Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:28

Seymur Baycan: 'Sovet nostalgiyası niyə bitmir?'


Ukraynada Lenin heykəlinin fonunda dayanmış kişi.
Ukraynada Lenin heykəlinin fonunda dayanmış kişi.

"Əlbəttə, keçmişi ilahiləşdirmək, keçmişə heyranlıq insana xas cəhətdir. Lakin keçmişə münasibətdə qarının meyar kimi götürülməsi, başqa bütün hadisələrin unudulması, qarından savayı başqa meyarın olmaması təəssüf doğurur".

Seymur Baycan

Sovet nostalgiyası

Nə vaxtsa Şimali Koreyada sistem çöksə, çox güman orda da keçmiş üçün darıxan nə qədər adam tapılacaq. Hərçənd Şimali Koreyada sistemin çökməsini və orada adamların sistem çökəndən sonra hansı vəziyyətə düşəcəklərini, necə dəhşətli reallıqla qarşılaşacaqlarını təsəvvür etmək olduqca çətindir.

Seymur Baycan
Seymur Baycan

Sovet hökümətinin dağılmasından nə qədər vaxt keçsə də, Sovet dövrünə qarşı nostalgiya hələ də davam etməkdədir, bəzən bu nostalgiyanın artmasının şahidi oluruq. Hətta Sovet hökümətini görməyənlərin arasında belə Sovet hökümətini arzulayanlara rast gəlinir.

Niyə belədir? Bu sualı xarici ölkə vətəndaşlarından dəfələrlə eşitmişəm.

Hörmətli publisistimiz Hüseynbala Səlimov yaxınlarda yazdığı “Biz azərbaycanlılar hansı quruluşda yaşayırıq?” adlı məqaləsində bu mövzuya toxunmuşdu: “Sovetlərlə müasir Azərbaycan arasında müəyyən doğmalıq və yaxınlıq var – sovetlər totalitar quruluş idisə, bu da çox sərt avtoritar ölkədir. Üstəlik, indi Azərbaycanı da idarə edənlər əski kommunistlərdir. Onlarınsa başqa təcrübəsi yoxdur, belə görüblər və belə idarə etməyi bacarırlar. Həm də belə sərf edir, çünki hakimiyyətdə əbədilik qalmaq iddiasındadırlar, bu isə hamının susdurulmasını tələb edir. Ona görə də keçmiş sovetlərin ideoloji maşınının təcrübəsindən bir daha yararlanmaq istəyirlər. Onlara jurnalistika və əsl jurnalist lazım deyil, elə rəsmi bülletenləri səlis dildə oxuyanlar da bəs edir...

Ümumiyyətlə, Sovet dövrlərinə münasibət xüsusi mövzudur. Bəli, bunu bir yazı ilə çözmək qeyri-mümkündür. Bir çox hallarda bu məsələdə bir ictimai nostalgiya əlamətləri də duyulur.

Ən ağrılısı da budur ki, nəinki idarə edənlər başqa cür bacarmır, bəzən elə idarə olunanlar da başqa itaət formasını, dövlətlə və ya hakimiyyətlə əməkdaşlığın fərqli üsulunu tanımırlar.

Ona görə də sadalananların günahı yalnız hakimiyyət mənsublarının siyasi keçmişində də deyildir. Amma bütün hallarda onların təqsirləri böyükdür.

Normal cəmiyyətin, normal iqtisadiyyatın, normal və hüquqi dövlətin yaranmasına imkan vermədilər və nəticədə insanlar müstəqil olmağın, bəli, həm fərd, həm bir cəmiyyət, həm də dövlət kimi müstəqil olmağın üstünlüklərini görmədilər. O səbəbdən də nəsil dəyişməsi prosesi az qala son mərhələsində olsa da, o dövrü görənlərin sayı ilbəil azalsa da, yenə də nostalgiya səngimir...”

Doğrudanmı Sovet dövründə insanlar yaxşı yaşayırdılar? Adamların Sovet nostalgiyasını bütövlükdə keçmişə heyranlıq adlandırmaq nə dərəcədə düzgündür? “Sovet nostalgiyası niyə bitmir” sualına səhv və ya düz bəndənizin cavabları var, amma yazının daha canlı, əhatəli, obyektiv alınması üçün cavablarımı özümdə saxlayaraq “Azərbaycanda Sovet nostalgiyası niyə bitmir” sualı ilə müxtəlif sahələrə aid bir neçə adama müraciət etməyi daha münasib bildim.

Əli İsa Cabbarlı.
Əli İsa Cabbarlı.

Rejissor Əli İsa Cabbarov: “Stabillik insan psixologiyasi üçün komfortlu rejimdi. Sovet dövründə insanlar addımlarını planlaya bilirdilər, karyera qururdular. Psixoloji cəhətdən insana stabil quldarlıq, qeyri-stabil azadlıqdan daha rahatdır. Sovet dövründə sosial liftlər indiki Azərbaycana nisbətdə daha işlək idi, kolxozçu, fəhlə depuat olurdu. Başqa tərəfdən SSRİ 250 milyondan artıq nəhəng bir bazar idi. Normal hekayə yazdın 10 milyonlarla oxucun var, həmçinin film, musiqi, kondisioner və Qubanın ağ alması… Bir də insanlar üçün identifikasiya vacibdir. İnsanlar fərd olaraq kiçik Qafqaz dövləti ilə identifikasiyadansa, böyük bir dövlətlə identifikasiyaya üstünlük verirlər. Türk dünyası, İslam dünyasının bir hissəsi söhbətləri də bu ehtiyacdan irəli gəlir.

Ucqar kənd sakini alim olur, İspaniyaya ezamiyyətə gedir və deyir ki, mən SSRİ-dənəm və hamı onu tanıyır, hətta hörmət edir. Azərbaycan deyəndə isə hələlik izah etməli olursan - "Eurovision", "Formula 1"… Bir də bu təkcə 70 illik SSRİ nostalgiyası deyil, 270 illik rusla birgə yaşamağın təzahürüdü. Müasir azəri mentallığı anqlosaks, hətta Anadolu mentallığı ilə çətinliklə uyuşur, amma melanxolik provaslav rusla dil tapa bilir.

Ən əsası isə müharibə, Qarabağ… SSRİ var idi, daxili müharibə yox idi, dağıldı, 20 ildir müharibə dayanmır. Və ən vacibi Kreml milyonlar xərcləyir ki, belə düşünən, Sovetin həsrətini çəkən insanlar olsun. SSRİ-nin bərpası bu və ya başqa formada planlarındadır. Ona görə burda qəribə nə var ki? Kütlə sadə kodlarla düşünür. Bir gün azad, ya qırx il qul dilemması ilə düşünmür. Bütün bunlarla yanaşı, SSRİ nostalgiyası ilə yaşayan insan mövzusu mənim üçün uzaqdır. Belə insanları tanımıram, belə insanlarla yaşamıram. Hardadır onlar? Hardadır SSRİ?”

Buna da bax: Seymur Baycan: 'Sovet niyə dağıldı?'

Dilqəm Əhməd.
Dilqəm Əhməd.

Yazıçı Dilqəm Əhməd: “Sovetlərin dağılması ərəfəsində Azərbaycanda ciddi siyasi proseslər başladı. Bir tərəfdən 1988-ci ildə Ermənistanda yaşayan azərbaycanlılar Azərbaycanın müxtəlif ərazilərinə köçürüldü, bizdəki ermənilər də Ermənistana köçürüldü. Ardınca Meydan hərəkatları başladı, onun ardınca isə Qarabağ və ətraf rayonlar işğal edildi. Yəni, Sovetlər dağılan kimi bizə ilk növbədə fəlakət gəldi. Müharibədə minlərlə insan öldü, bir milyona yaxın qaçqın və məcburi köçkün problemi yarandı, evsiz-eşiksiz, kasıb vətəndaşlar çoxaldı. İlk zərbəni burada almış olduq. Üstəlik Bakıdakı siyasi proseslər, yarıtmaz siyasətçilər, hökumət böhranları xalqı ciddi şəkildə pis vəziyyətdə qoydu. Xalqın səs verərək seçdiyi prezident bir gündə qəfil vəzifəsini qoyaraq doğulduğu kəndinə getdi, ordu içində hökumətə tabe olmayan qüvvələr ortaya çıxdı. Bütün bunları xalq müstəqilliyin bəhrəsi olaraq gördü.

Halbuki, Sovet vaxtı Qarabağ və ətraf rayonlar faktiki olaraq bizdə idi, insanlar bu və ya digər şəkildə dolanışıqlarını təmin edə bilirdilər. 15 ölkə daxilində istirahət edə bilirdilər.

Amma indi Sovet nostalgiyası yaşayanların iddia etdikləri kimi maddi yaşam lüks səviyyədə deyildi. Ərzaq növbələri İttifaq içərisində ciddi problem idi.

İnsanların Soveti axtarmalarının kültür tərəfləri də var. Məsələn, Azərbaycan musiqisi, incəsənəti, kinosu inkişaf etmişdi. Ölkədə kitab tirajı ən az 30 min idi. Bütün ucqar kəndlərdə kitabxana, xəstəxana var idi. Yəni o zaman incəsənəti təmsil edənlərə baxanda o dövrün daha inkişaf etdiyini düşünə bilərik. Bir növ səviyyə var idi.

Təəssüf ki, müstəqillik insanlarımızın gözlədiklərini vermədi. Səbəbləri çox saymaq olar, hələ ki ağlıma gələnlər bunlardır”.

Ülvi İsmayıl
Ülvi İsmayıl

Tarixçi Ülvi İsmayıl: “Birincisi, o nəsil ki, Sovet vaxtı yaşayıb, indi qocalır, (ən cavanı elə bizik) Sovetdə keçən günlərini bir nostalgiya kimi yada salır. İnsanlar Sovetin mənfi tərəflərini (məsələn, Eldar Ryazanovun filmlərinə baxmaqla görmək olar) unudur, ancaq xoş xatirələrini xatırlayır. Nəzərə almaq lazımdır ki, o vaxt Rusiyada baş verənlər Azərbaycanda baş verənlərin yanında cənnət sayılardı.

Sovet dövründə hamı eyni cür geyinərdi. Rüşvətxor da, qənaətlə yaşayan sən də eyni cinsi alırdın və illərlə geyinirdin. Malların keyfiyyəti də indikinə baxanda qat-qat yüksək idi, amma bu artıq kapitalizmin inkişafı ilə bağlıdır.

Digər tərəfdən isə millətlərə, müxtəlif təbəqə və siniflərə Moskvanın gözağartma qorxusu var idi. Dövlət əmlakını mənimsəməyə görə güllələnmə hökmü vardı. Yəni oğurlayan da həddini bilirdi, sərvətini gizlətməyə çalışırdı. O sərvət əlbəttə indiki miqyasda deyildi. Ən yaxşı halda geniş mənzili vardı, bir maşını. Əsas investisiya ya rublda saxlanılırdı, ya da brilyantda. İndi nə baş verir? Əgər siyasi səbəb olmasa rüşvətə, oğurluğa görə heç kimi tutmurlar. Təhsilə qiymət də öz işini görürdü. Sovet zamanında saxta diplom və aşağı səviyyəli təhsil yox idi. 1960-cı illərin sonuna kimi Universitetdə yaxşı oxumasaydın, dünyasında sənə diplom verməzdilər. Diplomun və yaxşı qiymətlərin olmasa da, vəzifən olmazdı. Yəni oğurlayan da savadlı və bəzi hallarda mədəni adam idi.

Fərqlər göz önündədir. İndikilər həddən ziyadə oxumamış və savadsızdılar. Oğurluğu və idarəetməni də savadsız şəkildə, barbarcasına edirlər. Heç bir qorxusu yoxdur. İndi o nəsil, içi biz də daxil olmaqla, necə o dövrü ilahiləşdirməyək? Həqiqət müqayisədə ortaya çıxır. Sovet dövrü pis ola bilərdi, amma indiki ilə müqayisədə cənnət idi. Bunu Soveti görən amerikalılar da deyir. Hələ mən əhalinin bir müddət işlədikdən sonra pis-yaxşı mənzillə pulsuz təmin olunmasını demirəm. İndiki gənc ailə o maaşla necə ev alsın? Alsa da, it dərəsində. Amma Sovet vaxtında metronun yanında tikilirdi evlər. Evləri Yasamal, Əhmədli kimi yerlərdə olsa da, işə gəlib-gedə bilirdi. İndi isə ən yaxşı halda Masazırda 30 illik ipotekaya ev alan ailə necə olsun? Müqayisə ediləsi şeylər çoxdur”.

Buna da bax: S. Baycan: 'Niyə Sovet İmperiyasının çöküşü ədəbiyyatımızda əks olunmadı?'

Rasim Qaraca
Rasim Qaraca

Şair Rasim Qaraca: “İlk növbədə nəzərə almaq lazımdır ki, Sovet ideologiyası dahi Karl Marksın nəzəriyyəsinə əsaslanırdı, öz dövrünə görə mütərəqqi və inqilabi nəzəriyyə idi. Bu ideologiyanın meydana gətirdiyi bütün pozitivlər konstitusiyada öz əksini tapmışdı və imperiya dağılana qədər əsaslı şəkildə qüvvədəydi. Pulsuz təhsil və səhiyyə, iş imkanları, gələcəyin təminat altında olması və s. insanların nostalgiya bəslədikləri cəhətlər bunlardır. Keşkə stalinizm, müharibə, planlı iqtisadiyyat və s. bu kimi dağıdıcı ünsürlər olmasaydı. Ağıllı idarəetməylə bəşər tarixində misli görünməmiş ideal bir cəmiyyət qurmaq olardı. Lakin ilk başlarda zorla kolxozlaşdırma, xalq düşməni axtarmaq kampaniyası, repressiyalar çoxlu neqativləri meydana gətirdi. Üstəlik Stalinin despotik xarakteri bütün gözəl ideyaların üzərinə kölgə saldı, insanlar qorxuyla idarə edilməyə başladı.

Əlbəttə ki, bizi bu məsələnin özümüzə aid olan tərəfi maraqlandırmalıdır. Dünənə qədər köçəri-tərəkəmə həyatı yaşayan Azərbaycanın birdən-birə respublika olması və dünyanın ən dəbdə olan idealına tabe tutulması ancaq cərrah bıçağıyla mümkün ola bilərdi. Bütün hallarda bu əməliyyat baş tutmuşdu və biz Sovetin bütün ağır imtahanlarından keçib bu günlərədək gəlmişik. Hesab edirəm ki, sovetşünaslıq ayrıca bir elm kimi öyrənilməlidir. Müstəqillik illərində zorən salınmış olduğumuz həyat tərzindən, hələ köhnə yaralar tam sağalmadan, zorən də ayrılmalı olmuşuq. İnsanların alışmış olduqları həyat tərzinə nostalgiya duymaları təbiidir.

Hətta o həyat pis də olsa, indiki yaşlı və orta yaşlı insanların gənclik illəri o dövrdə keçib, - bu nostalgiya daha çox geridə qalmış gənclik illərinə görədir məncə.

Düşüncəmə görə, biz millət olaraq marksizm təcrübəsini yaşadığımıza görə qürur duymalıyıq. Bu təcrübə qiymətlidir, o nə Güneyli soydaşlarımızda, nə də Türkiyədə var. Azərbaycan təməlli olaraq Şərqdən qoparaq bir Avropa ölkəsi statusu qazanıb. Düzgün idaretməylə və ağıllı siyasətlə biz bu statusu qoruyub möhkəmləndirməliyik.

Mənim gəncliyim Sovetin durğunluq illərinə təsadüf edib. Xüsusən əyalətlərdə Sovetin çox eybəcər şəkilləri olub. İnsanlar acgöz və tamarzı olublar, xaricdən gələn ən adi əşya və ya avadanlıq az qala müqəddəsləşdirilib. İndinin özünə qədər keçmiş Sovet ailələrində servantda ikona kimi toxunulmaz duran Madonna servisi, müxtəlif qab-qacaq görə bilərsiniz. Xaricdən gələn adi sabun və ya şampun qızlara cehiz verilərdi. Sovet insanının mal-əşya düşkünlüyü xəstəlik dərəcəsindəydi. Sovet istehsalı olan bir rəngli televizora insanlar 5-6 aylıq maaşını verərdi. İnsanlarımızın nə üçün oğru olduğunu mən Sovet dövündəki qıtlıqla izah edirəm. Hətta müharibə gedə-gedə boşalmış kənd və qəsəbələrdən televizor, soyuducu daşımaq dərəcədə gözüqara oğru idi insanlarımız. Əlbəttə, istisnalar var, ancaq genəl olaraq belə idi, Sovet quruluşu insanlarımızın əxlaqını pozmuşdu. Sovetin son dövrləri mənəvi çöküş illəriydi və bu çöküşə duruş gətirə bilən çox az adam var idi...“

Buna da bax: Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə: “Sovet quruluşu ülvi bir təməl üzərində qurulmuşdu. Mülkiyyət və sərvət heç kəsə imtiyaz verə bilməzdi. İşləməyən dişləməz. Tüfeyli yaşamaq qanunla yasaqdır. Cəmiyyət hər bir insanın təməl ehtiyaclarını ödəməlidir, əgər o, işləyirsə. Yaxşı fikir və niyyət idi. Bu arzu ilə İsa Məsih də, Nizami Gəncəvi də yaşamışdılar. Fəqət hər hansı ictimai layihəni insanlar həyata keçirir. İnsanların əksəriyyətinin MƏDƏNİYYƏTİ yox dərəcəsindədir. Əvəzində ibtidai və yırtıcı instinktlərlə idarə olunurlar. Nəticə? Ədalətli Sovet quruluşu gəlib hara çatdı? 1988-ci ilə qədər azərbaycanlıların mütləq əksəriyyəti SSRİ-yə, “gerçək sosializm” üsul-idarəsinə və Rusiyaya sözsüz itaət edirdi. Demirəm, “sadiq idi”, çünki bu məkanda və bu toplumda sədaqət məfhumuna yer yoxdur. Quruluş həqiqətən çürüyürdü, korrupsiya, ədalətsizlik və riyakarlıq cəmiyyətin əksər hüceyrələrinə sirayət etmişdi, partiya və dövlət cihazı kölgə iqtisadiyyatı ilə sıx çulğalaşıb qeyri-rəsmi izdivaca girmişdi. Fəqət əhali bütün bunlara rəğmən öz fitri şəraitə uyğunlaşmaq qabiliyyəti sayəsində bütün bu eybəcərliklərlə nəinki barışırdı, hətta öz həyatını elə qururdu ki, məhz belə əyri şəraitdə uğur qazansın və yüksəlsin, zəngin yaşasın və törəsin.

Dediklərimin düzgünlüyünü yoxlamaq üçün azərbaycanlıların indi qurulmuş müstəqil dövlətə necə rahat uyğunlaşdıqlarını xatırlayın. Zira Sovet Azərbaycanı ilə müstəqil Azərbaycan, AKP ilə YAP arasında mahiyyət etibarilə böyük fərq yoxdur.

Sovet dövründə də əksər azərbaycanlıların amalı quruluşu islah etmək, dəyişmək və daha ədalətli bir cəmiyyət qurmaq deyil, şəraitə uyğunlaşıb maddi qazanc əldə etmək idi. Bu qayə xırda burjua təfəkkür tərzinə, mənəviyyatına və davranışına xas olan təzahürdür və fransız ədəbiyyatında onun rəmzi BalzakınStendalın əsərlərinin surətləridirsə, bizim ədəbiyyatımızda bu rolu oynamaq əsla islahatçı və ya inqilabçı olmayan Hacı Qara, Məşədi İbad və Rüstəm bəy kimi bədii surətlərin üzərinə düşür.

Üzeyir bəy Hacıbəyov yalnız klassik müsiqimizin deyil, həm də siyasi ədəbiyyat janrımızın banisidir, zira milli azadlıq hərəkatının səviyyəsi və qəhrəmanlarının mahiyyəti “O olmasın, bu olsun” komediyasının cızdığı xətdən kənara çıxmadı. Habelə xalq hərəkatı zamanı “xalqın oğulları” Mirzə Cəlil Məmmədquluzadənin qəhrəmanlarını canlandırdılar. Siyasi səhnəmiz əksəriyyətin sitayiş etdiyi Şeyx Nəsrullahı və onun ətrafındakı “kollektiv” Şeyx Əhmədi də gördü.

Açıq söyləmək lazımdır ki, Azərbaycan sosializminin özünəməxsus eybəcərlikləri var idi. Məntiqi düşüncənin davamı kimi onu da etiraf etməliyik ki, bizim kapitalizmin eybəcərliklərinin də mənbəyi elə bizim eybəcər “milli” özəlliklərdir.

Sol ideyalara gəldikdə, sosial-demokratiya XX əsrin əvvəlində neft Bakısında Ümumrusiya partiyası olan “Rusiya sosial-demokrat fəhlə partiyası”nın yerli özəkləri, o cümlədən onun milli qiyafəli müttəfiqi olan “Hümmət”in təşkili ilə həyata vəsiqə almışdı. Sol ideyaların təsiri altında Azərbaycanın bir sıra görkəmli ictimai-siyasi xadimi fəaliyyət göstərmiş, yazıb yaratmışdı. Eyni dövrdə müstəmləkəyə çevrilmiş və imperialist Qərbin zorakılığına məruz qalmış əksər Şərq ölkələrində - Mərakeşdən tutmuş Çinə qədər - məzlum kütlələrin sığındığı milli partiya və ideologiyalar Azərbaycanda da meydana gəlmiş və bu ideologiyaların daşıyıcıları qarşılarına ilk əvvəl ölkənin Rusiya dövləti çərçivəsində federal subyekt statusu qazanmasını bir məqsəd kimi qoymuşdular. İlk dövrlərdə sosial və milli azadlıqlar bir-birindən fərqli məfhumlar kimi qavranmamışlar, fəqət siyasi hakimiyyət məsələsi gerçək ehtimala çevriləndən sonra onların arasında ziddiyyət dərinləşmiş və onları əks qütblərə çəkmişdir. Azərbaycan Cümhuriyyəti dövründə millətçi partiyalar sinifləşmənin zəif olduğu mühitdə daha geniş kütlənin rəğbətinə söykənsələr də, bolşeviklərin Rusiyada qələbəsi və Azərbaycanın təkrar işğalından sonra sollar sanki hakimiyyətə gəldi. Əslində unitar Rusiyanın sıravi əyalətinə çevrilmiş müttəfiq respublikalar ümumən SSRİ-nin yaşadığı bütün dəyişikliklərə məruz qaldılar. Partiya nomenklaturasının Sov.İKP-ni dövlətləşdirib hakimiyyəti öz konstitusion mülkiyyətinə çevirdiyi dövrdə Azərbaycan Kommunist partiyası da (AKP) sırf bürokratik dövlət idarəsinə çevrilmişdivə artıq kütlə ilə siyasi üsullarla işləməkdən çəkinib onunla münasibətində yalnız inzibati cəbr üsullarına üstünlük verirdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bütün tanınmış millətçi-demokrat xadimlər, cüzi istisnalarla, siyasi səhnədən və bir çox hallarda həyatdan silindilər. Bununla belə, rəsmi qadağalara baxmayaraq, dar elmi və ədəbi dairələrdə onların xatirəsi yaşayır və gizlincə yad edilirdi.

Bütün SSRİ-də olduğu kimi, əqidəli kommunistlər Azərbaycanda da repressiyaya məruz qalırdılar. “Real sosializm” dövründə isə əqidəli kommunistlər rejimin düşməni hesab edilirdilər. Azərbaycanda da hakim zümrəyə seçim əks işarə ilə aparılırdı, bir qayda olaraq məsləksiz cığırdaşlar, yaltaqlar və rüşvətxorlar sürətlə yüksəlirdilər. Sovet dövrünün ikinci yarısı tənəzzül və çürümə illəri idi”.

Buna da bax: Kommunizmin yıxılması xoşbəxtlik gətirdimi?

Nərmin Kamal
Nərmin Kamal

Yazıçı Nərmin Kamal: “Bizim cəmiyyətdə bu nostalgiyanın tez-tez şahidi oluram. Azərbaycanın müstəqilliyini istəyən adamlarda belə, Sovet nostalgiyası var. Bunun səbəbi daha çox psixolojidir, amma obyektiv səbəb də var.

Obyektiv səbəbdən başlayım. Əgər Sovet dağılandan sonra biz Estoniya kimi bir dövlət qura bilsəydik, bu dərəcədə nostalgiya da olmazdı. İnanmaram ki, Baltikyanı ölkələrdə bizdəki qədər Sovet nostalgiyası olsun. Olsa-olsa, bu, özünü Sovet üslubunda qlamur kafelərlə göstərir. Sovetin dağılmasıyla bizdə çoxları gündəlik həyatda yağışdan çıxıb yağmura düşdü. Sovet dövləti son illərində kasadlığa, aclığa gedirdi, talon bunun əvvəliydi, davam etsəydi, güclü aclıq olacaqdı, necə ki, 1932-33-cü illərdə kütləvi aclıq olmuşdu, milyonlarla insan ölmüşdü. Buna bamayaraq, Sovet dövlətində insan həyatı üçün, insanın başını saxlaması üçün məsuliyyətin fərdin üzərinə deyil, dövlətin üzərinə düşməsi prinsipi adamların yadında rahatlıq, asudəlik kimi qalıb. Məhz prinsipi. Əslində isə o vaxt da indiki el diliylə desək, bacaran adamlar və bacarmayanlar var idi, qalanı "Heyvanıstan" (G.O.) kitabında olduğu kimi yaşayırdı.

Hər halda Sovet nostalgiyasının psixoloji səbəbləri daha güclüdür. Birincisi, insanlar Sovet dövləti üçün deyil, öz keçmişləri, özlərinin və ailələrinin uşaqlıq, gənclik illəri üçün darıxırlar, onların uşaqlığı, gəncliyi Sovet quruluşuna yox, başqa bir quruluşa düşsəydi, həmin o quruluş üçün darıxacaqdılar. İnsanda həmişə "itirilmiş cənnət" hissi var. İkinci, psixoloji səbəb o ola bilər ki, adamlar o vaxt özlərini hamıyla vəhdətdə, böyük bir işin içində hiss edirdilər. ORT-nin 9 may günü verdiyi konsertlərdəki əhval-ruhiyyəni yada salaq. Cürbəcür ölkələrdəki minlərlə kiçik insan özünü eyni bir ailənin üzvü kimi hiss edirdi. Uşaqlar kollektiv oyunlar oynayanda özlərini necə həvəsli hiss edirlərsə, o da böyüklərin ortaq oyunu idi... Utopiyanın yeganə yaxşı cəhəti də elə budur, insana xas olan tənhalıq kimi ekzistensial qüssələri aradan qaldırması”.

Gündüz Ağayev
Gündüz Ağayev

Rəssam Gündüz Ağayev: “Ümumiyyətlə, “nostalgiya ilə yaşamaq insanın təbiətində var” deməklə bir çox əsaslı səbəblərin üstündən xətt çəkmiş olarıq. Zarafat deyil, dünyaya misli görünməmiş səs salacaq yeni baxış, yeni ideya yaranır və bunu böyük bir imperiyada həyata keçirirlər. Dünənki nökər Novruzəli bu gün olur proletar.

Övladları isə onun kimi nökər deyil, yeni quruluşun bəxş etdiyi təhsili alaraq alim, mühəndis, memar, bəstəkar, yazıçı, şair olur. Onların övladları da həmçinin. Görün necə müsbətə doğru kontras keçid olub. Hələ üstəlik quruluşun gözqamaşdırıcı uğuruna həsr olunan nə qədər kino, ədəbiyyat, musiqi, rəsm, əsərləri ortaya çıxdı. Bunların demək olar ki, 70-80 faizi səmimi, sevgi ilə yaranırdı. Əlbəttə, bütün bu olanlar yuxu deyil, reallıq idi.

Çünki Sovet vətəndaşının keçmişi dəhşətli dərəcədə miskin, kədərli, ağır olub. Sovet vətəndaşı sanki cəhənnəmin alovundan qopub yeni bir dünyaya düşmüşdü. Elə mənfi tərəfi də burdan başlayır. Çünki qapalı "gözəl dünyada" yaşayan proletar kənarda nə baş verdiyindən xəbəri olmur, fikirləri daha da qətiləşir, inanır, güvənir, yeni nəsil yaradır. Sistem insanların etibarını o qədər qazanmışdı ki, istədiyi fikri, ona sərf edən xəbəri cəmiyyətə asanlıqla həzm etdirirə bilirdi. Əlbəttə, bunun sonu faciə ilə bitməli idi və bitdi də.

Sərhədlər açıldı, Sovet insanı üçün azadlığın səmimiyyəti yad, vahiməli göründü. Bir çox adamın başına hava gəldi, dinçi olan kim, millətçi olan kim. Həqiqətən dərindən fikirləşəndə dəhşətli hadisələrin şahidi olduq. Mənə elə gəlir bu sonuncu nəsil bitdikdən sonra belə bu tarixi dövr daha çox əfsanəyə çevriləcək”.

Firudin Allahverdi
Firudin Allahverdi

Bəstəkar Firudin Allahverdi: “Dağılmış Sovetlər Birliyi barədə nostalgiya keçirənləri təxminən belə qruplaşdıra bilərik:

1-ci və ən böyük qrup banal nostalgiyaçılardı. Onlar sadəcə uşaqlıq və gənclik dövrləri barədə nostalgiya ilə məşğuldular ki, bunun da çox sadə səbəbi o yaşlarda insanların bir çox qayğılarını başqaları çəkməsidi. Sonra isə müxtəlif səbəblərdən həyat çətinləşir və insan qayğısının çəkildiyi dövr üçün darıxır.

2-ci qrupa Sovet oliqarxlarının yaxınlarını və onların nəsillərini aid etmək olar ki, onların da sayı əslində azdı. Sovet quruluşunun müxtəlif sahələrində fəaliyyət göstərərkən varlı və ehtiyacsız həyat sürmüşdülər, sonra isə yeni quruluşla ayaqlaşa bilməyiblər və indi o dövr üçün xiffət edirlər.

3-cü qrup siyasi əqidələrinə görə bu nostalgiyanı çəkənlərdi. Bunların da sayı az olar. Əsasən yaşlı, səmimi kommunistlərdi. Onlardan əvvəlki nəsillər Çar Rusiyası zamanı çəkdikləri əzablar barədə bunlara müfəssəl və canlı məlumatlar vermişdilər, beləliklə onların feodalizm və sovet quruluşu arasında müqayisə imkanları olmuşdu.

4-cü qrup bir az xüsusidi. Onlar SSRİ-dəki həyatı görməyənlər, o həyatda yaşamayanlardır ki, əslində onları nostalgiyaçılar yox, təəssüf edənlər adlandırmaq daha doğru olar. Onların bəziləri SSRİ-də nə olub-bitdiyini dəqiq bilməyən, sadəcə 1970-80- ci illər Bakısından çəkilmiş tək-tük orta səviyyəlli fotolara görə o dövrün nostalgiyasını çəkənlərdi. Digərləri isə Sovet quruluşu ilə ideoloji mənada razı olduqlarını deyir. Onlar əsasən XIX-XX əsrin ilk yarısında yazılmış kitablara görə bu qənaətlərə gəliblər. O dövrün ab-havasına uyğun olaraq "sosial bərabərlik" kimi təqdim olunan sistemin repressiv üsullarla bərqərar olunması və s. kimi ideyaları dəstəkləyirlər”.

Yekunfason nəticə

İnsanlarımızın çoxu Sovetlərdə baş verən hadisələrdən xəbərsizdilər. Təsəvvür edin, Sovet insanı iyirmici əsrin ən böyük hadisəsinin, İkinci Dünya müharibəsinin nə vaxt başlamasından xəbərsiz qalıb. Günü bu gün də bir çox adamlar hələ də elə bilirlər ki, İkinci Dünya müharibəsi 41-ci ildə başlayıb. Bu, sadəcə dəhşətdir. Yaşlı nəslin xeyli nümayəndəsi hələ də sovet dövründə yazılmış kitablara istinad edərək, hələ də sovet təbliğatının təsiri altında fikir söyləməkdədirlər. Alternativ mənbələrdən xəbərləri yoxdu.

Bu gün müstəqil Azərbaycanda həm mədəni, həm də siyasi sferada vəzifədə olan adamların çoxu Sovet zamanında vəzifədə olmuş, Sovet zamanında yetişmiş insanlardır. Onlar həm fərd, həm də komanda olaraq sovet dövrünə həqiqi qiymətin verilməsində maraqli deyillər. Ona görə də Sovet zamanı baş vermiş hadisələrin çoxu həqiqi qiymətini almayıb. Çünki Sovet zamanı baş vermiş bir cox hadisələr həqiqi qiymətini alsa bu gün mövcud olan hakimiyyətin bir çox eybəcər tərəfləri asanlıqla üzə çıxacaq.

Ümumilikdə isə, əlbəttə, keçmişi ilahiləşdirmək, keçmişə heyranlıq insana xas cəhətdir. Lakin keçmişə münasibətdə qarının meyar kimi götürülməsi, başqa bütün hadisələrin unudulması, qarından savayı başqa meyarın olmaması təəssüf doğurur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG