Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:30

Vəkilin qardaşı polisə çağrılıb


Elçin Sadıqov
Elçin Sadıqov

«Dünən, noyabrın 2-si Göygöl rayonunda qeydiyyatda olduğum evə polisdən bir nəfər gəlib. Mənim barəmdə ətraflı anket məlumatları toplamağa çalışıb».

Bunu AzadlıqRadiosuna vəkil Elçin Sadıqov bildirib.

Onun deməsinə görə, polis hətta övladlarının hansı bağçalara getdiyi ilə də maraqlanıb: «Qardaşım da deyib ki, bunu mənimlə məsləhətləşmədən sonra deyə bilər».

Vəkilin deməsinə görə, üstəlik, qardaşı Elvin Sadıqovdan noyabrın 3-də Göygöl rayon Polis Şöbəsinə gəlməsi istənilib: «Bunu mənə qardaşım Elvin Sadıqov bildirib. Bu gün qardaşımı polisə çağırıblar. Daha sonra polisin özü ilə də danışdım. Deyir, bizə sorğu gəlib, onun üçün ətraflı anket məlumatları lazımdır».

Noyabrın 2-də vəkil Elçin Sadıqov açıqlamışdı ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) hədələnib. Ardınca internet mediası üzərindən vəkillə bağlı şantaj məzmunlu xəbər, şəxsi ailə fotoları yayılmışdı.

E.Sadıqov tədbir görülməsindən ötrü daxili işlər nazirinə, baş prokurora və Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib.

Vəkilin açıqlamalarına, hələlik, nə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən, nə də Göygöl rayon Polis Şöbəsindən münasibət öyrənmək mümkün olub.

Dünən başqa bir tanınmış vəkil Fariz Namazlı da Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə çağırılıb. Ondan isə məhkəmə salonunda bir qadını vurması ilə bağlı şikayət var. F.Namazlı bildirir ki, əksinə, onun özü məhkəmə salonunda zorakılığa məruz qalıb.

Hər iki vəkil bir sıra jurnalistlərin, siyasi fəalların məhkəmələrdə hüquqlarını qoruyublar.

XS
SM
MD
LG