Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Dollarla kredit götürənlərə güzəşt olacaqmı?


İlham Əliyev cəbhədə - 1 may 2016
İlham Əliyev cəbhədə - 1 may 2016

-

Prezidentin cəbhə bölgəsinə səfəri, səhiyyənin vəziyyəti və devalvasiyadan sonra dollarla kredit götürən insanların üzləşdiyi çətinliklər bu gün medianın əsas mövzusudur.

PREZİDENT CƏBHƏ BÖLGƏSİNDƏ

«Azərbaycan» qəzeti prezident İlham Əliyev və xanımının qoşunların təmas xəttindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfərini geniş şəkildə işıqlandırıb.

Yazıda qeyd edilir ki, prezident və xanımı Ermənistan ordusunun iriçaplı silahlar və artilleriya qurğularından açdığı atəş nəticəsində zərər çəkmiş Tərtər şəhərinin Fikrət Əmirov küçəsində dağılmış evlərə baxıblar.

Dövlət başçısına məlumat verilib ki, Tərtər rayonunun yaşayış məntəqələrində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib. 32 ev tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirib.

Sonra dövlət başçısı və xanımı cəbhə xəttinin 200 metrliyində yerləşən Tərtər rayonunun Qapanlı kəndinə gəliblər. Onlar artilleriya zərbəsi nəticəsində evi dağılmış kənd sakini Abbas Abbasovun həyətində olublar. Bu kənddə 55 evə ziyan dəyib. Onlardan 14-ü tamamilə dağıdılıb.

Sakinlərlə söhbət zamanı prezident bildirib ki, ordu döyüş meydanında öz qüdrətini göstərdi, lakin erməni hərbçilər mülki əhaliyə atəş açırlar. Prezident qeyd edib ki, bu kənddə fəsadların aradan qaldırılması üçün bütün tədbirlər görüləcək.

İlham Əliyev xəstəxananın təmirdən sonra açılışında.
İlham Əliyev xəstəxananın təmirdən sonra açılışında.

KİM YALAN DEYİR?

«Azadlıq» qəzetində «Əliyev yalan deyir, yoxsa ona məlumat verənlər» başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd edilir ki, hökumət rəsmiləri əhalinin yaşayışı, ölkənin iqtisadi vəziyyəti ilə bağlı həqiqətləri açıqlamırlar. Müəllif prezident İlham Əliyevin bu günlər Ağsu rayonuna səfərini və orada mərkəzi xəstəxananın yeni binasının açılışında iştirakını yada salır: «Bu dəfə isə ölkə başçısı elə bir rəqəmə istinad edib ki, adamın tükləri biz-biz durur.

Ölkə başçısı açılışda geniş nitq söyləyib və əhalinin sağlamlıq səviyyəsini də göylərə qaldırıb. «Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçib və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır». Əlbəttə ki, işsizliklə, yoxsulluqla, əhalinin sosial vəziyyəti ilə bağlı şişirdilmiş rəqəmlərdən sonra bu 91 faizə də təəccüblənmirik. Amma ölkə başçısına bir neçə sual vermək, bir neçə məqamı xatırlatmaq istəyirik»,-deyə müəllif yazır.

Məqalədə qeyd edilir ki, əgər prezident Milli Onkologiya Mərkəzinə baş çəksə, əhalinin sağlamlıq səviyyəsindən və hansı çətinliklərdən keçməsindən xəbərdar olar: «Əgər əhalinin 91 faizi tam sağlamdırsa, ölkə vətəndaşları niyə müalicə üçün İrana, Gürcüstana üz tuturlar? Prezidentin ölkədə məcburi müalicəyə ehtiyacı olanların sayından xəbəri varmı? Ölkənin ən böyük dərman idxalçısı olan «Avromed»in rəhbəri Cavanşir Feyziyev etiraf etdi ki, hər il ölkədə 700-750 milyon manatlıq dərman satılır. Əgər 91 faiz sağlamdırsa, bu qədər dərmana tələbat haradan yaranıb? Xüsusən son illərdə xəstəliklər artıb, cavanlaşıb. Üstəlik, əməliyyatlar, analizlər, müayinələr «od» qiymətinədir. Qanunla pulsuz olan xidmətlərin hamısı pulludur».

Dollar
Dollar

DOLLARLA KREDİT GÖTÜRƏNLƏRƏ GÜZƏŞTLƏR OLACAQ?

«Yeni Müsavat» qəzeti «Problemli kreditlər yenidən gündəmdə» sərlövhəli məqalədə dollarla götürülən kreditlər məsələsini yenidən müzakirəyə çıxarıb. Yazıda deputat Vahid Əhmədova istinadən bildirilir ki, parlamentdə bu məsələ ilə bağlı qanun layihəsi hazırlanır.

Deputat Əli Məsimli qəzetə danışarkən, ikinci devalvasiyadan sonra dollarla götürülmüş kreditlərin qaytarılması sahəsindəki yaranmış çətinlikləri belə çözməyi təklif edib: «Təklif edirik ki, burada dövlət qurumları ilə bankların maraqları balanslaşdırılsın. Bir hissəsini banklar, bir hissəsini dövlət qurumları, bir hissəsini dollarla kredit götürən vətəndaşlar, bir hissəsini də Mərkəzi Bank öz üzərinə götürsün».

Amma ekspert Əkrəm Həsənov deyib ki, bu layihə indiki kreditlərə yox, bundan sonra götürüləcək kreditlərə şamil edilir: «Biz artıq dəfələrlə eşitmişik ki, hökumət təmsilçiləri güzəştin olmayacağını deyirlər. Hökumət deyirsə ki, güzəşt olmayacaq, deməli, bunun üçün pul yoxdur. Pul yoxdursa, parlament tərəfindən belə qanunun qəbul edilməsi gözlənilmir».

İqtisadçı Natiq Cəfərli isə deyib ki, hökumət və Mərkəzi Bank dollarla kreditlər məsələsində yükü tamamilə vətəndaşların çiyinlərinə atıb: «Həm hökumət, həm Mərkəzi Bank durumun ciddiliyini anlayırlar. Hökumət anlayır ki, belə davam etsə, bank sektorunda çöküş baş verə bilər. Elə banklar var ki, problemli kredit həcmi 80 faizi keçib».

Başqa bir iqtisadçı Vüqar Bayramov da bu məsələdə bankların güzəştə getməyəcəklərini deyib: «Banklar heç bir güzəştə getmək istəmir və praktik olaraq getmirlər. Müştərilərin heç də hamısı belə böyük fərqi qarşılamaq imkanlarına malik deyil. İl yarım öncə 10 min dollar kredit götürən şəxsin indi təkcə ana məbləğdə fərqi 7200 manat edir. Faizlərlə birgə müştəri banka 20 min manatdan çox pul ödəməlidir».

XS
SM
MD
LG