Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

“Dünyaya çıxarmağa Azərbaycan malı yoxdur”


Neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatı böhran keçirir.
Neftin ucuzlaşmasından sonra Azərbaycan iqtisadiyyatı böhran keçirir.

-

İqtisadçı Qubad İbadoğlu ölkə iqtisadiyyatının perspektivinə dair bədbin proqnoz verir.

Mərkəzi Bankın valyuta ehtiyatları ilin ilk aylarında da əriyib. Bir ölkənin valyuta ehtiyatları tükənərsə, nə baş verə bilər? İqtisadçı Qubad İbadoğlu AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

– Ölkənin valyuta ehtiyatları iki yerə ayrılır: Mərkəzi Bankın valyuta ehtiyatı və Neft Fondunun aktivləri. Mərkəzi Bankın valyuta ehtiyatı 4, Neft Fondunun 33 milyardlıq aktivi ilə birgə ölkənin 37 milyard dollarlıq valyuta ehtiyatı var. Bununla da Azərbaycan dövlətinin valyuta ehtiyatı 4 il əvvəlki vəziyyətə çatıb. Mərkəzi Bankın valyuta ehtiyatı tükənsə, iki varianta əl ata bilərlər: birinci variant odur ki, valyutanın tənzimlənməsini bazarın öhdəsinə buraxsınlar. Onsuz da getdikcə Mərkəzi Bankın bazarı tənzimləmək imkanları azalır. İkinci variant budur ki, Neft Fondu bazara valyuta çıxarmaqla yanaşı həm də Mərkəzi Banka valyuta transfer etsin ki, bunun hesabına qurum yenə də bazara müdaxilə etsin.

Bu gün ortada Azərbaycan malı yoxdur və onu beynəlxalq standartlara uyğun istehsal edib dünya bazarına çıxarası şirkətlər yoxdur.

Qubad bəy, ölkə gəlirləri neftdən daha çox asılıdır və bu vəziyyət davam edərsə, Neft Fondunun ehtiyatları da tükənərsə, yaxın gələcəkdə ölkə iqtisadiyyatını nə gözləyir?

– Valyuta ehtiyatları dinamikdir, bir tərəfdən xərclənirsə, digər tərəfdən üzərinə gəlir. Ancaq artıq Neft Fondunun valyuta ehtiyatını artırmaq ehtimalı azalır. Əgər 4-5 ildən sonra bütün valyuta ehtiyatı tükənərsə, manatın məzənnəsi ciddi şəkildə dəyişə, real dəyərini qazana bilər. İkincisi, ölkənin investisiya, kredit reytinqi düşə bilər. Yəni ölkə bütövlükdə maliyyə dayanıqlıqsızlığı problemi ilə üzləşə bilər. Bilirsiz ki, bir tərəfdən valyuta ehtiyatı azalır, digər tərəfdən valyuta öhdəlikləri artır. Çünki ölkə ciddi borcalmalara gedir. Gələcəkdə borc öhdəliklərinin yerinə yetirilməsində çətinlik yarana bilər. Və belə davam edərsə, ölkənin defolt olması qaçılmazdır.

“NƏ QƏDƏR POZİTİV TƏŞƏBBÜSLƏR OLSA DA...”

Yaranmış vəziyyətdən çıxmaq üçün hökumətin atdığı addımlar nə qədər ümidvericidir?

– Hökumət proqressiv sənədlər, qanunvericilikdə dəyişikliklər qəbul edir, xarici ticarəti stimullaşdırır, gömrük sistemində müəyyən işlər aparır, müsbət təşəbbüslər irəli sürür. Amma bu gün bazarda əsas oyunçu yoxdur. Bu gün ortada Azərbaycan malı yoxdur və onu beynəlxalq standartlara uyğun istehsal edib dünya bazarına çıxarası şirkətlər yoxdur. Buna görə də ən liberal, ən yaxşı gömrük rejimi, xarici ticarət imkanı ölkəni vəziyyətdən çıxarmaq gücündə deyil. Ölkəyə yeni investor gətirmək çətinləşib, mövcud investorlar isə ya fəaliyyətlərini məhdudlaşdırıb, ya da dayandırıblar. Heç ölkənin tələbatını ödəyən məhsul istehsal edə bilmirlər. Proseslər geriyə doğru gedir və müsbət təşəbbüslər o qədər də ciddi effekt verə bilməyəcək.

Qubad İbadoğlu: Gələcəkdə borc öhdəliklərinin yerinə yetirilməsində çətinlik yarana bilər.
Qubad İbadoğlu: Gələcəkdə borc öhdəliklərinin yerinə yetirilməsində çətinlik yarana bilər.

Qubad bəy, yaxın 2-3 ildə ölkə iqtisadiyyatının vəziyyətinin istiqamətini necə proqnozlaşdırırsız?

– Dünya bazarında neft qiymətləri bu cür davam edərsə, Azərbaycan iqtisadiyyatında bu il durğunluq olacaq, ilin sonu tənəzzülə girəcəyik. Növbəti illərdə də tənəzzül davam edəcək. Hətta neft bahalansa belə, ölkəni tənəzzüldən xilas etmək asan olmayacaq. Çünki valyuta ehtiyatları azalır, ölkənin böyük investisiya öhdəlikləri yaranır və hökumət Dövlət Neft Şirkəti ilə birgə yaxın dövrdə regionda böyük pul xərcləməlidir. Bununla yanaşı, alıcılıq qabiliyyətinin düşməsini, idxalın məhdudlaşdırıldığını, dövriyyədə manat kütləsini əsas götürsək, tənəzzülün bir neçə il çəkəcəyini proqnozlaşdırmaq olar.

XS
SM
MD
LG