Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:39

"Düzəltdiyimiz qondarma bütlərin tənqid olunmasına dözmürük"


Sevda Sultanova
Sevda Sultanova

-

"Biz məsələn, hansısa güclərin haqlarımızı, ləyaqətimizi, heysiyyətimizi təhqir eləməsinə asanlıqla razı oluruq, onu həzm edirik, amma düzəltdiyimiz qondarma bütlərin tənqid olunmasına dözmürük."

"Elçin filmdən aldığım mənəvi zədələrə görə mənə kompensasiya ödəməlidir. Süd də olar, amma ekoloji cəhətdən təmiz inək südü."

Kinoşünas Sevda Sultanova ilə bazar günü OxuZalında söhbət. Onunla şairə Sevinc Elsevər söhbətləşib.

- Sevda, bir neçə yazında şeir sevmədiyini demisən. Axı yaxşı filmlər həm də poetikdir. Yaxşı filmlərin hamısında poeziya var. Bizə təsir edən də o poetiklikdir.

- Hər bir film, yaxşı film doğrudan da poeziya olmalıdır. Amma poeziya deyəndə şeir nəzərdə tutulmur.

Yunanca poeziyanın hərfi anlamı - yaratmaqdır. Bu mənada yaxşı film yüksək bədii nümunə, kinematoqrafiklik, gözəl təsvir, fərqli yanaşma, müəllifin yeni baxış bucağı, dramaturji materialdan istifadə bacarığıdır.

Məsələn, Pazolininin (Pier Paolo Pasolini) ən sərt sosial, anti-burjua filmlərindən biri özündə qiyamçı ruh daşıyan, cəmiyyətin quruluşuna etiraz edən, ona meydan oxuyan “Akkattone” bu mənada poeziyadır. Həm də şeir anlamında poetik filmdir. Çünki Akkattone sutenyor olsa da, Pazolini onun mətnini, obrazın həllini, kameranın ona baxış bucağını poetik intonasiyada verir və bu, adamı mütəəssir edir. (davamı aşağıda)

Amma bizim sentimental poeziyamızdan fərqli olaraq, filmin poetikliyi analitik düşüncəyə sövq edir.

Yeri gəlmişkən, mənim bu gün sevdiyim, oxuduğum şairlər var. Məsələn, bir neçə gün öncə Fəridə Məmmədovanın şeirlər kitabını birnəfəsə oxudum. Fəridənin hər şeirində hədəfə dəyən bir misra var. Onu siyasi məhbus Anar Məmmədliyə də yolladım. Anar dedi ki, Fəridəni təbrik edərsən adımdan, əla şeirlər idi.

- Pazolininin adını çəkdin. Pazolini həm də şair idi axı....

- Həm də son filmindən sonra demişdi ki, daha film çəkmək istəmir, ədəbiyyatla məşğul olmaq arzsundadır. Mən onun şeirlərinin necə olduğunu bilmirəm. Amma fakt bundan ibarətdir ki, o, tarixdə daha çox rejissor kimi qalıb. Məsələn, bu gün bir fransız rejissordan Pazolinini soruşsanız, əminəm ki, onu rejissor kimi xatrılaycaq.

Yenə də deyirəm ki, poeziya sözunu şeir anlamında qəbul eləmək lazım deyil. Çünki bu, daha çox sənətin dar anlamda dərk edilməsidir.

Deyək ki, Almodovarın filmlərində rəng həlli, fleşbəklərdən ustalıqla istifadə, obrazların açılması, yaxud Paul Thomas Andersonun “Maqnoliya” filmində fasiləsiz planlar, montaj həlli, aktyorlardan aldığı maksimal nəticə poeziyadır, əlbəttə ki.

- Bir sual da yarandı. Bəlkə kinematoqrafiya sənət kimi özü çox populyardır, ona görə Pazolini şairdən çox rejissor kimi tanındı?

- Kinematoqrafiya populyar olsa da, incəsənətin ən çətin, riyazi dəqiqlik, iti zəka tələb edən növüdür.

Kinematoqrafiya populyar olsa da, incəsənətin ən çətin, riyazi dəqiqlik, iti zəka tələb edən növüdür.

Böyük rejissorların əksəriyyəti deyir ki, ssenarini yazmağa başlayanda, ilk olaraq intuitiv səviyyədə işləyirik. Amma bu intuisiya sonrakı iş prosesində analizə çevrilməlidir. Əgər çevrilməyəcəksə, çəkmək lazım deyil.

Yarandığı ilk dövrdə kino təbii ki, əyləncə olub. Özü də varlıların əyləncəsi. Çünki kino çəkmək xərc tələb edirdi və belə bir şeyi özünə ancaq varlılar izn verirdi. Fikir vermisizsə, o dövrdə film çəkənlərin əksəriyyəti burjua övladları olub. Bunu xatirələrində Bunuel də (Luis Buñuel) yazır. O, ilk filminin maliyyəsini varlı valideynlərindən alıb.

XX əsrin əvvəllərindən başlayaraq, kino sənəti özünün ciddiliyini sübuta yetirməyə başladı. Bu, artıq başqa söhbətdir ki, insanlar kinoda meynstirmlərə, kütləviliyə meyl edirlər. Ona qalsa, ədəbiyyatda da belletristika var. Ümumiyyətlə, yüngül ədəbi məhsullar bütün incəsənət növlərində var. Məsələn, “Bozun əlli çaları” romanı satışa çıxarıldığı qısa müddətdə satılıb. Normaldır. Yaxud Nüsrət Kəsəmənlinin şeirləri “popsa”dır.

- 1930-cu illər fransız kinosunda poetik realizm adlı bir istiqamət də meydana çıxmışdı....

- Poetik realizmdən söz düşmüşkən, maraqlı bir şeyi deyim. Bəziləri elə düşünür ki, əgər söhbət poetik filmdən gedirsə, qəhrəmanlar mütləq yüksək mənəviyyatlı, duyğusal göstərilməlidir, seçilən ifadə vasitələrində nəsə xüsusi estetizim, son dərəcə melanxolik, lirik ovqat olmalıdır, planlar da uzun çəkilməli, çəkiliş tempi də ləng olmalıdır, qəhrəman uzun-uzadı harasa baxmalıdır.

Halbuki, Julien Duvivierin 1937-ci ildə çəkdiyi “Pepe le Moko” filmi janrına görə kriminal dramdır və üstəlik, dünya kinosunda nuar üslubunun ilk filmlərindən biri sayılır. Filmin qəhrəmanı da cinayətkardır, əhvəlatın tempi də dinamikdir. (davamı aşağıda)

- Bəziləri deyəndə, yəqin ki, bayaq xatırlatdığın sentimental şairlər belə düşünürlər.

- Çox səmimi deyirəm, mən “popsa”, sentimental, duyğu sümürücüsü olan şeirləri oxuya bilmirəm. Ümumiyyətlə, belə mətnləri. Ürəyim sıxılır. Özümü Molla Pənah Vaqif əsrində hiss edirəm. Qısası bu, mənim deyil.

- Sən daha çox konseptual şeirləri sevirsən, təxmin edirəm...Biz bunu aydınlaşdırdıq ki, sən ümumiyyətlə, şeirə qarşı deyilsən...

- Niyə ki, duyğulu şeirlər də sevirəm (adlar çəkir). Məsələ sadəcə onun necə ifadə edilməsindədir. Mən Umberto Eco deyiləm. Adi, sıradan bir insanam. Şeirə necə münasibət bəsləməyim ədəbiyyatda nəyisə həll eləmir (gülür). Eco'dan söz düşmüşkən, İtaliyada yaşayan dostum Nihaddan soruşdum ki, italyanlar da Eco'nun ölümünə bizim kimi emosional reaksiya verirlər? Dedi, yox, vallah, burda elə ağlaşma yoxdur (gülür).

- Azərbaycan kinosunun problemi bəlkə poetikliyin azlığındadır? Məsələn, bəlkə elə bilirlər ki, Əliağa Vahiddən film çəkib Əliağa Vahidin şeirlərini səsləndirmək poetiklikdir. Çoxlu şeir səsləndiriblər bizim filmlərimizdə. Rejissorlarımız şeircanlıdır...

- Rejissorlarmız şeircanldır - əla ifadədir, yazılarımda istifadə edərəm. Əsas məsələ hər şeydən əvvəl kinematoqrafik düşüncənin kasadlığındadır. Daha aydın izah edim. Deyək ki, bir rejissor bir bomjun yüksək mənəviyyata malik olmasını göstərmək istəyir. O, bunun vizual həllini, yəni onun kamil bir insan olduğunu göstərmək üçün ifadə vasitələri tapmaq əvəzinə, həmin bomja Şekspirin hansısa əsərindən uzun-uzadı didaktik, pafoslu monoloq söylətməklə teatral, asan ifadə yolu seçir. Və ona elə gəlir ki, tamaşaçı bu monoloqu dinləyib katarsis keçirəcək.

Yerinə düşüb, bir məsələni də deyim. İndi bizim yazıçı dostlarımızı sosial problemlərdən, sosial mövzulardan, yoxsulluqdan yazdıqlarına görə tənqid edirlər. Amma bu, heç bir halda sosial motiv bədii əsərin əsasına çevrilməməlidir anlamına gəlmir. Məsələ yenə necə yazmağa dirənir.

Gəl, bunu konkret bir nümunədə aydınlaşdıraq. Qodarın (Jean-Luc Godard) “Son nəfəsdə”si anti-burjua filmidir, sosial motivi var və ümumiyyətlə, sol filmdir. Amma gəlin görək, rejissor bunu necə həll edib? Əvvəla, onun qəhrəmanı Mişel yoxsulluqda əziyyət çəkən, mövcudluğu uğrunda mübarizə aparan müsbət obraz yox, cinayətkardır, polisi qətlə yetirir. O, cəmiyyətə, burjuaziyaya xaotik, azad davranışı ilə etiraz edir. Və Qodar onun mövqeyini müdafiə edir. Filmdəki sərt montaj, montaj düzümünün pozulması, Mişelin kino qanunlarına zidd birbaşa kameraya baxışı onun azad, xaotik dünyasına tam adekvatdır.

- Sevda, sənin hekayələrin də çap olunurdu. Hekayələrindən biri Trierə, o biri Tarkovskiyə həsr olunmuşdu. Tanış olduğum bir başqa hekayənin qəhrəmanı isə Qodardı. Bildiyimə görə, bir kitab üzərində işləyirsən, o kitabın qəhrəmanları rejissorlardır.

Sevda Sultanova
Sevda Sultanova

- Bu layihənin ideyası rejissor Əli İsa Cabbarovundur. Layihəyə çox sevdiyim 12 rejissor daxildir. Janrına görə sürreal hekayələr olacaq. Hadisələr Azərbaycanda baş verəcək. “Qodar”ı bitirmişəm, amma zaman-zaman üzərində yenə işləyirəm. “Bunuel”ə başlamışam, çox da zövq alıram.

Amma normal hekayə ortaya çıxarmaq üçün əmək sərf eləməlisən. Ona görə hər rejissor haqda yazmadan öncə haqqında çox oxumaq, filmlərini təkrar-təkrar izləmək lazım gəlir ki, hekayənin formasını, motivini tapım və üstəlik, bu, Azərbaycanın bugünkü vəziyyəti ilə də səsləşməlidir.

Jean-Pier Godart
Jean-Pier Godart

Hərçənd, indi hekayələrin yazılmasını dayandırmışam. Vəkil Elton Quliyev haqda kitabı düşünürəm.

Deyim ki, bu kitab, mənim üçün 12 rejissordan daha vacibdir, Elton Quliyev də şəxsiyyət kimi məsələn, Qodardan daha önəmlidir.

- Tənqid inkişafa aparır. Amma bəzi tərif etdiyin yerli rejissorlar da olub. Son illərdə çəkilən iki filmi sən tərif elədin. “Nabat” və “Axınla aşağı” filmlərini sən tərifləyəndə o qədər sevindim ki, deməli, ümid yeri var.

- Fikirlərim subyektiv də ola bilər. Amma adını çəkdiyin konkret iki film doğrudan da dünyaya çıxarılası abırlı filmlərdir. Bu haqda yazmışam.

- Kinonun bilicilərindən birisən. Yazılarında da obyektivsən. Son vaxtlar ədəbi əsərləri tənqid edirsən. Məsələn, Əkrəm Əylislinin Safsar hekayəsini elə gözəl tənqid, təqdim eləmişdin ki, mən o əsəri tapıb oxudum. Səndə ədəbi tənqid də gözəl alınır. Bəlkə ədəbi tənqidçiliyi də boynuna götürəsən? Bizdə obyektiv ədəbi tənqidçilər kasadlığı var.

- ...Daha çox ruhuma, beynimə toxunan əsərlər haqda və bir oxucu kimi yazıram.

Elçin Əfəndiyev
Elçin Əfəndiyev

- Bugünlərdə yazıçı Elçin səni “Qatil” filmi haqda yazına görə tənqid eləmişdi ki, belə tənqid yazmazlar.

- Elçin mənə təşəkkür eləməlidir ki, o cür “bezdarnı” film haqda vaxt sərf edib nəsə yazmışam, hələ üstəlik, filmdən aldığım mənəvi zədələrə görə mənə kompensasiya da ödəməlidir. Süd də olar, amma ekoloji cəhətdən təmiz inək südü.

Ingmar Bergman
Ingmar Bergman

Ümumiyyətlə, bizim yaşlı yazıçılar qəribə adamdırlar. Əgər film zəifdirsə, bunu etiraf eləmək böyüklükdür. I.Bergman kimi rejissor dahi filmlərindən birini “ruhi xaltura” adlandırır. Məgər Elçin, Bergmandan böyük sənətkardır? Bu, bir tərəfə, deyir ki, o filmdə Viskonti (Luchino Visconti) təsirini hiss elədim.

Viskontinin yaradıcılığı bir neçə mərhələdən ibarətdir: əvvəlcə neorealizm, yaradıcılığının sonrakı mərhələsində neorealizmdən, proletar temasından uzaqlaşır, daha çox psixoloji dramlar çəkir, eyni zamanda tarixi dramlar, kostyum filmləri çəkib, barokko elementlərindən istifadə edib.

Sual olunur: “Qatil” filmində zavallı Viskonti haradadır? Belə sözlərlə sadə oxucuları çaşdırmaq lazım deyil.

- Artıq tənqidçilərin Sovet dövründəki qədər nüfuzu yoxdur. Bu gün İnternet, sosial şəbəkələr bir yeni filmin haqqında hər kəsə danışmaq, fikrini söyləmək haqqı verir. Belə olanda, tənqidçinin sözünün çəkisi varmı?

- Ümumiyyətlə, hər bir insanın sosial şəbəkədə istənilən film, roman haqda fikir deməsi, polemikaya qoşulması əladır. Normal, sivil cəmiyyət polemikalarla, alternativ fikirlərlə inkişaf edir.

Bizim cəmiyyətdə alternativ fikir mədəniyyəti yoxdur. Seymur Baycan Bəxtiyar Vahabzadəni tənqid elədi, o tənqiddə zərrə qədər də olsun təhqir yox idi, az qaldı Seymuru daş-qalaq eləsinlər.

Çünki bu insanlar bütsüz yaşaya bilmirlər və biz məsələn, hansısa güclərin haqlarımızı, ləyaqətimizi, heysiyyətimizi təhqir eləməsinə asanlıqla razı oluruq, onu həzm edirik, amma düzəltdiyimiz qondarma bütlərin tənqid olunmasına dözmürük. Bu, sivil düşüncə yox, feodal düşüncəsidir.

Mənim çox sevdiyim dahi, ictimai fikri dünya üçün əhəmiyyətli rejissorlar var ki, onlar öz ölkələrində tənqid də olunur, təhqir də və mənim üçün də heç bir halda büt deyillər.

O ki qaldı tənqidçinin sözünün çəkisinin azalıb-azalmaması məsələsinə, məsələn, bir faktı deyim.

Bugünlərdə sosial şəbəkələrdə hamı “Danimarkalı qız” filmini müzakirə edirdi və əksəriyyəti də o filmin şedevr olduğunu deyirdi. Nəsə, baxdım. Sıradan, həddən artıq zəif, klişelər üzərinə qurulmuş filmdir. Film real hadisə əsasında çəkilib. Ortada ciddi material var, amma rejissor işləyə bilməyib, qəhrəmanın kişidən qadına çevrilməsinin həyəcanını, cəmiyyəti tərəfindən anlaşılmamasının faciəsini göstərməyib, bir uğurlu bədii həll, müəllif baxışı yoxdur və hər şeyi kinoda dəfələrlə işlənmiş bəsit dramaturji priyomlar üzərində qurub. Yəni bu film mənim həyat, kino, hissi təcrübəmə nə verdi? Heç nə.

XS
SM
MD
LG