Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:36

Pensiyaçılara kreditlərin verilməməsi nəyin göstəricisidir?


Xəzər
Xəzər

-

Ölkənin iqtisadi vəziyyəti, məhkəmə sistemi və Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kreditlərin verilməsinin dayandırılması haqqında tövsiyəsi medianın aparıcı mövzusudur.

DÜNYADA BÖHRAN, AZƏRBAYCANDA İNKİŞAF…

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar sosial rifahın yüksəlməsinə xidmət edir» sərlövhəli məqalə dərc edilib.

Yazıda qeyd edilir ki, bütün dünyada böhran yaşansa da, başqa ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət heç də ağır deyil.
Müəllif 2016-cı ilin ilk rübünə dair bir sıra statistik rəqəmlərin üzərində dayanır. Xüsusilə yeni iş yerlərinin açılmasını vurğulayaraq, hökumətin müsbət fəaliyyətini önə sürür.

Məqalədə oxuyuruq: «İndi dünyada böhran yaşanır. İqtisadi və maliyyə böhranı hələ ki, başa çatmayıb. Elə neft ölkələri var ki, milli valyutası 10 dəfəyə qədər ucuzlaşıb, ən adi ərzaq məhsullarının qıtlığı yaranıb. Azərbaycan dünya iqtisadiyyatının bir parçası olsa da, bu böhrandan ən az itkilərlə çıxan ölkələrdən biridir. Maaş və pensiyalar artırılır. Bütün çətinliklərə baxmayaraq, sosialyönümlü tədbirlər həyata keçirilir. Birinci rübün sosial-iqtisadi yekunları bunu bir daha sübut edir».

Həbsxana
Həbsxana

TALELƏRİN ALVERİ…

«Azadlıq» qəzeti ölkə həbsxanalarından bəhs edir.

«Cinayətlər azalırsa, məhbuslar niyə çoxalır?» sərlövhəli məqalədə ölkə həbsxanalarında hazırda 24 min insanın cəza çəkdiyi qeyd edilir. Hüquqşünas Müzəffər Baxışov deyir ki, ölkənin cinayət məcəlləsi həddindən artıq qüsurludur. Onun deməsinə görə, əslində, bu, Rusiya cinayət məcəlləsinin surətidir: «Baş verən cinayətlərdə həbs cəzaları həddindən artıq çoxdur».

Hüquqşünasın düşüncəsinə görə, islah işləri, cərimə, ictimai işlər kənarda qalır. Hakim yalnız həbs cəzası çıxarır.

M.Baxışov deyib ki, cinayət sayına görə Azərbaycan Avropada 4-cü yerdə qərar tutur. Bu isə hüquq-mühafizə orqanlarının ölkədə cinayətkarlığın azalması haqda bəyanatlarını alt-üst edir.

Onun fikrincə, həbs cəzalarının çox olması həm də hakimlərin dövlət ittihamçısının təzyiqi altında qalmasının göstəricisidir. O deyir ki, hər hansı qərarla bağlı prokurorluğun Məhkəmə Hüquq Şurasına müraciəti hakimin cəzalandırılması ilə başa çatır.

Hüquqşünasın deməsinə görə, bir çox hallarda isə məhkəmələrdə insan taleləri bazar predmetinə çevrilir. Bəzən sərt cəzalarla başqalarının gözü qorxudulur: «Nəticədə rüşvət mexanizmi işə salınır. Hakimlərə rüşvət verilir ki, onlar yüngül cəza versinlər. Azərbaycanda həbs cəzalarının çox olmasının səbəblərdən biri konkret şəxslərdən rüşvət alıb, onlara yüngül cəzaların təyin edilməsidir».

Neftçi
Neftçi

MƏMUR ARTIR, FƏHLƏ AZALIR

«Novoye Vremya» qəzetində dərc edilən «SOCAR bürokratik aparatı şişirdir» sərlövhəli məqalədə ölkədəki böhran şəraitində bu qurumun iş üslubu tənqid edilir. Məqalədə oxuyuruq: «Ölkədə böhran olmasına baxmayaraq, məmurların sayı azalmır. Bu böhran dövründə bu qədər məmur nəyə lazımdır? Amma yox, hakimiyyət buna alışıb. Çünki bir ordu tanışı, dostu harasa yerləşdirmək lazımdır. Kağız üzərində 300-ə yaxın dövlət proqramı var, onların icrası dövlət büdcəsinin 3 misli qədər vəsait tələb edir. Amma bu proqramların kağız həyatı ilə minlərlə məmur məşğuldur».

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı qəzetə deyib ki, böhran şəraitində minlərlə neftçi işdən məhrum olub. Belə bir şəraitdə bürokratik aparatın şişirdilməsi anlaşılan deyil. Daha sonra hüquq müdafiəçisi SOCAR prezidentinin işəgötürmə qaydasını tənqid edib: «Bu adam insanları işə müvəqqəti müqavilələrlə götürür. Halbuki, bu, əmək qanunvericiliyinin birbaşa pozulmasıdır. Heç bir quruma müvəqqəti müqavilə ilə işə adam götürməyə icazə verilmir. Müvəqqəti əmək müqaviləsi SOCAR üçün həm polis dəyənəyi, həm də əməkdaşdan yaxa qurtarmaq üçün formal bəhanə vasitəsidir».

Hüquq müdafiəçisi SOCAR-da məmur sayının artmasına toxunaraq qeyd edir ki, görünür, rəhbərlik hələ də neftin qiymətinin yüksələcəyinə ümidlidir.

Pensioner
Pensioner

PALATANIN QƏRARININ HÜQUQİ ƏSASI YOXDUR?

«Bizim Yol» qəzeti isə ekspertlərlə pensiyaçılara kredit verilməsinin dayandırılmasını dəyərləndirib. Məqalədə bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının banklara tövsiyəsi doğru sayılmır.

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, bu addım müvəqqəti xarakter daşıyır: «Pensiyaçı var ki, ayda 500, 600, 1000 manat alır. Belə təqaüdçünün kredit almasında heç bir problem yoxdur».

Ə.Həsənov Palatanın bu qərarının hüquqi əsasının da olmadığını deyir: «Palata normativ xarakterli akt qəbul etməli, həmin aktı Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, Ədliyyə Nazirliyi də həmin qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil etməli idi. Həmin Reyestrin internet saytı da var. Ora daxil edilməyən belə qərarın hüquqi qüvvəsi yoxdur».

İqtisadçı Qubad İbadoğlu isə qəzetə deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası absurd qərarlar verməklə məşğuldur: «Qərarın qəbul olunmasına səbəb pensiyaçıların ödəniş qabiliyyətinin aşağı olması göstərilir. İqtisadi məntiqlə izah olunmayan bu yanaşma bir tərəfdən insan hüquqlarına ziddir, kommersiya banklarının sərbəst fəaliyyətinə müdaxilədir, digərə tərəfdən də sosial müdafiə sisteminə ciddi zərbədir. Eləcə də Palata məlum qərarı ilə biznesin və istehlakçıların alıcılıq qabiliyyətini, işgüzarlıq fəallığını aşağı salmaqla iqtisadi tənəzzülü daha da dərinləşdirir».

XS
SM
MD
LG