Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Emin Millinin növbəti ailə dramı


Emin Milli
Emin Milli

.

“Meydan TV”nin direktoru Emin Milli ilk dəfə deyil ki, ictimai mövqeyi ilə ailəsi arasında qalır.

Bir neçə il əvvəl xuliqanlıq ittihamı ilə 16 ay həbsdə yatıb azadlığa çıxandan sonra məlum olur ki, xanımı ondan ayrılmaq qərarına gəlib- 31 yaşlı bloqqerin xanımının atası işdən çıxarılmışdı. 2011-ci ildə cütlük boşanır.

“New York Times” qəzeti həmin vaxt Emin Milliyə ayrıca məqalə həsr edir.

Bir neçə gün əvvəl Millinin hazırkı xanımının qardaşı Nazim Ağabəyov narkotik saxlama ittihamı ilə saxlanılıb.

Emin Milli və xanımı Tora Ağabəyova
Emin Milli və xanımı Tora Ağabəyova

23 qohumun imtina məktubu

İyulun 30-da isə Millinin ata tərəfdən 23 qohumu- əmi və bibi uşaqları, onların həyat yoldaşları prezidentə məktub yazıb, ondan imtina etdiklərini bildiriblər.

Məktubda deyilir:
“Abdullayev Emin Paşa oğlu (Emin Milli) bugün güclü sosial siyasətə və iqtisadiyyata malik olan respublikamızın böyük uğurlarına, inkişaf və tərəqqisinə, xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü “qəhraman” kimi qələmə vermək istəyir.

Azərbaycan Respublikasının Konstitusiyası qanunlarına tabe olmayan bu şəxsin pis əməllərinə biz qohumlar aşağıda imza edərək öz etirazımızı bildiririk”.

Emin Milli öz Facebook statusunda qohumlarına belə cavab verir:​
“Mən qohumlarımla fəxr edirəm və onlardan imtina etmirəm. Məncə onlar qədər hakimiyyəti bu qədər dolayan və ifşa edən hələ mövcud olmayıb. 23 dəfə. Belə çox kreativ”.

İsa Qəmbər gənc fəallar, youTube-da yayılan məşhur Eşşək videosuna görə həbsə atılan Emin Milli və Adnan Hacızadə ilə
İsa Qəmbər gənc fəallar, youTube-da yayılan məşhur Eşşək videosuna görə həbsə atılan Emin Milli və Adnan Hacızadə ilə

Keçmiş ABŞ səfiri Kauzlarich: Azərbaycan xalqına üzülürəm

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər Facebook da Emin Milli ilə fotosunu paylaşaraq yazıb: “Ürəyini sıxma, qardaşoğlu”.

İsa Qəmbər AzadlıqRadiosuna deyir: “Mən nəinki Emin Millinin hər hansı qüsurunu görmürəm, heç onun qohumlarını da qınamıram. Bu biabırçılığın günahkarı Əliyev rejimidir. Rejim azad fikirli insanlara, öz mövqeyini təqdim etməyə, cəmiyyətdə azadlıqların hüdudlarını genişləndirməyə çalışan şəxslərə qarşı çox qəddar davranır”.

Richard Kauzlarich
Richard Kauzlarich

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, İlham Əliyev hökumətinin tənqidçisi Richard Kauzlarich AzadlıqRadiosuna deyir: “Stalin dövrünü nəzərə almasaq, mən qohumların imtinaya məcbur edilməsi halı ilə ilk dəfədir qarşılaşıram. 30-cu illərdə shou məhkəmələrdə ailə üzvlərini vətənə xəyanət ittihamı ilə damğalayırdılar. Bu, hakimiyyətin gücünün yox, zəifliyinin göstəricisidir. Azərbaycan xalqına üzülərəm”.

Qənimət Zahid
Qənimət Zahid

Azərbaycan Xalq Cəbhəsi Partiyası son basqılarla bağlı bəyanatında “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının rəhbəri Qənimət Zahidin və “Meydan” TV-nin rəhbəri Emin Millinin qohumlarının onlara görə həbs edildiyini deyir, hakimiyyəti müxalifətçi ictimai-siyasi fəallara qarşı repressiyanı dayandırmağa çağırır.

Avropa Oyunları

Hakimiyyət rəsmilərindən deyilənlərə münasibət öyrənmək olmur, onlar telefon zənglərinə cavab vermirlər, ya da AzadlıqRadiosuna danışmırlar.

Hakim partiyanın mətbu orqanı “Yeni Azərbaycan” qəzeti iyulun 1-də “Meydan TV”ni Avropa Oyunlarını qərəzli işıqlandırmaqda ittiham edir, bildirir ki, xalqa, millətə və dövlətə qarşı düşmənçilik yolu tutanların iç üzü ifşa olunmalıdır. Qəzet yazır:

“Bəli, pulu verən mahnını da sifariş edir. Maliyyəsini anti-Azərbaycan qüvvələrdən alan “Meydan TV”nin də ifa elədiyi mahnı bəlli idi. Bu, özünə “müstəqil” deyən media orqanının qarşısına qoyulan məqsəd - Azərbaycanı sevməyən, onun uğurlarını qəbul etməyənlərin mətbuat ruporuna çevrilmək idi”.

“Meydan TV” Avropa Oyunları vaxtı Lider TV-nin xarici turist müsahibə aldığı şəxsin əslində Lider TV-ə daha əvvəl da müsahibə verən azərbaycanlı olduğu haqda reportaj yayımlamışdı, hakimiyyət bunun qurama olduğunu deyir.

Online multimedia saytı “Meydan TV”-nin baş ofisi Berlindədir, Azərbaycandakı ictimai-siyasi hadisələri işıqlandırır. Meydan TV yalnız bir dəfə 2013-cü il mayın 13-də peyk vasitəsilə yayınlanıb. İnternet saytında deyilir ki, həmin tarixdən etibarən Azərbaycanda Meydan TV-in yayınlamasına müdaxilə edilir və yayının qarşısı alınır.

Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətini azad mediaya basqılara görə tənqid edir, yerli TV-lərin hakimiyyətin nəzarətində olduğunu deyir. 2014-cü ilin sonlarında AzadlıqRadiosunun Bakı ofisi bağlanıb, əməkdaşı Xədicə İsmayıl həbs olunub.

ABŞ-da mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) nin 2015-ci il hesabatına görə, Azərbaycanda dünyada ən çox senzura tətbiq olunan 10 ölkə sırasında, 5-ci yerdədir. Azərbaycan bu sırada Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Efiopiyadan sonra yer alıb.

İyulda başqa bir tənqidi media- “Azərbaycan saatı”nın direktoru Qənimət Zahidin qohumları həbs olunub, qardaşı oğlu onun əleyhinə müsahibə verib.

Azərbaycan prezidenti ölkədə söz azadlığına təminat verildiyini deyir.

XS
SM
MD
LG