Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:34

'Normal ölkədə bu gənclər heykəl yazsaydı...'


Bayram Məmmədov. Siyasi karikatura.
Bayram Məmmədov. Siyasi karikatura.

“Normal ölkədə bu gəncləri uzağı xuliqanlıq üstündə tutub, 3 ay cəza verərdilər, bununla da məsələ qurtarardı və yaxud dərinə getsək, bunu da etməzdilər”

Dekabrın 8-də gənc fəal Bayram Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. O bu il mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunmuşdu. Məhkəmə Bayramdan daha öncə onunla bərabər şüar yazan Qiyas İbrahimovu da eyni şəkildə cəzalandırmışdı.

Buna da bax:​ ABŞ səfirliyinin Bayram Məmmədovun hökmünə reaksiyası

Demokratiya və insan hüquqları haqqında kitablar müəllifi professor Rəhman Bədəlov AzadlıqRadiosu-na müsahibəsində Bayram Məmmədovun həbsinə münasibətini bildirib.

Rəhman Bədəlov
Rəhman Bədəlov

– Hər şey o qədər aydındır ki, nə deyim? Bu, çox təəssüfləndirici, qanqaraldan, həm də çox təəccüblü faktdır. Deyə bilərəm ki, hakimiyyətin acizliyini göstərir. Heç nəyə dözümləri yoxdur. Qorxurlar. Buna görə də insanları qorxutmaq istəyirlər. Ancaq qoxuda bilməyəcəklər. Mən bunları deyə bilərəm... Məsələ bundadır ki, indiki böhran daha da dərinləşəcək. Aydındır ki, hakimiyyətdəkilər də dəyişə bilməyəcəklər. Bu həbs edilənlərsə nə birincilərdir, nə də axırıncılar. Bütün hakimiyyətlər bu cür durumlarda çalışırlar insanları qorxutsunlar. Qorxu da müəyyən mərhələyə qədərdir. Bu, çıxılmaz vəziyyətdir.

Buna da bax: Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]

– Kimin üçün çıxılmazdır?

– Təəssüf ki, bizim üçün də, onlar üçün də çıxılmaz vəziyyətdir. Mən anlayıram ki, bu gənclər bizim tariximizə düşəcəklər, amma onların konkret insan kimi taleyinə yanıram. İstəməzdim ki, onlarla o cür davransınlar. Normal ölkədə bu gəncləri uzağı xuliqanlıq üstündə tutub, 3 ay cəza verərdilər, bununla da məsələ qurtarardı. Və yaxud dərinə getsək, bunu da etməzdilər. Amma bunlar qorxurlar. Hakimiyyət sütunundan möhkəm yapışıblar, elə bilirlər bu sütun əbədidir, amma gec-tez, o sütun da dağılacaq.

Rəhman Bədəlov: 'Normal ölkə olsaydı bu gənclərə...'
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
Direct-ə keçid

– Professor, hakimiyyətin belə cəza yoluna əl atması nə dərəcədə səmərəlidir?

– Yox, səmərə vermir. Yenə deyirəm, onlar nə birinci, nə də axırıncıdırlar. Adi insan elə bilir ki, qorxu hər şeyi həll edir. Bizdə belə bir mif var ki, əlləri kəsdinsə, oğurluq da kəsilər. Heç vaxt qorxu çarə olmur. Qorxunun ömrü birinci döngəyə qədərdir. Qorxu altında saxlamaqla insanı yolundan döndərə bilməzsən, uzağı, xəstə edərsən. Amma sağlam adam dirənir. Mən qəhrəmanlıqdan danışmıram. Sadəcə deyirəm ki, normal insan zora, qorxuya müqavimət göstərir.

Buna da bax:​ Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi [video]

– Qiyas İbrahimov haqqında hökm çıxarılandan az sonra Gəncədə gənclər divara etiraz şüarları yazdılar...

– Bu, qaçılmazdır. Bir addım irəli, iki addım geri, beş addım irəli, iki addım geri. Bu şəkildə də gedəcək.

– Azərbaycan indi iqtisadi böhran dövründə yaşayır. Bir çoxları hakimiyyətin indən belə dəyişəcəyinə, yumşalacağına, islahatlara gedəcəyinə inanır, başqa çıxış yolu görmür. Necə bilirsiniz, belə cəzalardan sonra dəyişikliyə nə dərəcədə ümid bəsləmək olar?

– İllüziya - aldanış olmamalıdır. Söhbət hakimiyyətdən getmir. Azərbaycan elə bir vəziyyətdədir ki... Mən sonrakı hakimiyyətin çox ağır vəziyyətlə qarşılaşacağına inanıram. Bu dağıntı təkcə hakimiyyətin dağıntısı deyil, hər birimizin qafasındakı dağıntıdır. Biz bu dağıntını görmürük. Bizdə belə bir illüziya var ki, hakimiyyət dəyişəcək və hər şey düzələcək. Necə dəyişə bilər ki, bir-birimizə münasibətimiz pisdir, yaxşı işləməyi bacarmırıq, qürurumuz çatmır və s... Bizi çox çətin illər gözləyir. Özü də bir-iki il yox, 30 il, 50 il...

Buna da bax: Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

– Toplumun dəyişməsini, uğradığı mənəvi aşınmadan qurtulmasınımı deyirsiniz?

– Əlbəttə. Məşhur məsəldə deyildiyi kimi, Musa peyğəmbər yəhudiləri uzun yolla apardı, dedi ki, qısa yol yoxdur, uzun yol qət etməliyik. Biz də bilməliyik ki, qısa yol yoxdur. İnsanlar nə qədər tez dəyişsə, o qədər yaxşıdır. İnsan deyəndə mən elitar - seçkin, düşünən insanları nəzərdə tuturam. Anlamalıyıq ki, geriyə yol yoxdur. Uzun, çətin yola hazır olmalıyıq. Bəlkə də hədəf ilkin mərhələdə Avropa deyil, tutalım, Gürcüstan, Estoniyadır, Tunisdir. Amma biz bu yolu getməliyik...

XS
SM
MD
LG