Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:25

Şahvələd Çobanoğlu: «MTRŞ kimdir ki?»


Mir Şahin
Mir Şahin

-

İki gündür sosial və ənənəvi mediada müzakirə edilən məsələlərdən biri də ANS-in «Hesabat» verilişi ətrafında baş verənlərdir. «Milli Televiziya və Radio Şurası niyə verilişi dayandırdı» sualına cavab tapılmamış qərarın özünün icrası dayandırıldı. Sonra da ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev «azad sözə dəstəyinə görə» şəxsən prezident İlham Əliyevə təşəkkür etdi.

Media üzrə hüquqşünas Ələsgər Əhmədoğlu Facebook-da yazır: «Dövlət qurumlarının məsul şəxslərinin qanunsuz qərarlar verməsi, sonra mürəkkəbi qurumamış ondan imtina etməsi, sadəcə, onların özlərini qeyri-ciddi göstərmir, həm də dövlət qurumunun ciddiyyətinə, nüfuzuna ciddi zərbə vurur. Dünən MTRŞ tamamilə emosional bir qərar verərək ANS TV-nin «Hesabat» verilişini bir aylıq dayandırıb. Bu gün toplanıb həmin qərarın icrasını dayandırıblar. Bu qərarlara imza atanlar qurumun nüfuzunu düşünürlərsə, artıq orda qalmamalı, dərhal istefa verməlidir. Bu birinci hal deyil».

Köşə yazarı Şahvələd Çobanoğlu isə AzadlıqRadiosunun bu haqda suallarını cavablandırıb.

- Şahvələd bəy, bir verilişlə bağlı məsələyə prezidentin müdaxiləsi nə qədər normaldır? Bunu ayırd etmək üçün yetərincə dövlət qurumu, məhkəmə yoxdurmu?

- Prinsipcə, Azərbaycanda hər şey, iqtisadi qərarlar da, siyasi həbslər də, o cümlədən mətbuatdakı durum da prezidentin iradəsinə bağlıdır. Bu danılmazdır! Çox şey, mətbuat azadlığı da, verilişlərin mövcudluğu da, televiziyaların mövcudluğu da siyasi iradəyə bağlıdır. Yəni bu, qanunlarla, Konstitusiya ilə tənzimlənmir. Ona görə də burda təəccüblü heç nə görmürəm.

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

- ANS Şuranın qərarını söz azadlığına zərbə kimi dəyərləndirir. Sizcə, bu baş verənlər söz azadlığına müdaxilədir, yoxsa pərdəarxası başqa şeylər baş verir?

- Televiziya kanallarında söz azadlığı yoxdur, axı. Bir də, oradakı narazılığın və qarşıdurmanın səbəbi bizə bəlli deyil. Amma bu, söz azadlığına bağlı məsələ deyil, bu da aydındır. Onsuz da ANS-də tənqidçi fikir, azad söz yoxdur. Onun özünün mövcudluğu da siyasi iradəyə bağlıdır. Siyasi iradənin tərənnümü ilə məşğuldur.

- O zaman nə baş verir? Şura sədrinin telekanalla şəxsi ədavəti var?

- Açığı, orda nə baş verdiyini bilmirəm, informasiyam yoxdur. Mənə bəllidir ki, orda cəmiyyətə də açıqlanmayan qarşıdurma faktorları var. ANS ətrafında baş verənlər müstəqil mətbuata olan basqıya uyğun deyil.

- Sosial mediada belə fikir dolaşır ki, bu hadisə növbəti dəfə MTRŞ-nin söz sahibi olmadığını ortaya qoydu. Hətta sədrin istefasını gözləyənlər də var. Siz nə deyərdiniz?

- Azərbaycanda qurumlar, məhkəmələr belə yuxarıların sözü ilə qərar çıxarırlar. Şura kimdir ki? Ədalət məhkəməsi belə siyasi iradəylə qərar qəbul edir. Bu baxımdan Şuranın qərarı da siyasi niyyətlə dayandırıla bilər və dayandırıldı da.

XS
SM
MD
LG