mərkəzi Xəstəxanasından da münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG