Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:54

Ombudsmanı təcridxanaya çağırırlar


Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

-

Mayın 10-da həbs olunmuş gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun hüquq mühafizə qurumlarında işgəncəyə məruz qalması şikayəti ilə ombudsmana müraciət olunub.

Bu haqda gənc fəalların vəkillərindən Elçin Sadıqov məlumat yayıb.

Müraciətdə bildirilir ki, hər iki gənc tutulan andan mayın 13-nə, yəni Bakı İstintaq Təcridxanasına aparılana qədər davamlı, ağır, ağılasığmaz işgəncələrə, nəlayiq formada şəxsiyyəti alçaldan qeyri-insani rəftarlara məruz qalıblar.

Gənc fəalların vəkili müraciətdə bildirir ki, mayın 16-da təcridxanada hüquqlarını müdafiə etdiyi gənclərlə görüşüb. Görüş zamanı onların bədənlərində işgəncə izlərini şəxsən görüb.

“Təcridxananın əməkdaşlarına işgəncə izlərini göstərdikdən sonra bildirdilər ki, həkim çağırıb müayinə edəcəklər. Xətai rayon məhkəməsi işgəncə hallarının olub-olmamasının araşdırılması barədə qərar da verib. Ancaq qərardan 6 gün keçməsinə baxmayaraq prokurorluqda işgəncə halını araşdırmalı olan məsul şəxs mənimlə və gənclərlə görüşməyib. Hesab edirik ki, heç bir hal insanlara işgəncə verilməsinə, onların ləyaqətini alçaldan rəftara məruz qalmasına əsas ola bilməz” - deyə müraciətdə bildirilir.

Müraciətdə ombudsman Elmira Süleymanovadan Bakı İstintaq Təcridxanasına gedib orda saxlanan Qiyas İbrahimov və Bayram Məmmədovla görüşməsi istənilir.

Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər. Yalnız, Ombudsman Aparatından şikayətin nəzarətə götürüldüyünü bildiriblər.

Bayram Məmmədov və Qiyas İbrahimovun həbs qərarından verilmiş apellyasiya şikayətinə mayın 18-də baxılmalıdır.

Bu haqda gənclərin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Qiyas İbrahimovun həbsindən verilən şikayətə göstərilən tarixdə saat 14:50-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiz Qasımovin sədrliyi ilə baxılacağı bildirilir.

Həmin gün saat 15:45-də isə hakim Qədim Babayev Bayram Məmmədovun şikayətinə baxmalıdır.

Hər iki apellyasiya şikayətində gənclər barəsində həbs qətimkan tədbirinin seçilməsini nəzərdə tutan qərarın ləğvi istənilir.

Bayram MəmmədovQiyas İbrahimov mayın 10-da saxlanıb. NİDA Vətəndaş Hərəkatı onların Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində «Qul bayramınız mübarək!», ön tərəfdə isə «F... the system!» sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Beynəlxalq qurumlar gənc fəalların siyasi motivlə həbs olunduğu barədə bəyanatlar yayıblar.

Mayın 16-da B.Məmmədovun ona dəhşətli işgəncələr verilməsi ilə bağlı məktubu yayılıb. Əlaqəli qurumlar indiyədək gənc fəalın məktubunu şərh etməyiblər.

Mayın 10-u keçmiş prezident Heydər Əliyevin 93-cü il dönümü qeyd edilib.

Son illər Azərbaycanda Heydər Əliyevin doğum günü münasibətilə Gül bayramı keçirilərdi. Bu da Azərbaycan cəmiyyətində heç də birmənalı qarşılanmırdı. Hakimiyyətin müxalifləri deyirdilər ki, hər il Gül bayramına milyonlarla vəsait xərcləməkdənsə, bu pullar əhalinin sosial ehtiyaclarının ödənilməsinə sərf edilməlidir. Bu il isə Gül bayramı təxirə salınmışdı.

Bakı şəhər İcra Hakimiyyətindən bildirmişdilər ki, cəbhə bölgəsində Ermənistanın təxribatının qarşısını alarkən həlak olan hərbçilərin ruhuna hörmət əlaməti olaraq mayın 10-da, sadəcə, parklarda gül əkmə aksiyaları keçiriləcək.

XS
SM
MD
LG