Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

'Qaz yoxdur, odun yoxdur, çilə də yoxdur. Vəziyyət pisdir'


Sığaloni kəndi. 12 yaşlı Aslan Bayramov ocaq qalayır
Sığaloni kəndi. 12 yaşlı Aslan Bayramov ocaq qalayır

Sığaloni kəndi rayon mərkəzinin 20-25 kilometrliyində, dağ ətəyində yerləşir. Astara rayonun 92 kəndindən biridir. Bu kəndə asfalt yolu yerli imkanlı sakinlər çəkib. Kənd sakinləri deyirlər ki, burda hökumət işıq yananda yada düşür. Sakinlərin deməsinə görə, əsas qaz kəməri kəndin ərazisindən keçsə də onlara qaz verilmir. Kənd sakinlərin əsas şikayətləri də elə təbii qazla bağlıdır.

Astaranın Sığaloni kəndi sakinləri: "Hökumət işıq yananda yadımıza düşür"

86 yaşlı Əliməmməd Cabbarovun dediyinə görə, kəndin min nəfərə yaxın əhalisi var. Yeganə istəkləri kəndin qazla təmin edilməsidir: “Əsas qazdır. Xüsusən seçki ərəfəsi gəlirlər-gedirlər, vəd verilər. Nəticə isə yoxdur. İş yox, pul yox. Kəndə vəziyyət çox pisdir. İş olsa, pul da olar”.

Buna da bax:​ Prezident qazın qiymətindən danışdı...

86 yaşlı Əliməmməd Cabbarov
86 yaşlı Əliməmməd Cabbarov

“Bütün işlər odunla görülür”

”Qonşu kənddə qaz var. Oradan bizim kəndə 700 metrdir. Bizə deyirlər ki, pul tapın, özünüz çəkin. Kəndə 4 nəfər imkanlı adam özlərinə qaz xətti çəkiblər"

Kənd evlərinin qarşısında yığılmış odun gözə dəyir. Hər evdə təndir var. Kənd sakini Tərlan Muradovun sözlərinə görə, qaz balonlarından istifadə olunmur. Çünki bahadır. Bütün işlər odunla görülür: ”Hər il söz verilər ki, təbii qaz olacaq. Sevinirik. Sevincimiz isə uzun çəkmir. Qış başlanır, yollarda gediş-gəliş çətinləşir. Bizi yaddan çıxardırlar. Ələ salırlar. İl ərzində ən azı hər təsərrüfata 4 maşın odun lazımdır. Bu min manata yaxın pul edir. Kəndə heç də hamı odun tədarük edə bilmir. İmkanı çatmır. Təbiətə də ziyandır. Meşə dağılır. Dağlar keçəlləşir. Nəticədə bulaqların gözü bağlanır. Biz də bulaq suyu ilə yaşayırıq. Kəndə baxan yoxdur. Seçki olur deyirlər gəlin səs verin, səsi veririk. Bilmirik kimə veririk. Baxan yoxdur”.

“Bu ölkədə qaz da, neft də çıxır”

Kəndin yeganə qazancı naringi məhsuludur. Mövsüm vaxtı onun da qiyməti aşağı düşür.

Kənd kitabxanası, klub, seçki məntəqəsi bir binada yerləşir. Kəndin mərkəzində yerləşən kiçik binanın üstündə “34 nömrəli seçki məntəqəsi” sözləri yazılıb. Onun yanında isə kənd mağazası yerləşir. Kənd sakini Mirvahab Dənziyevin sözlərinə görə, mağazaya gələnlər çox vaxtı ərzağı nisyə alırlar. Kəndin yeganə qazancı naringi məhsuludur. Mövsüm vaxtı onun da qiyməti aşağı düşür. Mirvahab Dənziyev deyir ki, çətinliklərə baxmayaraq yeganə arzuları evlərə qazın çəkilməsidir:

”Qonşu Siyəkü kəndində təbii qaz var. Oradan bizim kəndə qədər məsafə 700 metrdir. Bizə deyirlər ki, pul tapın, özünüz çəkin. Kəndə 4 nəfər imkanlı adam özlərinə qaz xətti çəkiblər. Sakinlərin əksəriyyəti kasıbdır, gündəlik çörəklərini çətinliklə tapırlar. Şikayət etmişik. Ölkə prezidentinə, onun həyat yoldaşı Mehriban Əliyevaya, qızına, Respublika prokuroruna, milli məclisə, hamısına yazmışıq. 2012-ci ildən yazıram. Hanı? Bu ölkədə qaz da, neft də çıxır. Onun xeyrini biz görmürük. Öz pulumuzla bizə qaz vermirlər. Düzdür, gəlirlər, baxırlar, söz verirlər, lakin tilsim sınmır. Sanki şeytanın tilsiminə düşmüşük. Biz də insanıq, biz də ölkənin vətəndaşıyıq. Sanki bizi yaddan çıxardıblar”.

Siğaloni kəndi (Astara), Qaz olmadığına görə hər iş odunla görülür. sent.2016
Siğaloni kəndi (Astara), Qaz olmadığına görə hər iş odunla görülür. sent.2016

Buna da bax:​ 22 ildə nə dəyişib?

Artıq neçə ildir ki, belədir. Nənəm isə burda qalır. Hər işi odunla görürük.

“Qaz olmadığına görə qışı Bakıya köçürük”

Kəndin mərkəzində yeni tikilmiş məscid kənardan diqqət çəkir.

Yoldan keçən iki uşaq bizə yaxınlaşır. Onlardan biri 12 yaşlı Aslan Bayramov qorxu içində yaşadığını deyir: ”Meşəyə oduna gedəndə qorxu keçirdirik. Bunun dərəsi var, sıldırım qayaları var. Ancaq məcburuq ki, odun gətirək. Maşın sürüşə bilər. Xüsusən qışda daha çətin olur. Qaz olmadığına görə qışı Bakıya köçürük. Artıq neçə ildir ki, belədir. Nənəm isə burda qalır. Hər işi odunla görürük. Gedək evimizə, baxın, necə çətinlik içində yaşayırıq”.

“Deyəsən biz qaz görməyəcəyik”

”Qaz yoxdur, odun yoxdur, təndiri qalamaq üçün çilə də yoxdur. Vəziyyət pisdir".

Bayramovlar ailəsi 8 nəfərdən ibarətdir. Aslanın 60 yaşlı nənəsi Balbacı Kərimova ocaq başında idi. O deyir ki, yeməyi də ocaqda hazırlayır. Digərlərindən fərqli olaraq yaşlı kənd sakini təbii qazdan əlini üzüb: ”Qaz yoxdur, odun yoxdur, təndiri qalamaq üçün çilə də yoxdur. Vəziyyət pisdir. Nəvələr məktəbə gedir. Səhər yeməyini verməkdə çətinlik çəkirəm. Sovet dövründə də qazsız idik, indi də belə. Deyəsən o günü biz görməyəcəyik. Dağın yuxarı hissəsində daha iki kənd var. Onlar da qazsızdır”.

Rayon Qaz İstismar Sahəsindən aldığımız məlumata görə Astara şəhərinə, iki qəsəbəyə və 34 kəndə təbii qaz verilir. Sğaloni kəndin ətrafında olan 7 kəndə qazın çəkilməsi 2014-cü ildə planlaşdırılıb. Yaxın vaxtlarda bu kəndlərə qaz xətti çəkiləcək.

XS
SM
MD
LG