Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:36

Rejissor Əli İsa Cabbarov: “İş adamları yoxlamalardan qorxurlar”


Əlisa Cabbarov
Əlisa Cabbarov

►“Kinomuzu dəstəkləyən milyonçu görmədim”

Rejissor Azərbaycan kino biznesindən danışır

Azərbaycanda kino biznesi yarandımı? Kino sənayesi onunla məşğul olanları dolandırırmı?

AzadlıqRadiosunun bu və digər suallarını rejissor Əlisa Cabbarov cavablandırır:

– Azərbaycanda iki il əvvələ qədər ancaq dövlət maliyyəsi əsasında filmlər çəkilirdi. İki il əvvəl iş adamlarının kinoteatr şəbəkəsinə pul qoyması ilə bu sektor canlanmağa başladı. 10-dan çox kommersiya filmi çəkilib və ikisi çox uğurlu olub: “Xoxan” və “My name is İntiqam”. Ötən il Azərbaycan filmlərinin çəkilməsinə dövlət büdcəsindən 6 milyon ayrılmışdı, indi 3 milyon gözlənir. Dövlət vəsaitlərindən başqa özəl mənbələr hesabına da film çəkilir və ildə ən azı 4-5 kommersiya filminin premyerası olur.

Gözlə

No media source currently available

0:00 0:03:44 0:00
Direct-ə keçid

– Kommersiya filmlərində, əsasən, hansı janra üstünlük verilir?

– Maraqlısı odur ki, təkcə komediya deyil, artıq melodrama və qorxu janrında da filmlər çəkilir. Düzdür, bunlar o qədər də uğur qazanmayıb, amma kinoda janr rəngarəngliyinin olması yaxşıdır, çünki komediyada uğur qazanan rejissor melodramaya, sonra da ciddi filmə keçirlər. Bizdə də artıq bu proses başlayıb.

– Kino prodakşnlar müasir texniki avadanlıqla təchiz olunublarmı?

– Azərbaycanda ən müasir kino texniki avadanlığı var. Azərbaycan kinosunun texniki təchizat problemi yoxdur. İstənilən Hollivud şirkəti bizdəki texnika ilə gözəl film çəkə bilər. Bizim kinomuzda əsas problem ssenari və prodüser çatışmazlığıdır.

“Bizdə dramaturgiya zəifdir”

– Niyə ssenarist çatışmazlığı var? Azərbaycan ki şairdən, yazıçıdan boldur.

– İş burasındadır ki, bizdə kinodramaturgiyaya əlavə yamaq peşə kimi baxıblar. Şairlər, yazıçılar kinodramaturgiyaya “xaltura” kimi, pul qazanmaq kimi baxıblar. Baxın, Azərbaycan kinosunun 100-dən çox yaşı var, amma sırf kinodramaturgiya ilə pul qazanan adam bir-iki nəfərdir: Ramiz Fətəliyev və Rüstəm İbrahimbəyov, bir də istedadlı ssenarist Eldəniz Quliyev. Eldəniz Quliyev 10 ildən artıqdır ki, layihələrini ekranlaşdıra bilmir. Qalanları yazıçı-şair olub, arada vaxt tapıb öz əsərlərini ekranlaşdırıblar. Kinodramaturgiya isə daha peşəkar və dərin münasibət tələb edir. Hərdən düşünürəm ki, yəqin, biz şərqli olduğumuz üçün beynimizin obrazlarla düşünən yarımkürəsi daha güclüdür, nəinki məntiqlə, riyazi düşünən yarımkürəsi. Kinossenari məntiq, riyazi təfəkkür tələb edir. Ədəbiyyatımızda da dramaturgiya nəsrdən geri qalır. “Dramaturgiya” deyəndə ağla Hüseyn Cavid, Cəfər Cabbarlı və İlyas Əfəndiyev gəlir, amma “poeziya”, “nəsr” deyəndə görün, nə qədər tanınmış şair-yazıçımız var.

İndi fanatik ssenaristlər görmürəm, desin ki, “bu işlə pul qazanacam, ömrümü bu işə həsr edəcəm”. Varımızdı, amma bir-iki nəfər. Məncə, kino inkişaf etdikcə, ssenaristlik də cəlbedici peşəyə çevriləcək. Bu sahədə istedadı olanlar görsələr ki, burda pul qazanmaq olur, gələcəklər.

“İş adamlarına vergi güzəşti edilməlidir”

– Bəs prodüser xətti niyə inkişaf etmir? Maliyyə tapmaq çətinliyidirmi?

– Prodüser həm maliyyə tapır, həm də ideya verir. Deyir, belə bir film çəkmək lazımdır, ideyanı ortaya qoyub maliyyə, yaradıcı heyət axtarır. Azərbaycanda niyə pul tapmaq problemdir? Çünki ölkədə yeni-yeni milli burjuaziya yaranır, hərçənd, bilmirəm, buna milli demək olarmı? Çünki mən Azərbaycanda kitabxanalar açan, kənd müəllimlərini dəstəkləyən, ya da kinomuzu dəstəkləyən milyonçu görmədim. Erməni gördüm, rus, yəhudi gördüm, amma azərbaycanlı görmədim. Azərbaycanın əksər iş adamları mental olaraq xalqdan çox uzaqdırlar. Həm də onların gözü qorxub, yoxlamalardan çəkinirlər. Ona görə də xeyriyyəçilik etmirlər və sənəti maliyyələşdirmək fikrinə düşə bilmirlər. Bir səbəb də budur ki, bizdə müharibə şəraitidir. İş adamı da düşünür, orduya, ya kinoya versin, üstünlüyü orduya verir. Bildiyim qədər, Mədəniyyət və Turizm Nazirliyi “Kinematoqrafiya haqqında qanun”da film maliyyələşdirən iş adamlarına vergi güzəştləri nəzərdə tutan əlavələr təklif edir. Əgər bu güzəştlər olsa, kinomuz inkişaf edər. Rusiya kinosunun inkişafının səbəblərindən biri də kinoya investisiya yatıran iş adamlarına vergi güzəştlərinin tətbiqi oldu.

Bundan başqa, dövlət sifarişləri təkcə dövlət film studiyalarına yox, həm də özəl studiyalarına verilməlidir. Bir neçə il əvvəl beləydi, amma bu ənənə pozuldu, indi nazirlik tammetrajlı film sifarişlərini yalnız dövlət studiyalarına verir. Əslində isə kinonun inkişafı ilə bağlı Dövlət Proqramında özəl prodüser studiyalarının dəstəklənməsi göstərilib. Nazirlik tender keçirməli, dövlət və özəl film studiyaları bu müsabiqədə öz layihələri ilə bərabər hüquqlarla iştirak etməlidirlər.

– Siz iş adamlarından Tağıyev modelini (sənətə xeyriyyəçilik) gözləyirsiz. Ancaq indi dünya fərqlidir və iş adamları həm də investisiyalarından pul qazanmaq istəyir. Bu gün Azərbaycanda kinoya pul qoyan biznesmen qazanacaqmı?

– Kinoya investisiya təkcə film çəkilişinə qoyulmur. Müasir kinoteatrların yaradılması da elə investisiyadır. Azərbaycanda müasir kinoteatr şəbəkəsi yaradan iş adamları, bildiyim qədər, hələ qoyduqları vəsaiti götürməyiblər, gəlir əldə eləmirlər, amma bir neçə ildən sonra bu sahə qazanc gətirəcək.

– Kinoteatra investisiya milli kino sənayesinin inkişafına necə təsir edəcək?

– Xaricdə kinoteatr şəbəkəsi şirkətləri film sifarişi verib sonra da öz kinoteatrlarında nümayiş etdirirlər. Bizdə belə bir ənənə yoxdur, amma bəlkə də olacaq. Təbii ki, tamaşaçı Amerika filmi ilə Azərbaycan filmi arasında seçim edərkən xarici filmə baxacaq. Kinoteatrlarda yeni Azərbaycan filmlərinin nümayişinə cəhdlər olub, amma bir həftədən sonra az bilet satıldığından yığışdırılıb. Məsələn, təklif eləyərdim ki, Azərbaycan filminə bilet satışından vergi verilməsin, bu da kinoteatrları yerli filmlərin nümayişinə həvəsləndirsin.

XS
SM
MD
LG