Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 20:29

Gəncə pambıqəyirmə zavodunda 3 nəfər işləyir, yoxsa 200?


Pambıq emalı.
Pambıq emalı.

Özəlləşdirməyə ikinci dəfə çıxarılan bu sənaye müəssisəsi işçilərinin güzəştli şərtlə pay almaq hüququnun pozulduğu iddia olunur. Burada çalışan 200-ə yaxın işçidən cəmi 3 nəfərinin 807 min manatlıq əmlakı güzəştli şərtlə almaq hüququ tanınıb.

15 FAİZ PAY 3-CƏ NƏFƏRƏ

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK-nın) dekabrın 13-də keçirəcəyi açıq hərraca çıxarılan obyektlər arasında «Gəncə Pambıqəyirici» MMC də var. Bu barədə elanda göstərilir ki, müəssisənin 3 nəfər işçisi var və onlar 25 gün ərzində 807 min manat ödəməklə MMC-nin 15 faizinə pay hüququ ilə sahib ola bilərlər. Qanunvericiliyə görə, bu hüquq özəlləşdirilən müəssisədə 7 il və daha çox çalışmış işçilərə, eləcə də oradan təqaüdə çıxmış şəxslərə verilir.

MÜƏSSİSƏ İŞLƏYİR, MƏHSUL İXRAC EDİR

AzadlıqRadiosu məsələ ilə bağlı «Gəncə Pambıqəyirici» MMC-nin kadrlar şöbəsinə müraciət edib. Burada bildiriblər ki, 1993-cü ildə istifadəyə verilmiş zavodda hazırda 200-ə yaxın işçi çalışır. 2012-ci ildən «MKT İstehsalat Kommersiya» MMC-nin icarəsinə verilmiş zavod xam pambığı emal edir, alınan mahlıcdan növbəti mərhələdə iplik hazırlanır. Son məhsul həm də ölkə xaricinə satılır.

EKSPERT: «BUNUN ARXASINDA BAŞQA MƏQSƏDLƏR DURUR»

Gəncədə əmək kollektivi üzvlərinin hüquqlarının pozulduğuna diqqəti çəkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, belə hallar, adətən, obyekti «ünvanlı» satmaq məqsədilə edilir ki, sonradan müəssisədə pay hüququna az adam iddia etsin: «Görünür, bu ciddi qanun pozuntusunun arxasında obyekti rahat bir şəkildə kiməsə ötürmək məqsədi gizlənir».

İqtisadçı onu da deyib ki, istər texniki və maliyyə göstəriciləri, istərsə işçi sayı baxımından, «Gəncə Pambıqəyirici» MMC orta və iri müəssisə kateqoriyasına aid edilməli idi. Bu halda zavod kiçik müəssisə kimi hərrac yolu ilə deyil, səhmdar cəmiyyətinə çevrilməklə «Dövlət əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət Proqramı»nda nəzərdə tutulan başqa metodla özəlləşdiriləcəkdi.

AzadlıqRadiosu məsələyə münasibətini bildirməsi üçün ƏMDK-nın «Qaynar xətti»nə (193) və ictimaiyyətlə əlaqələr sektoruna üz tutsa da, suallarına cavab ala bilməyib.

«BAŞI DAŞDAN-DAŞA DƏYİB»

Xatırladaq ki, Gəncə pambıqəyirmə zavodu ilk dəfə 2000-ci illərin əvvəllərində səhmdar cəmiyyəti olaraq özəlləşdirməyə çıxarılmışdı. O zaman cəmiyyətin səhmlərinin 55 faizi açıq çek hərracında satılsa da, 2006-cı ildə özəlləşdirmənin nəticəsi ləğv edilmişdi. Xətai rayon Məhkəməsi əmlakın inventarizasiyasının başa çatdırılmamasını, yarımçıq aparılmasını ləğv qətnaməsinə əsas göstərmişdi. Bundan xəbər tutsalar da, səhm sahiblərinin çoxu məhrum olduğu səhmlərə görə dəymiş zərərin kompensasiyasını hələ də ala bilməyib – üstündən 10 il ötsə də.

Keçmiş səhmdarlardan birinin nümayəndəsi - Bəşir Bayramov deyir ki, kompensasiyanın alınması üçün müraciətinə 2 ay qabaq apellyasiya instansiyası baxıb: «İndi Əmlak Komitəsi Ali Məhkəməyə şikayət verməsə, yaxın vaxtlarda qərarın icraya yönəldiləcəyinə ümid edirəm».

Gəncə pambıqəyirmə zavodunun tarixçəsi ötən əsrin 90-cı illərinə gedib çıxır. O zaman Türkiyənin «Saka Korkmaz» şirkəti bu zavodda Avropada buraxılan 9 milyon dollar dəyərində avadanlıq quraşdırmışdı. Hökumət onun pulunu ödəmədiyindən iş beynəlxalq arbitraj məhkəməsinə qədər uzanmışdı. Nəticədə Azərbaycana məxsus yük gəmilərinə xarici limanlarda həbs qoyulmuşdu.

ƏVVƏL DAHA BAHA QİYMƏT QOYULMUŞDU

Maraqlıdır ki, 2003-cü ildə özəlləşdirilərkən, müəssisənin nizamnamə kapitalı 6.2 milyon manat, indi isə 5 milyon 380 min manat qiymətləndirilib. Bunun 85 faizi, yəni 4 milyon 573 min manatlıq hissəsi dekabrın 13-də keçirilməsi nəzərdə tutulan hərracda investorlara təklif olunub. İnvestor MMC-nin 3.4 hektar torpaq sahəsinə görə də 670 min manat ödəməlidir.

XS
SM
MD
LG