Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Korrupsiyanın caynaqları hara kimi uzanır?


Mərkəzi Bank
Mərkəzi Bank

-

Ölkədə sosial çətinliklər, korrupsiya medianın aparıcı mövzusudur.

DÖVLƏTİN NÜFUZUNUN ARTMASI...

«Azərbaycan» qəzeti dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakına bir sıra yazılar həsr edib. Bu yazılarda prezidentin Münhen konfransında iştirakı «Dövlətin nüfuzunun artması» kimi dəyərləndirilir.

«52-ci Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın bilavasitə iştirakı ilə reallaşan mühüm energetika layihələrinin yalnız regionda deyil, dünya miqyasında böyük əhəmiyyətə malik olduğu xüsusi ilə vurğulanıb» - deyə qəzetdə qeyd edilir.

HAVA VƏ SU KİMİ VACİB QƏRARLAR NƏ OLA BİLƏRDİ?

«Mərkəzi Bankın qəbul etdiyi səhv qərarların sayı artmaqdadır. Bu qurumun qəbul etdiyi son qərar ölkədə işgüzar fəaliyyəti daha da zəiflədəcək». İqtisadçı Nemət Əliyev «Azadlıq» qəzetinə verdiyi açıqlamada Mərkəzi Bankın uçot dərəcəsini qaldırması məsələsinə toxunub.

N.Əliyev 2015-ci ildə manatla verilən kreditlərin həcminin 2.5 milyard manat azaldığını nəzərə çatdırır:

«Alıcılıq qabiliyyətini nəzərə almaq üçün nisbətən sabit valyutada hesablayıb müqayisələr aparsaq, məlum olar ki, bir il ərzində kredit qoyuluşu 9.7 milyard dollar azalıb. 13.9 milyard dollara düşüb. Göründüyü kimi, bir ildə irimiqyaslı kredit resurslarından məhrum olmuşuq».

Ekspertin fikrincə, belə ağır bir zamanda vəziyyətin daha da pisləşməsinin qarşısının alınmasında iqtisadiyyatın pulla təminat səviyyəsinin yüksəldilməsi hava, su qədər vacib idi:

«Lakin Mərkəzi Bankın uçot dərəcəsinin artırılmasını nəzərdə tutan qərarı kreditlərin faiz dərəcələrinin artırılmasına, iqtisadiyyatın kredit resursları ilə, pulla təminat səviyyəsinin pisləşməsinə səbəb olacaq. Eyni zamanda işgüzar fəallığın daha da zəifləməsinə əsas verəcək».

RÜŞVƏTİN BİR UCU KOMİTƏ SƏDRİNƏ ÇIXIR?

modern.az saytı isə vəkil Adəm Məmmədovun yenə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinə qarşı iddialarına yer verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova

«Mən məlum məsələ ilə bağlı Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsində olmamışam»,-deyə vəkil Adəm Məmmədov qurumun şöbə müdiri Elgün Səfərovun verdiyi açıqlamanı təkzib edib.

Vəkil deyib: «Mən hüquqlarını qoruduğum şəxsin iddiasını müdafiə edirəm. Şikayətçi bildirib ki, 170 min ABŞ dollarını keçmiş Aparat rəhbəri onun gözünün qarşısında Dövlət Komitəsinin sədrinə verib. Bu barədə müvəkkilimdə tutarlı dəlillər var».

Adəm Məmmədov qeyd edib ki, sosial şəbəkələrdə bununla bağlı yazı ictimailəşdikdən sonra daha iki nəfər eyni motivlə zərər çəkmələri barədə müraciət edib. «Lazım gələrsə, bu faktları da açıqlayacağam», - deyə A.Məmmədov bəyan edib.

Komitədən isə bildirmişdilər ki, keçmiş aparat rəhbərinin 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov onların yanında olub. Məhz komitədə vəkillə söhbətdən sonra məsələnin araşdırılması üçün fevralın 5-də komitərəsmi şəkildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib.

«Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib», -komitədən bildirilib.

Vəkil Adəm Məmmədovun bir qədər də qabağa gedərək komitə sədrini üzünü ittiham etməsinə gəldikdə isə, buna qarşı tərəfdən hələ ki, hər hansı reaksiya verilməyib.

KORRUPSİYANIN CAYNAQLARI...

«Təəssüf ki, korrupsiya hakimiyyət strukturlarının bütün səviyyələrinə nüfuz edir. Bu sistemli xarakter alır, mahiyyəti etibarı ilə özünü dövləti fəaliyyətin bütün sahələrində büruzə verir».

«Novoye Vremya» qəzetində dərc edilən «Korrupsiya caynaqları daha çox sferanı əhatə edir» məqaləsində belə deyilir.

Korrupsiya
Korrupsiya

Məqalədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Komitədə baş verənlərə də toxunulur.

«Ölkədə korrupsiya ilə mütəşəkkil cinayətkarlıq və kölgə iqtisadiyyatı arasında sıx əlaqə var. Tək komitənin keçmiş aparat rəhbəri belədirmi? MTN-dəki korrupsiya cinayətlərini yada salmaq pis olmazdı»-deyə yazıda korrupsiyanın ölkənin milli təhlükəsizliyinə cavabdeh olan orqanı belə əhatə etməsi vurğulanır.

Məqalədə qeyd edilir ki, bundan sonra da «ölkədə korrupsiya yoxdur» demək, sadəcə, gülməlidir:

«İndi nə qədər bəyanatlar səslənirsə səslənsin, korrupsiya Azərbaycanın dövlət-hüquq sisteminin özündən doğur. Çünki real icra, qanunverici və məhkəmə hakimiyyəti bölgüsü yoxdur. Bax, bununla mübarizə aparılmalıdır. Bu isə o deməkdir ki, Mahmudovlar, İmanovlar, Zeynalovlar bir-birini əvəz edəcək».

DEPUTAT FORMALLIĞIN ƏLEYHİNƏDİR...

«İctimai şuralar mərkəzi və yerli icra hakimiyyətlərinin nəzarətindən çıxarılmalıdır».

«Bizim Yol» qəzetində dərc olunan məqaləyə görə, deputat Azay Quliyev bunu «İctimai iştirakçılıq haqqında» qanun layihəsinin müzakirəsində deyib. O, apellyasiya şuralarının yaradılmasına da toxunub: «Biz subyektivliyi, formallığı aradan qaldırmaq istəyirik».

O, bu şuraları rəsmi qurumların təşkil etməsinin də əleyhinə çıxıb.

XS
SM
MD
LG