Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:18

Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın


Ermənistanda 12-ci "Qızıl Ərik" kinofestivalı, 2015-ci il
Ermənistanda 12-ci "Qızıl Ərik" kinofestivalı, 2015-ci il

-

Kasıb Ermənistanın nüfuzlu kinofestivalı var, bəs Azərbaycanın

Keçən həftə rus saytlarında Ermənistanda Beynəlxalq “Qızıl Ərik” Kinofestivalının başladığı ilə bağlı xəbərlər yayımlandı. Xəbərlərdə festivalın məşhur qonaqları, nümayiş olunan erməni filmləri haqqına məlumat verilirdi.

Ölkəmizin neft bumu yaşadığı, uzun-uzun göydələnlərin, üstündən maşın nədi, heç velosiped də keçməyən körpülərin tikildiyi, yolların ildə bir neçə dəfə sökülüb təzədən salındığı, hər dəfəsinə də səxavətlə milyonlar sərf olunduğu dövrdə maliyyə çatışmazlığı ucbatından bir-birinin ardınca fəaliyyətini dayandıran “Audiovizual”, “Şərq-Qərb”, “Start” fesitvallarını yada sala-sala gözdən keçirdiyim bu xəbərlər son vaxtlar diqqətimi çəkən başqa bir məqamı da xatırlatdı: yerli saytlarda Azərbaycan kinosu ilə bağlı gedən məqalələrdə, müsahibələrdə kinomuzun erməni kinosu ilə müqayisə edilməyə başlandığını. Əvvəllər belə şeyə rast gəlməzdik. Bu vaxta qədər milli kinomuz gürcü, rus, Orta Asiya kinematoqrafiyaları ilə müqayisə olunmuşdu, amma erməni kinosu ilə yox. Ən maraqlı və təəssüf doğuran hal isə odur ki, bu müqayisədə Azərbaycan kinematoqrafiyası uduzur. Niyə? Kann kimi A kateqoriyalı festivallarda hər il “palatka” quran biz, böyük-böyük kinolayihələrdən danışan biz, amma dünya erməni filmlərinə baxır. Üstəlik nəzərə alaq ki, o filmlərin, demək olar ki, hamısı, bu və ya digər şəkildə “soyqırım”ından, Qarabağ müharibəsindən bəhs eləyir.

Necə olur ki, Ermənistan kimi kasıb bir ölkə kino kimi bahalı bir industriyada ön plana çıxır, dünya tərəfindən tanınır və alqışlanır? Və Erməni kinosunun son illər qazandığı uğurlarda “Qızıl əriy”in nə qədər payı var?

Festivalın tarixinə nəzər salanda məlum olur ki, onun payı çoxdu, həm də lap çox...

"Qızıl Ərik" festivalının yaradıcısı rejissor Haurtyun Khachatryan.
"Qızıl Ərik" festivalının yaradıcısı rejissor Haurtyun Khachatryan.

Hər il iyul ayının ortalarında Yerevanda keçirilən Beynəlxalq “Qızıl Ərik” Kinofestivalı dokumentalist rejissor, operator, prodüser, ssenarist Harutyun Khachatryan, ssenarist Michael Stamboltsyan, kino tənqidçisi Susanna Arutyunyan və erməni mənşəli kanadalı rejissor Atom Egoyan tərəfindən təsis olunub.

Festival - “Mədəniyyət və sivilizasiyaların kəsişməsi” devizi altında keçirilir. Təsisçilərin dediklərinə görə, festivalın, Şərqlə Qərb arasında özünəməxsus körpü olmasını istədikləri üçün bu devizi seçiblər.

Əslində “Qızıl Ərik” festivalının çox maraqlı yaranma tarixi var. O, sərxoşkən verilmiş bir sözün nəticəsidi.

Festivalın ideya müəllifi, Avropa Kinoakademiyasının həqiqi üzvü, Şahzadə Klaus Fondu mükafatının (Niderland) laureatı və bir çox başqa beynəlxalq mükafatların sahibi, rejissor Harutyun Khachatryan bu barədə danışarkən: ““Dokumentalist” filmim Karlovı Varı festivalında mükafat almışdı. Bu münasibətlə orda ziyafət qurmuşduq, konyak içirdik, hamı mükafat aldığıma görə məni təbrik eləyirdi. Birdən Holland jurnalisti, kino tənqidçisi Piter Van Byuren “siz Ermənistandan gəlmisiz? Ora necə ölkədi ki, bir dənə də kino festivalı yoxdu?” deyə soruşdu. Mən bir az içmişdim, ona görə də yarızarafat, yarıgerçək onunla mübahisə eləməyə başladım. İyun ayı idi. Qəflətən üzümü məclis iştirkaçılarına tutub “hamınızı gələn il iyul ayında Yerevana festivala dəvət eləyirəm”: - dedim” söyləyir.

Deyir və ordaca unudur. Ta ki, növbəti ilin yanvar ayında praktik, işgüzar avropalılar ona xatırladana qədər: “Biz gəlməyə hazırlaşırıq, amma hələ rəsmi dəvətnamə almamışıq. Niyə?”

“Əslində bizim festival təşkil eləmək fikrimiz vardı, amma bir-iki ildən sonra. Qürur bizi onu tezləşdirməyə məcbur elədi. Özümüzə “gəlin başlayaq” demək üçün bəhanə yarandı” – Khachatryan bir müsahibəsində deyir.

Təbii ki, bu, əhvalatın lətifəsidi. “Qızıl Ərik” festivalı erməni kinosu üçün son dərəcə çətin bir zamanda onu dirçəltmək məqsədilə yaradılıb. 2000-ci illərin əvvəllərində

"Qızıl Ərik" festivalı hər il Yerevanda sovet dövründə tikilmiş "Moskva" kinoteatrında keçirilir.
"Qızıl Ərik" festivalı hər il Yerevanda sovet dövründə tikilmiş "Moskva" kinoteatrında keçirilir.

Yerevanda kinostudiya satılmış, bütün avadanlıq yararsız hala gəlmiş, kinoteatrlar bağlanmışdı. Təəssübkeş kinematoqrafçılar isə yerli kinematoqrafiyanı dirçəltməyin yollarını axtarırdılar: “Nəticədə festivaldan başlamaq, ölkəyə həqiqətən yaxşı filmlər gətirmək, ustad dərsləri keçirmək, insanlarda kinoya maraq oyatmaq, auditoriya toplamaq, müzakirə eləmək, sonra məktəb yaratmaq, erməni kinosunu xaricə çıxartmaq qərarına gəldik və düşündüklərimizin hamısını həyata keçirdik” – deyir rejissor.

Amma bütün bunları başlamaq, hətta ilk addımı atmaqdan ötrü maliyyə lazım idi. Təsisçilər də elə bundan başlayırlar.

Birinci il festival üçün gərəkli olan vəsait dost-tanışdan toplanır. Biri iştirakçılar üçün ziyafət verir, biri beş qonağın biletini alır, biri qonaqlar üçün portfellər hazırlayır, biri də filmlərin nümayişi üçün məkan tapır və kirəsini ödəyir. Festivala cəmi 30 nəfər dəvət edilir və 25 film təqdim olunur. Tamaşaçısız. Çünki erməni tamaşaçısı erməni kinosunu unutmuşdu və heç kim kinoya getmirdi.

2010-cu ildə "Qızıl Ərik" film festivalının mükafatlarının təqdimetmə mərasimi.
2010-cu ildə "Qızıl Ərik" film festivalının mükafatlarının təqdimetmə mərasimi.

Birincisi 2004-cü il 30 iyun - 4 iyul arasında baş tutan və yalnız erməni filmlərinin iştirak etdiyi “Qızıl Ərik festivalı” bir il sonra beynəlxalq statusu qazanır və o vaxtdan hər il keçirilir. Festivalın açılış mərasimi artıq ciddi kinoayinə çevrilib: əriyin kilsədə müqəddəs suya salınması ilə başlayır. (Ermənilər latınca “prunus armeniaca” –“erməni meyvəsi” adlanan bu məhsulu Ermənistanın simvolu hesab eləyirlər).

2011-ci ilə qədər festival üç əsas bölmədən ibarət olub – beynəlxalq sənədli və beynəlxalq bədii film müsabiqələri və “erməni panoramı” müsabiqəsi. 2011-ci ildə proqrama “ərik çərdəkləri” adlı daha bir müsabiqə əlavə olunub “ərik çərdəkləri”. Bu bölmədə qısametrajlı filmlər yarışırlar. Festivalın baş mükafatı “Qızıl Ərik” adlanır.

Əgər festivalın birinci rəmzi ərikdisə, ikincisi dahi rejissor Paracanovdu. (Ya da əksinə, sıralamanın fərqli yoxdu) Festivalın əsas mükafatlarının üzərinə onun filmlərindəki personajlar həkk olunub. Üstəlik Paracanovun adını daşıyan ayrıca mükafat da var. Gümüş qəpiklərdən ibarət olan, dahi rejissorun həbsdə ikən üzərlərinə rəsmlər çızdığı bu mükafat dünya kinosundakı xidmətləriylə fərqlənən kinematoqrafçılara təqdim edilir. Ərik kimi mükafatlar da kilsədə müqəddəs suya salınaraq xeyir dua alır.

Rotterdam və Pusan Beynəlxalq festivalları ilə qardaşlaşan “Qızıl Ərik” sadəcə mükafat vermir, özü də beynəlxalq mükafatlara layiq görülür – belə ki, festival 2010-ci ildə Büynəlxalq Televiziya, Kino və İdman İttifaqının mükafatına, 2012-ci ildə isə Business Initiative Directions Beynəlxalq Təşkilatının “Qızıl” kateqoriyasında keyfiyyətə görə beynəlxalq ulduzunu (International Star Award for Quailty, GOLD Category) qazanıb.

Hər il Ermənistan prezidenti Serzh Sarkisian şəxsən "Qızıl Ərik" festivalının iştirakçıları ilə görüşür, həmçinin erməni höküməti festivalın keçirilməsinə pul ayırır.
Hər il Ermənistan prezidenti Serzh Sarkisian şəxsən "Qızıl Ərik" festivalının iştirakçıları ilə görüşür, həmçinin erməni höküməti festivalın keçirilməsinə pul ayırır.

Təsisçilər düz üç il festivalı öz güclərinə keçiriblər, dördüncü ildən dövlət də onlara kömək eləməyə başlayıb, əvvəlcə 10 milyon, sonra 20, daha sonra da 50 milyon dram ayırıb. Artıq bir neçə ildir ki, festivalın özəl baş sponsoru var, bir sözlə, çoxları festivalı dəstəkləyir.

“Qızıl ərik” festivalı ilk növbədə güclü müsabiqə proqramı ilə maraqlıdı. Təşkilatçıların hədəfi kinematoqrafiyada yeni adlar kəşf eləmək deyil, onlar dünyanın ən yaxşı festivallarında nümayiş olunmuş məşhur filmləri dəvət eləyirlər. Beləcə, tamaşaçılar da, qonaqlar da bir il ərzində dünya kinosunda çəkilmiş ən yaxşı filmləri görmək imkanı qazanırlar.

Khachatryan deyir ki: “Festivala ancaq ən yaxşıları dəvət eləyirik, biz kino və kinematoqrafiyanı çox sevirik, “Qızıl əriy”i də özümüz üçün keçiririk. Əgər əvvəllər Ermənistanda kinematoqrafiya ilə 3 nəfər məşğul olurdusa, indi onların sayı 300-ə çatıb. Əvvəllər 7 gün ərzində min tamaşaçı güclə toplanırdısa, indi 50-60 min tamaşaçımız olur”.

2016-cı ildə "Qızıl Ərik" kinofestivalının açılışı. Mərkəzdə festivalın yaradıcısı Harutyun Khachaturyan dayanıb.
2016-cı ildə "Qızıl Ərik" kinofestivalının açılışı. Mərkəzdə festivalın yaradıcısı Harutyun Khachaturyan dayanıb.

Təsisçilər on iki il əvvəl festivalı keçirməyə başlayanda qarşılarına qoyduqları məqsədlərin, demək olar ki, hamısını bir-bir reallaşdırıblar. Festivalın nəzdində beynəlxalq kino məktəbi yaradılıb, hərəsi on gün davam edən yay, payız, qış kino məktəbləri fəaliyyət göstərir, hər gün ustad dərsləri keçirilir. Ən məşhur rejissorlar ustad dərsləri vermək üçün bu məktəblərə dəvət olunur. Tələbələrin arasında başqa millətlərin nümayəndələri də var. Khachatryan deyir ki, məqsəd təkcə onlara kino çəkməyi öyrətmək yox, həm də aralarında ünsiyyət yaranmasına nail olmaqdı. Tələbələr birlikdə işləyirlər – operator, rejissor, prodüser, ssenarist kimi. Məktəbə dərs deməyə gələn müəllimlərin bəziləri də onlarla birlikdə çəkilişlərdə iştirak edirlər. Festival tədbirləri çərçivəsində kino haqqında yazan jurnalistlərlə seminarlar da aparılır. A. Khachatryanın sözlərinə görə, “əksər jurnalistlər məşhur kinematoqrafistlərə salam verən kimi soyqırımı, ya da Yerevanın küçələrində zibil görüb-görmədiklərini soruşurlar. Biz isə istəyirik ki, onlar erməni kinosu haqqında yazsınlar”.

Hər il kino haqqında yazan ən yaxşı jurnalistə və ən yaxşı kinotənqidçiyə 500 dollar məbləğində mükafat verilir. Həmçinin festival çərçivəsində on dəqiqəlik filmlərin online Web-TV festivalı keçirilir. Məqsəd gənclərə yeni texnologiyanı öyrətmək, kinoteatra getməyən, bütün vaxtını kompüter arxasında keçirənlər üçün özlərini inkişaf etdirə, təhsil ala biləcəkləri bir məkan yaratmaqdı.

Ayrıca gənclər üçün “Qızıl ərik” fondu yaradılıb. Fond onlara ssenari yazmaq üçün şərait yaradır, çəkiliş üçün lazımi texnika ilə təmin eləyir, filmləri başqa festivallara göndərir, bundan ötrü tələb olunan məbləği ödəyir.

Bir sözlə öz dediklər kimi, bütün dünyanı erməni kinematoqrafiyası ilə tanış eləməyə çalışırlar. Festivalın fəaliyyətdə olduğu bu illər ərzində erməni kinosevərlər Lars von Trier, mərhum Abbas Kiarostami, Nuri Bilgə Ceylan, Catherine Breillat, Godfrey Reggio kimi usta rejissorların nəinki filmlərinə öz şəhərlərində, öz kinoteatrlarında baxmaq, həmçinin onların özlərini canlı görmək, dinləmək, sual vermək imkanı qazanıblar. Adları çəkilən rejissorlar da dünyada Ermənistan adlı bir ölkə olduğundan, onun kinematoqrafiyasından, mədəniyyətindən, keçmişindən, indisindən xəbər tutublar.

Bunun nə demək olduğunu təsəvvür eləyirsiniz?

XS
SM
MD
LG