Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:20

«Məni yeznəm Emin Milliyə görə həbs ediblər»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Mənə bu barədə konkret söz deyilməsə də, hesab edirəm ki, məni yeznəm Emin Milliyə görə həbs ediblər. Çünki o, hökumət əleyhinə çıxışlar edir, bu barədə internetdə materiallar yayır».

Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində «Meydan TV»nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov dedi.

«TƏZYUQ GÖSTƏRİBLƏR, DÖYÜBLƏR»

Yanvarın 14-də keçirilən məhkəmə iclasında Nazim Ağabəyov ifadə verərək bildirdi ki, üzərindən tapıldığı iddia olunan narkotikin ona heç bir aidiyyəti yoxdur: «Cibimdən və maşınımdan çıxan bükülünün heç biri mənim olmayıb. Polis əməkdaşı Vüqar Nəcəfov dedi ki, «boynuna götürməsən, evdəkiləri də tutacağıq». Mən də ailəmə, xəstə azyaşlı uşağıma görə qorxudan boynuma götürdüm. Bu barədə ifadəni də oradakı başqa bir polisin diktəsi ilə yazdım».

Nazim Ağabəyov onu da qeyd etdi ki, evinin yaxınlığında onu maşınından düşürüb, qolunu qandallayıblar:

«Maşınımı açarı götürüb Vüqar Nəcəfov sürdü, məni də arxa oturacaqda başı aşağı oturtdular ki, heç nə görməyim. Bakı Şəhər Baş Polis İdarəsində mənə təzyiq olunub, məni qorxudub, kobud rəftar eləyiblər. Bir həftə də «bandotdel»də saxlayıblar. Orada məndən Emin Milli barədə məlumatlar alıblar, təzyiq göstəriblər, döyüblər».

PREZİDENTİ DƏSTƏKLƏYİR

Nazim Ağabəyov ifadəsində dedi ki, Emin Millidən fərqli olaraq, bu hökuməti, o cümlədən, prezidenti dəstəkləyir, ona səs verib.

Nazim Ağabəyovun vəkili Adil İsmayılov müvəkkilinin prezidentə müraciətini məhkəməyə təqdim etdi.

Adil İsmayılov onu da qeyd etdi ki, Nazim Ağabəyov hələ də qorxu altındadır: «Fikirləşir ki, burada olanları danışdığına görə yenə aparıb döyəcəklər».

Daha sonra məhkəmədə bir şahid dindirildi. O da Nazim Ağabəyovun ifadəsində adını çəkdiyi, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polkovnik Vüqar Nəcəfov idi. O, Nazim Ağabəyovun təzyiqlərə məruz qalması, cibinə narkotik atılması barədə deyilənləri inkar etdi: «Özü səmimi şəkildə boynuna aldı ki, narkotik onundur».

Məhkəmə yanvarın 21-də davam edəcək.

XS
SM
MD
LG