Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:20

Azərbaycan istiqlalının ən gənc mühaciri…


Ceyhun Hacıbəyli
Ceyhun Hacıbəyli

►Fevralın 3-də Ceyhun bəy Hacıbəyli 125 yaşını tamamlayır

AZƏRBAYCAN İSTİQLALININ ƏN GƏNC MÜHACİRİ…

1891-ci il fevralın 3-də Şuşada doğulub.

Hacıbəylilər soyadının 3-cü oğlu – sonbeşiyi olub.

İlk təhsilini Şuşada alıb.

Sonra Bakı Rus-Tatar Məktəbində oxuyub.

Milyonçu Murtuza Nağıyevin yardımıyla öncə Sankt-Peterburq universitetində, daha sonra Parisin məşhur Sorbonna universitetində təhsil alıb.

Bəxti bir yöndən də gətirib - sonralar Azərbaycan musiqisinin simvolu sayılacaq bir şəxsin -Üzeyir bəyin kiçik qardaşı olub.

Elə 1908-ci ildə ilk operanın yazılmasında da qardaşına ciddi köməyi dəyib. Aradan yarım əsr ötəndən sonra öz “Xatirələr”ində bu barədə geniş yazıb.

Ceyhun Hacıbəyli - "İz" proqramı
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Universitet təhsilini boş keçirməyib. O, - Ceyhun bəy Bakıya Avropa dillərini bilən, savadlı, dünyagörüşlü bir ziyalı kimi qayıdıb.

15-16 yaşından başladığı jurnalistlik fəaliyyətini sürdürüb, dünya klassiklərindən tərcümələr edib.

Səfərin başlıca hədəfi…

Cümhuriyyətin qurulmasını, qardaşı Üzeyir bəy kimi, coşquyla qarşılayıb.

Cümhuriyyətin rəsmi mətbu orqanının ”Azərbaycan” qəzetinin redaktoru olub.

1919-cu ildə Paris Sülh Konfransına gedən Azərbaycan nümayəndə heyətinin tərkibinə fransız dilini gözəl bilən Ceyhun bəy də müşavir sifətiylə qatılıb.

Səfərin başlıca hədəfi – Azərbaycan Cümhuriyyətini beynəlxalq aləmdə tanıtmaq olub.

Uzun əngəllərdən sonra aylarca İstanbulda qalmağa məcbur qalan nümayəndə heyəti Parisə çata bilib və aramsız çalışmalarla 1920-ci ilin yanvarında Azərbaycan Cümhuriyyətini de-fakto tanıdıb.

Üzeyir bəy Hacıbəyli
Üzeyir bəy Hacıbəyli

Heyhat! Bu sevinc çox az çəkib. Aprel çevrilişi heç iki yaşını tamamlamağa macal tapmayan Cümhuriyyəti boğub…

O xəbəri eşidən Azərbaycan nümayəndə heyətinin nə hala düşdüyünü göz önünə gətirin…

Cəmi 28 yaşında böyük arzularla Parisə yollanan Ceyhun bəyin vəziyyətini düşünün.

Beləcə, Ceyhun bəy Hacıbəyli - Azərbaycan mühacirətinin ən gənc nümayəndəsi o vaxtdan Parisdə qalıb.

Eynən nümayəndə heyətinin o biri üzvləri kimi min bir çətinliklə üzləşib.

“Prometey”in fəallarından, AzadlıqRadiosunun qurucularından olub

Mənzil kirayəsi, məişət qayğıları, övladlarının təhsil haqlarını vaxtında ödəyə biilməməsi onu daim üzüb.

Üzeyir bəy ona Bakıdan kömək etməyə çalışıb, bir yandan da onun Vətənə dönməsinə izin almağa cəhd göstərib.

Amma Ceyhun bəy onu Vətəndə nələr gözlədiyini təxmin etdiyindən Bakıya qayıtmayıb…

Və… mühacirətdə yaşadığı uzun zaman dilimində Müstəqil Azərbaycan davasını sürdürməkdən usanmayıb.

“Prometey” təşkilatının fəallarından sayılıb. Bir sıra nəşrlərdə çalışıb. Parisdə “Qafqaz”, Münhen və yenə Parisdə “Azərbaycan” jurnallarını nəşr etdirməyə nail olub.

Münhendə “SSRİ-ni öyrənən İnstitut”un üzvü seçilib.

“AzadlıqRadiosu”nun yaradıcılarından olub.

Neçə-neçə publisistik əsərlər yazıb.

Bunlara da bax:
Ceyhun Hacıbəyli (solda) qardaşı Soltan Hacıbəyli ilə birlikdə.
Ceyhun Hacıbəyli (solda) qardaşı Soltan Hacıbəyli ilə birlikdə.

Fransa Xarici İşlər Nazirliyində çalışıb.

Azərbaycan sevdası bitmək bilməyib…

Odur ki, mətbuat vasitəsilə Bakıdan, Azərbaycandan həmişə xəbərdar tuta bilib.

1938-ci ildə Üzeyir bəyin “Koroğlu” operasının Moskvadakı triumfundan sonra qardaşına teleqram göndərib və “Təbrik edirəm!” – deyib.

Üzeyir bəyin 1948-ci ildə dünyadan köçdüyündən də xəbər tutub.

10 il öncə Ceyhun bəyin nəvəsi Kleman Hacıbəyli qardaşının ölümünü eşidən Ceyhun bəyin necə ağladığını atası Timuçinin xatırladığını “İz”ə söyləyib.

Ceyhun bəy mühacirətdə çox çilə çəkib. İlk övladını - Ceyhunu itirib və ömrüboyu Vətən həsrətiylə yanıb-yaxılıb. “Xatirələr”ində belə yazıb:

“Doğmalarım ard-arda dünyadan köçürlər…”

"Doğmalarımdan ayrılmağımın həsrətini bu 40 il ərzində tez-tez çəkirəm. Ən çox da yadıma düşən bacılarımdı. Bəzən də anamın və ortancıl qardaşımın surətləri bacılarımın surətlərini əvəz edir. Yadımdadı, mən Fransaya gələndə bacılarım necə acı göz yaşları tökdülər. Anamın dolu gözləri xəyalımdan çəkilmir. Mən onları inandırırdım ki, cəmisi iki aylığa gedirəm. Nə üçün ağlayırsınız? Amma mən özüm də bilmədən onları aldatmışam. İndi məmləkətimdən ayrılmağımın 41-ci ilini yaşayıram. Onları bir daha görmədim və heç vaxt da görməyəcəyəm. Doğmalarım - kişilər və qadınlar bir-birinin ardınca dünyadan köçürlər. Elə mən özüm də köçəcəyəm...”.

1961-ci ildə Parisə ilk qastroluna gedən qardaşıoğlu maestro Niyazi sovet xofundan əmisini görə bilməyib. Bir neçə ildən sonra növbəti gedişdə bu istəyini gerçəkləşdirib. Əmisioğlu Timuçinlə görüşə bilib. Kleman Hacıbəyli:

”Babam Azərbaycana qayıda bilmədi-çox arzulasa da… Niyazi 1966, ya 1967-ci ildə Parisə gələndə atamla - Timuçin Hacıbəyliylə görüşdü. İlk dəfə atamım ağladığını onda gördüm…Sonra atam 3 dəfə Azərbaycanda oldu, hətta Şuşaya da getdi...”.

Ramiz Abutalıbova dərin təşəkkürlər!..

Artıq Ceyhun bəy 1962-ci ildə dünyadan köçmüş, Sen-Klu məzarlığında dəfn olunmuşdu…

AzadlıqRadiosu öz yaradıcılarından olan Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyini “İz” proqramın hazırladığı radio-dastanla anır.

“İZ”in müəllifləri Ceyhun bəyin arxivini Vətənə qaytaran Ramiz Abutalıbova dərin təşəkkürlərini çatdırır və hamını, özəlliklə gəncləri bu efir dastanını dinləməyə dəvət edir.

Ceyhun Hacıbəyli - "İz" proqramı
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

Bu “İz” i itirməyin.

Azərbaycan istiqlalının ən gənc mühacirinin həyat tarixçəsini birgə vərəqləyin…

Bunlara da bax:
XS
SM
MD
LG