Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:15

Xaricdə təhsil: Ümid ianəyə qaldı


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

►Bəxtiyar Hacıyev: “İstedadlı, bacarıqlı tələbələr ən nüfuzlu universitetləri seçsinlər, orda təhsil haqqı yüksək olsa da, tələbə təhsil haqqını ödəyə bilmədiyini sübut edincə, ali təhsil müəssisəsi özü ona dəstək verir”

Azərbaycanlı tələbə Pərviz Əhmədov yenicə Nyu-Yorka uçub. Bu barədə Facebook profilində yazıb ki, “tamammı, yoxsa davammı? Bu suala cavab axtarmaq üçün səfər edirəm”.

Pərviz özü də yazdığı kimi, “arzularını reallaşdıra biləcək bir vasitə” tək baxdığı təhsil ardınca yad ölkələrə üz tutub. Ancaq o, hələ bilmir, təhsilini ala biləcək, yoxsa yox. “Tamammı?” deməyi qəbul olunduğu Duke Universitetində təhsilinə maliyyə vəsaiti tapa bilib-bilməməyinə işarədir.

12 gün öncə Pərviz Əhmədov Facebook hesabından müraciət yazıb təhsil almasına maddi kömək istəyib: “Mən ABŞ-ın yüksək 10 universiteti və dünyanın 20 nüfuzlu universiteti arasında yer alan Duke Universitetinə Beynəlxalq İnkişaf Siyasəti üzrə magistraturaya qəbul olmuşam. Xaricdə Təhsil üzrə Dövlət Proqramına müraciət etməyi düşünürdüm. Təəssüf ki, yüzlərlə gənclərimizin xaricdə təhsil almasında mühüm rol oynamış bu təhsil proqramı məlum səbəblərdən dolayı dayandırıldı”.

“1, 2, 5 … manat deyib belə keçməyin”

Azərbaycanlı gənc təhsil haqqına kömək olunmasından ötrü ölkənin nüfuzlu təşkilatlarına, banklara, imkanlı şəxslərə ağız açıb, ancaq əlini hara atsa da, “yox” cavabı eşidib və az qala, təhsildən ümidini üzmək istəyib, bu vaxt isə universitet ona təhsil haqqının 50 faizini təqaüd formasında güzəşt etdiyini bildirib.

Pərviz Əhmədov deyir ki, işləyir, (Facebook hesabında iş yeri kimi məşhur xarici neft şirkətlərindən birinin adını göstərib) yüksək maaş alır, ancaq həm ailəsi, həm də kömək etdiyi başqa bir ailənin xərclərini qarşıladığından tələb olunan 20 min dolları ödəmək imkanı yoxdur.

“1, 2, 5 … manat deyib belə keçməyin. Zatən ianə böyük, yaxud kiçik olmur. Xırda məbləğə görə utanmayın”, o, Facebook əhlinə müraciətində yazır. Müraciətindən sonra 12 gün ərzində 1000 dollardan artıq vəsait yığılıb.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

Pərviz Əhmədov xaricdə təhsil almaq istəyən yüzlərlə Azərbaycan gəncindən biridir. Ölkədə Xaricdə Təhsil Dövlət Proqramı dayandırıldığından indi bu sual aktualdı: xüsusilə, xarici universitetlərə qəbul olunan, ancaq təhsil haqqını, yaşayış xərclərini ödəmək çətinliyi ilə üzləşən gənclərə kömək əli hardan gəlir?

“Universitet özü arxa durdu”

Vaxtilə belə bir problemlə üzləşən, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev xatırlayır ki, 2007-ci ildə dünyanın ən nüfuzlu universitetinə qəbul olunandan sonra təhsil haqqını ödəmək üçün üz tutduğu qurumların heç birindən dəstək ala bilməyib: “Ancaq universitet özü araşdırıb təhsil haqqını ödəyə bilməcəyimi görəndən sonra mənə arxa durdu, təhsil haqqından azad oldum, təqaüd aldım”.

Bəxtiyar Hacıyev xaricdə təhsil almağın çətinliklərindən danışır
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00
Direct-ə keçid

Bəxtiyar Hacıyev deyir ki, Azərbaycanda xaricdə oxumaq istəyən tələbələrin özlərindən başqa kimsəyə gümanı yoxdur: “ABŞ-da özünə güvənən xarici tələbə aşağı faizlə bankdan təhsil krediti ala bilər, ancaq bunun üçün mütləq Amerika vətəndaşı və ya burda oturum hüququ olan şəxs zamin durmalıdır. Bu zamini isə tapmaq çox çətin məsələdir, heç o vaxt tapa bilmədim”.

Amma Bəxtiyar Hacıyev bir məsləhət verir, deyir ki, istedadlı, bacarıqlı tələbələr ən nüfuzlu universitetləri seçsinlər, orda təhsil haqqı yüksək olsa da, tələbə təhsil haqqını ödəyə bilmədiyini sübut edincə, ali təhsil müəssisəsi özü ona dəstək verir:

“Nüfuzlu universitetlərin əsas məqsədi pul qazanmaq deyil”, o əlavə edir.

Bəxtiyar Hacıyev ianələr yolu ilə təhsil haqqının toplanması çətinliyindən danışır, deyir ki, xaricdə müalicə olunası ağır bir xəstə üçün pul toplamaq olur, amma təhsil almaq istəyən o qədər adam var ki.

“Onlarla gənc xaricdə təhsil fikrindən vaz keçib”

Xaricdə tələbə qəbulu ilə məşğul olan şirkətlərdən birinin rəhbəri Fuad Hacıyev deyir ki, dünyanın 18 ölkəsi ilə razılaşmaları var, ancaq əsasən, Türkiyə universitetləri yaxşı nəticələr göstərdikdə, müharibədə həlak olmuş şəxslərin övladlarını, Qarabağ müharibəsi veteranlarını təhsil haqqından azad edir, yaşayış xərclərinə kömək edir.

Fuad Hacıyev əlavə edir ki, onlarla gənc təhsil haqqını ödəyə bilmədiyindən ABŞ-dakı, Avropadakı nüfuzlu universitetlərdən vaz keçməli olub. Onun fikrincə, xaricdə təhsil proqramı bərpa olunmalı, ya da bacarıqlı gənclərin xaricdə təhsilinə kömək edəcək hansısa fondlar yaradılmalıdır.

“Əsas yaxşı təhsil, dünyagörüşüdür”

Azərbaycanın tanınmış universitetlərinin birində təhsil alan qızı bu günlərdə Estoniyanın Tartu Universitetinin biznes administrasiyasının bakalavr mərhələsinə qəbul olunmuş Rafiq Məmmədli deyir ki, illik təhsil haqqı 3 min avrodan artıqdır:

“Azərbaycanda qızımın təhsil haqqı bundan yüksəkdir, ingilis dilində təhsil alır, ancaq düşünürəm ki, əsas yaxşı təhsildir, dünyagörüşüdür, şərt deyil ki, dünyanın ən aparıcı universiteti olsun. Belə universitetlərin təhsil haqqı, təbii ki, yüksək olur və bir valideyn kimi 20-30 min dollar ailəmizin büdcəsinə uyğun deyil”.

Estoniya ilə Azərbaycanda təhsilin fərqi nədədir? Rafiq Məmmədli hesab edir ki, Azərbaycanda gözəl fasad arxasında şablon, keyfiyyətsiz təhsil dayanır: “Baxmayaraq ki, bu universitetə (qızının Bakıda oxuduğu təhsil müəssisəsini nəzərdə tutur) girməyə yüksək bal tələb olunur, hər şey ilk baxışdan yaxşıdır, zəngin kitabxana, təchizatlı auditoriyalar var, qızım bura girdiyinə çox təəssüflənir. Tartu Universiteti haqqında isə biz daha yüksək fikirlər eşitmişik, həm də istənilən halda, başqa ölkə, həyat tərzi insanın dünyagörüşünü artırır”, o deyir.

Artıq Amerikada olan Pərviz Əhmədovun Facebook dostları isə səbirsizliklə onun “davam!” yazacağını gözləyir.

XS
SM
MD
LG