Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Kommunizmin yıxılması xoşbəxtlik gətirdimi?


«Berlin divarları» sökülür, 11 noyabr 1989
«Berlin divarları» sökülür, 11 noyabr 1989
«Berlin divarı»nın yıxılması və Avropada kommunizm kabusunun çəkilməsinin ardından çoxları demokratiya və bazar iqtisadiyyatıyla həyatlarının düzələcəyinə, daha azad və daha yaxşı yaşayacaqlarına ümid edirdilər.

Bəs bu ümidlər doğruldumu? İnsanlar nəyə ümid edirdilər, nə əldə etdilər?

«Pew» Tədqiqatlar Mərkəzinin keçmiş sosialist ölkələrində apardığı sorğuda məhz bu suallara cavab aranıb. Alınan nəticələr 1991-ci ildə - «Berlin divarı»nın yıxılmasından cəmi iki il sonra keçirilmiş sorğunun nəticələri ilə tutuşdurulub.

Sorğular 9 ölkədə - Ukrayna, Rusiya, Litva, Bolqarıstan, Macarıstan, Slovakiya, Çexiya, Polşa və keçmiş Şərqi Almaniyada keçirilib.

Məlum olub ki, bu ölkələrdə demokratiya və bazar iqtisadiyyatına keçid ancaq yaşı 50-yə qədər olanların ürəyincədir, yaşı 50-dən çox olanlar isə daha az xoşbəxtdirlər.

Demokratiyaya keçiddən ən çox məmnun qalanlar çexlər, polyaklar və Şərqi Almaniyada yaşayanlardır. Demokratiyaya keçiddən peşman olanlar isə ruslar, bolqarlar və ukraynalılar.

Ukraynalılar ümumiyyətlə, demokratiya və bazar iqtisadiyyatına keçiddən çox peşmandırlar. Məsələn, 1991-ci ildə əhalinin 72 faizi demokratiyanı dəstəkləyirdisə, indi belələrinin sayı yarıbayarı azalıb - 30 faizə düşüb. 1991-ci ildə hər iki ukraynalıdan biri kapitalizmə keçidə sevinirdisə, indi ancaq hər üç ukraynalıdan biri bunu dəstəkləyir.

Moskvada müasir tarix parkında SSRİ gerbi, 8 aprel 2009
Ukraynalılara baxanda, rusların yarıdan çoxu demokratiyaya keçiddən məmnun qalıb, tən yarısı isə kapitalizmdən.

Amma Rusiyada 20 illik keçid dövrü millətçilik və imperializm əhval-ruhiyyəsini artırıb.

İndi rusların 54 faizi «Rusiya ancaq ruslar üçündür» devizini dəstəkləyir, 1991-ci ildə belələrinin sayı cəmi 26 faiz idi.

Rusların 58 faizi «SSRİ-nin dağılmasına heyifsilənir», 47 faizi «Rusiyanın imperiya olmasını təbii hal» sayır. Amma 1991-ci ildə, SSRİ-nin dağılmasından sonra üç rusdan ancaq biri belə danışırdı.

Ancaq Şərqi Avropada da sosializmin nostalgiyası ilə yaşayanların çoxluq təşkil etdiyi ölkələr var. Məsələn, Macarıstan. Orda rəyi soruşulanların 3/4-ü indi 20 il əvvəlkindən pis yaşadığını deyir, kapitalizmi dəstəkləyənlər isə 1991-ci ildəki 80 faizdən 46 faizə düşüb.
Ukraynalıların 62, rusların isə 45 faizi sovet vaxtı daha yaxşı yaşadıqlarını deyirlər.

Regionun bir çox ölkələrində 1991-ci illə müqayisədə dəyişən bir şey də var - indi bir çoxları etnik azlıqlara 20 il əvvəlkindən daha yaxşı münasibət bəsləyir.

9 dövlətin altısında yaşayanlar bu günün ən ağır problemi kimi korrupsiyanı göstərir, ancaq ruslar korrupsiyayla yanaşı, həm də narkotiklərdən çox narahatdırlar.
XS
SM
MD
LG