Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:43

Emin Milli: "Bu, birbaşa İlham Əliyevin göstərişidir"


Emin Milli
Emin Milli

.

"Meydan TV-nin əməkdaşlarını sərhəddən buraxmamaqla hökumət öz zəifliyini bir daha göstərir"

"Elmarı öldürsələr də, Xədicəni həbsə atsalar da, hətta sabah mənə də nəsə etsələr də, əminəm ki, sabah yeni insanlar ortaya çıxacaq və bu mübarizə əbədi olacaq".

Meydan TV-nin 4 əməkdaşı iyunun 30-da Tbilisiyə gedərkən sərhəddə saxlanılıb və onlara ölkədən çıxmalarının qadağan olunduğu deyilib.

Bir neçə gün öncə isə Meydan TV-nin icraçı direktoru, hazırda Almaniyada yaşayan Emin Milli hədələndiyini bildirib.

Meydan TV ətrafında baş verənlərlə bağlı AzadlıqRadiosunun suallarını Emin Milli cavablandırır:

Gözlə

No media source currently available

0:00 0:12:19 0:00
Direct-ə keçid

- Əməkdaşlarımıza sərhəddə deyiblər ki, qadağa iyunun 30-da qoyulub. Və Natiq Cavadlı, Şirin (Tire) Abbasov, Elnur Muxtarov və Aytən Ələkbərovaya aiddir. Qadağanın səbəbini soruşanda onlara deyiblər ki, Daxili İşlər Nazirliyindən aydınlaşdırın.

- Hazırda Meydan TV ilə bağlı hər hansı araşdırmanın, istintaqın aparılması, və ya cinayət işinin açılması barədə sizdə məlumat varmı, rəsmi bildiriş almısızmı?

- Bununla bağlı Meydan TV-yə nə rəsmi, nə də qeyri-rəsmi məlumat verilib. Ona görə də Meydan TV-yə hər hansı material, məqalə ötürən jurnalistin ölkədən buraxılmaması bizim üçün də yeni bir hadisədir.



- Sizcə səbəb nə ola bilər, nə baş verir?

- Əslində, baş verənlər mənim üçün yeni deyil. Son iki ildə Meydan TV müstəqil media orqanı kimi fəaliyyət göstərib, inkişaf edib, auditoriyasını genişləndirib. Çətin vəziyyətə, jurnalistlərin, insanların qorxu altında yaşamasına baxmayaraq, biz bunu edə bilmişik.

Hökumət növbəti dəfə çalışır ki, peşəkar, müstəqil fəaliyyət göstərən media qrupuna təzyiqlər etsin, fəaliyyətini tam şəkildə dayandırsın. Mənim üçün maraqlı olan odur ki, oyunlar dünən bitdi və bu gün artıq bu vəziyyət yaranıb. Mən bunu hökumətin rəsmi olaraq Meydan TV-nin uğurunu qəbul etməsi kimi görürəm.

Alman mediası da bu barədə yazıb. Bununla bağlı son yazı bazar günü çıxıb, məqalənin də adı “Ayıb olsun sizə”dir, yəni Azərbaycan hökumətinə ünvanlanıb. Alman telekanallarının birində də oyunlarla bağlı xəbərlərdən sonra mənə olan hədələr müzakirə olundu.

Həmişə hökumətin jurnalistləri yazırlar ki, Meydan TV marginal bir mediadır, lazımsızdir, onu heç kim oxumur, izləmir.

Əgər həqiqətən belədirsə, anlamıram ki, niyə Azərbaycanda müstəqil mediaya belə bir münasibət var.

Meydan TV Almaniya mediası sayılır və onun fəaliyyətini dayandırmaq mümkün deyil. Biz həmişə fəaliyyət göstərəcəyik. Sadəcə olaraq, bizə Azərbaycandan hər hansı material, məqalə və ya video göndərən şəxslərin ölkədən çıxışına qadağa qoymaqla hökumət öz zəifliyini göstərir.

- Eşitdiyimə görə, bu günlərdə siz özünüz də hədələnmisiz...

- Mənə iyunun 21-də məlumat daxil oldu. Bu, konkret hökumətin hədəsi idi. Məlumatı mənə nazir Azad Rəhimovun adından çatdırdılar, amma hesab edirəm ki, birbaşa prezident İlham Əliyevin göstərişidir. Mən düşünmürəm ki, Azad Rəhimovun şəxsən mənimlə hansısa bir problemi var. O, sadəcə icraçıdır. Hesab edirəm ki, dövlət öz vətəndaşı ilə hədə dilində danışmamalıdır.

Həbib Müntəzir
Həbib Müntəzir

- Söhbət konkret hansı mesajdan gedir?

- Mesaj belə idi: “Azərbaycan sənə nə pislik edib? Sən niyə dünyada Azərbaycan dövlətinə qarşı kampaniyanı təşkil etmisən.

Azərbaycan dövləti harda olmağından asılı olmayaraq səni tapıb cəzalandıracaq. Almaniyada və ya başqa yerdə olmağının fərqi yoxdur”.

Bu mesajı alandan sonra alman polisinə getdim, məndə olan məlumat və faktları polisə ötürdüm. Alman polisi də qanun çərçivəsində hansı tədbirə ehtiyac varsa, söz verdilər ki, edəcək.

Bu, Meydan TV-yə qarşı ilk hədə deyil, 2013-cü ildə əməkdaşımız Həbib Müntəziri də ölümlə hədələmişdilər. O zaman da alman polisinin köməyi ilə biz Həbib Müntəziri qoruya bildik. Bu, artıq ikinci hədədir.

Alman mediası da bu barədə yazıb. Bununla bağlı son yazı bazar günü çıxıb, məqalənin də adı “Ayıb olsun sizə”dir, yəni Azərbaycan hökumətinə ünvanlanıb. Alman telekanallarının birində də oyunlarla bağlı xəbərlərdən sonra mənə olan hədələr müzakirə olundu.

Elmar Hüseynov
Elmar Hüseynov

Mən 2005-ci ildə qərar verdim ki, vətəndaş cəmiyyətinə gəlirəm və bu qərarı verməyimə Elmar Hüseynovun ölümü təsir etmişdi. Elmar Hüseynovu öldürdülər ki, Azərbaycan mediasını susdursunlar, amma bu, baş vermədi.

Xədicə İsmayıl da müsahibələrində bildirib ki, o da məhz Elmar Hüseynovun öldürülməsindən sonra qərar verib ki, heç nədən qorxmayaraq öz fəaliyyətini davam etdirsin. İndi o, 12 ilədək həbsdə qala bilər. Mənim də hekayətim Xədicə İsmayılla eynidir.

Hesab edirəm ki, aktiv vətəndaş olmaq mənim vətəndaşlıq borcumdur. İndi Meydan TV-nin rəhbəri kimi missiyam odur ki, Azərbaycan xalqı müstəqil, qərəzsiz mediaya sahib olsun. Heç nədən qorxmayaraq həyatımızın sonuna qədər bu missiyanı yerinə yetirəcəyik.

Elmarı öldürsələr də, Xədicəni həbsə atsalar da, hətta sabah mənə də nəsə etsələr də, əminəm ki, sabah yeni insanlar ortaya çıxacaq və bu mübarizə əbədi olacaq. Söz azadlığı mübarizəsi, hesab edirəm ki, azadlıq uğrunda aparılan mübarizənin ən əsasıdır.

- İndi sizinlə əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qoyulan qadağa ilə bağlı hansı addımları atmağı düşünürsüz?

- Hələ ki, səbəbləri bilmirik. Hələ ki, heç yerə müraciət etməmişik. Hələ ki, jurnalistlər Bakıya qayıdırlar. Hər halda Bakıya çatandan sonra Daxili İşlər Nazirliyinə müraciət edərlər.

- Hüquqi müdafiə barədə də düşünürsüzmü?

- Təbii ki, hüquqi müdafiə barədə də düşünürük. Amma təəssüf ki, Azərbaycanda qanunun aliliyi qorunmur, məhkəmələr sifarişlə çalışır, hətta repressiyaya məruz qalmış jurnalistlərin, fəalların vəkilləri də qanuni fəaliyyətdən kənarlaşdırılırlar.

Belə bir durumda biz məcburuq ki, Azərbaycanda müstəqil medianı yaşadaq, inkişaf etdirək və cəmiyyətimizi məlumatlandıraq.

Qanun çərçivəsində nə lazımsa, onu edəcəyik, beynəlxalq qurumlara da məlumat verəcəyik. Bu gün daha vacib olan odur ki, insanlar jurnalistlərin hansı risklərə getdiyini, hansı əziyyətlər çəkdiyini, cəmiyyət üçün mühüm məlumatları necə çətinliklə yaydığını anlasınlar.

Hesab edirəm ki, bu şərtlər altında çalışan jurnalistlərin hər biri qəhrəmandır. Ümid edirəm Azərbaycan cəmiyyəti də anlayacaq ki, bizim ən böyük sərvətimiz neft, Avropa oyunları yox, məhz bu cür jurnalistlər, vətəndaşlardır.

Bu, çox vacibdir və nə vaxt ki, milyonlarla azərbaycanlı bunu anlayacaq, onda biz fərqli bir Azərbaycanda yaşaya biləcəyik.

XS
SM
MD
LG