Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Krımın ilhaqından 2 il ötür


Rus hərbçisi Simferopol aeroportunda - 2014
Rus hərbçisi Simferopol aeroportunda - 2014

-

2014-cü il martın 16-da Krımda Rusiyaya birləşib-birləşməmək barədə referendum keçiriləndə, Moskva yerli əhaliyə yarımadanı gülüstana çevirəcəyini bildirmişdi. Krımlılara Kremlin «faşist xuntası» adlandırdığı Kiyev rəhbərliyinin hakimiyyəti altında yaşadıqları şəraitdən qat-qat yaxşı ömür sürəcəkləri vəd edilmişdi.

Həmin vədlərin üstündən iki il keçir. Ancaq verilən sözlər hələ də söz olaraq qalır. Krımlıların çoxu ilhaqın yarımadanı şərqi Ukraynadakı kimi xarabalığa çevrilməkdən qoruduğunu düşünsə də, yaxşı güzəran görmək həvəsləri hələ də ancaq arzuları olaraq qalır.

ÜÇ RƏSMİ DİL NECƏ OLDU?

Ən məşhur vəd isə Krımın üç rəsmi dili olan çoxmillətli və çoxdinli bir regiona çevrilməsiylə bağlı olmuşdu. Putin 2014-cü il martın 18-də Rusiya parlamentində çıxışında demişdi: «Biz Krımda yaşayan bütün xalqlara hörmətlə yanaşırıq. Bura onların birgə evidir. Ona görə də Krımda üç dilin – rus, Ukrayna və Krım dillərinin rəsmi dil olması daha doğrudur. Bilirəm ki, Krım xalqı da bunu dəstəkləyir».

Bu məsələ hətta Krımın 2014-cü ilin dekabrında Moskvanın nəzarəti altında qəbul olunmuş Konstitusiyasına da daxil edilmişdi. Lakin reallıqda vəziyyət tam başqadır.

«Nə gündəlik həyatda, nə işdə, nə də təhsildə dillərin bərabərliyi deyilən bir şey görürük. Bu, yalnız kağız üzərindədir», - Ukrayna Mədəniyyət Mərkəzinin yerli fəalı Veldar Shukurdzhiyev deyir.

Krımın paytaxtı Simferopolda hətta ilhaqdan əvvəl Ukrayna dilində tədris verən yalnız bir ali məktəb vardı. İlhaqdan dərhal sonra onun rəhbərliyi dəyişdirildi. Dərslər rus dilinə keçirildi. Orta məktəblərdə də Ukrayna dili dərsləri minimuma endirildi. Krım tatarlarının ali orqanı olan Məclisin məlumatına görə, tatar müəllimlər pedaqoji ixtisaslarından məhrum ediliblər. Tatar dilini isə yalnız dərsdən sonra tədris etməyə icazə verilir.

Başqa bir vəd təqaüd yaşının azaldılacağı, pensiya və maaşların artırılacağı ilə bağlı idi. İlhaqdan sonra pensiya və maaşlar doğrudan da 25 faiz artırılaraq Rusiyadakı səviyyəyə çatdırıldı. Amma dərhal da sanksiyalara görə qiymətlər sürətlə artmağa başladı.

KRIMDA QİYMƏTLƏR KİYEVDƏKİNDƏN BAHADIR

«Bu gün Krımda qiymətlər Kiyevdəkindən bahadır. Maaş artsa da, alıcılıq qabiliyyəti aşağı düşüb». Yerli iqtisadçı jurnalist Andriy Yanitsky belə deyir. Onun sözlərinə görə, hərbçilər, təhlükəsizlik qüvvələri və dövlət işçiləri daha yaxşı yaşayırlar. Çünki onlar Krımdakı Rusiya rejiminin əsasını təşkil edirlər. Amma ümumilikdə hətta Rusiya hökumətinin öz məlumatına əsasən, Krımda orta aylıq məvacib Rusiyanın istənilən regionunun göstəricisindən aşağıdır.

NƏ AEROPORT VAR, NƏ TEXNOLOJİ MƏRKƏZ

Moskva ilhaqdan sonra Krımda turizmin çiçəklənəcəyinə və 2014-cü ildən Sevastopolun Belbek aeroportundan kommersiya reysləri açılacağına söz vermişdi. Ancaq hələ ki, bu uçuşlardan da bir xəbər yoxdur.

Sevastopolun rusiyayönümlü administrasiyasının rəhbəri Aleksei Chaly şəhərdə Silikon Vadisinə bənzər bir texnoloji mərkəz yaradacağını bildirmişdi. Putin buna görə hətta 2 milyard rubl da ayırmışdı. Amma, hələlik, heç bir iş görülməyib.

Kerç boğazı üzərində tikilməkdə olan və Krımı Rusiya ilə birləşdirəcək körpüyə gəlincə, Yanitsky bu məsələdə daha optimistdir. O, körpünün tikilib başa çatdırılacağına inanır. Axı bu, daha çox ideoloji bir layihədir.

XS
SM
MD
LG