Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

MTN işi: 'Ermənistana mal satışı barədə qaimələr tapılmışdı'


E.Mahmudov
E.Mahmudov

Həbsdə olan MTN generallarının işi üzrə zərərçəkənlər arasında «Maqnit» mağazalar şəbəkəsinin sahibi də var. İttihamda yazılıb ki, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini polkovnik Füzuli Əliyev və işçisi Natiq Alıyev Seymur Abdullayevi hədələyib, 500 min manat tələb edib, son nəticədə 250 min alıb əl çəkiblər.

S.Abdullayev 1992-1994-cü illərdə DİN-in Narkomaniya və narkobiznesə qarşı mübarizə İdarəsinin əməliyyat müvəkkili işləyib. İstintaqa ifadəsində deyib ki, həmin vaxt idarənin rəisi Eldar Mahmudov idi. O dövrdə Akif Çovdarov Hilal Əsədov da həmin idarədə işləyib. E.Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra A.Çovdarov və H.Əsədov da MTN-ə gedib. Çovdarov MTN-də Baş idarə rəisi, Əsədov isə nazir müavini vəzifəsinə qədər irəli çəkilib.

«MTN-lə bağlı cinayət işi analoqu olmayan işdir»

«2015-ci ilin martında bir nəfər zəng edib özünü MTN əməkdaşı Natiq Alıyev kimi təqdim edib nazirliyə çağırdı. Nazirliyin yaxınlığında kafedə görüşdük. Söhbət zamanı Natiq Alıyev dedi ki, rəhbərlik nazirliyin 4-cü Baş İdarəsinin üzərinə ciddi tapşırıqlar qoyub, sahibkarlar MTN-ə pul verməlidirlər. Nə qədər pul verməli olduğumu soruşdum. O da 500 min manat dedi. Mən 50 min təklif etdim. Bundan sonra Natiq Alıyev hədə-qorxu gəlib, qaçaqmalçılıq yolu ilə mal gətirdiyimi, mənə problem yaradacaqlarını, mağazalarımı bağlayacaqlarını dedi. Fikirləşmək üçün vaxt istədim. Maraqlanıb öyrəndim ki, həqiqətən də pul verməyən sahibkarlara bu problemləri yaradıblar. Bir-iki gündən sonra Natiq Alıyevə zəng edib 250 min manat verə biləcəyimi dedim...», – zərərçəkən S.Abdullayevin istintaqa ifadəsindəndir.

F.Əliyevin vəkili İqbal Həsənov isə bildirir ki, ümumiyyətlə, belə hadisə olmayıb. Vəkilin sözlərinə görə, S.Abdullayev özü də Bakı Hərbi Məhkəməsində ifadə verərkən nə «Maqnit»in sahibi olduğunu, nə də ondan pul alındığını deyib: «Dedi ki, «belə baxanda mən «Maqnit»də heç kiməm. Rəhbərliyə aidiyyətim yoxdur. Mənim «Maqnit»də işim mağazalara borcu olanlara ödətdirmək olub, kollektor kimi fəaliyyət göstərmişəm». Təəssüf ki, bütün bunlardan sonra da məhkəmə hökmündə həmin ittiham epizodunu saxladı».

Vəkil noyabrın 22-də Bakı Apellyasiya Məhkəməsində çıxışında deyib ki, bu adam könüllü şəkildə gedib şikayətçi olmayıb, onu hüquq-mühafizə orqanları özləri tapıb çağırıb, ərizə alıblar.

«Bu cinayət işi analoqu olmayan işdir. Addımbaşı pozuntudur», – vəkil belə deyir.

«Eldar Mahmudov Vergilər Nazirliyinə məktub göndərmişdi ki...»

«Arazplast» MMC-nin rəhbəri Elman Muradovun qanunsuz saxlanması, MTN əməkdaşlarının onun şirkətindəki seyfdən 80 min götürməsi, nazirlikdə saxlanılarkən döyülməsi, dişlərinin tökülməsi barədə danışan vəkil deyir ki, bu da yalandır. Müdafiəçinin sözlərinə görə, E.Mahmudov hələ nazir olub, sözükeçən vaxtlarda E.Muradov ondan müxtəlif orqanlara şikayət edib: «Onun erməni iş adamıyla əlaqələri, Ermənistana mal göndərilməsi barədə məlumat daxil olub. Bununla əlaqədar nazir Vergilər Nazirliyinə məktub göndərib. Araşdırma müddətində onun ölkədən çıxışına məhdudiyyət qoyulub. Hava limanında onu saxlayıblar. Bundan sonra hüquq-mühafizə orqanlarına Eldar Mahmudovdan şikayət edib, göstərib ki, 10 min manat pulunu alıblar. Daha sonra sözünü dəyişib, deyib, şirkətin ofisinə işıq çəkmək üçün bu qədər pulunu alıblar, o da ehtimal edib ki, MTN-ə çatıb o pul. MTN əməkdaşları «Arazplast» MMC-nin ofisində yox, istehsal sahəsində axtarış aparıblar. Axtarış vaxtı Türkiyədən Ermənistana mal göndərilməsi barədə qaimələr tapılıb...».

Vəkil bildirib ki, sabiq MTN-çilərin həbsindən sonra polkovnik F.Əliyevin kabinetində axtarış zamanı bu şirkətin Ermənistanla əlaqələrinə dair toplanmış sənədlər tapılıb. Lakin o materiallar cinayət işinə əlavə edilməyib.

Bundan sonra hakim işdə dövlət sirri sayılan məlumatların olduğunu əsas gətirib, prosesin bir hissəsinin qapalı keçirilməsi barədə qərar çıxarıb.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Onların arasında 5 general da vardı. Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib. Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib.

Generallardan Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəhbəri Teymur Quliyev, Əməliyyat-Texniki İdarəyə başçılıq etmiş Natəvan Mürvətovanın da daxil olduğu 10 nəfərlik qrupun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Bakı Hərbi Məhkəməsinin hökmüylə ilə bu qrupdakılardan general S.Qurbanov və onun müavini olmuş F.Əliyevin hər biri 14 il, T.Quliyev 12 il, Z.Məmmədov N.Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş general N.Mürvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad AtayevElşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Hökmdə sabiq MTN-çilərin özlərinə və yaxınlarına məxsus əmlaklarının müsadirəsi, onların rütbələrinin alınması məsələsi də əksini tapıb.

Azadlıqdan məhrumetmə cəzası alanlardan A.Şirəliyev və E.Əliyevin müddəti başa çatıb və onlar həbsdən buraxılıblar.

N.Mürvətova və E.Əzizov hökmdən şikayət verməyib. E.Əliyev isə artıq azadlığa çıxdığına görə şikayətini geri götürüb.

Adları çəkilən sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurlar.

XS
SM
MD
LG