Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Sumqayıtın Sülh küçəsində obyektlər boşaldılır


Bu küçədə 170 ticarət və iaşə obyekti var.
Bu küçədə 170 ticarət və iaşə obyekti var.

-

Sumqayıtın mərkəzi Sülh küçəsində yerləşən iri iaşə və ticarət obyektlərinin bəzisi sökülə bilər.

Yanvarın 9-da artıq bəzi obyektlərin boşaldılmasına başlanılıb. Narazı sahibkarlar bir yerə toplaşıblar. Onlar anlaşılmazlıq içində olduqlarını deyirlər. Bu küçədə təxminən 170 ticarət və iaşə obyektinin olduğu bildirilir.

Hadisə yerində olan «Azadlıq» qəzetinin əməkdaşı Vidadi Məmmədov AzadlıqRadiosuna bildirir ki, artıq «Ən ucuz market»in boşaldılmasına başlanıb: «İndi xeyli sahibkar toplaşıb bura. Onlara obyektlərin niyə sökülməsi haqqında heç bir məlumat verilmir. Bu obyektlər sökülsə, yüzlərlə insan işsiz qalacaq».

«BİZ BİR YUXARI TANIYIRIQ, O DA PREZİDENTDİR»

Sahibkar Yaqub Məhərrəmov AzadlıqRadiosuna deyib ki, ona daobyektinin söküləcəyi haqda xəbərdarlıq edilib:

- Bu obyekt ailəmə aiddir. Bütün sənədləri də var. Ancaq buna baxmayaraq tanımadığımız, özünü təqdim etməyən şəxslər gəlib bizə şifahi göstəriş veriblər ki, buranı boşaldın, obyektiniz söküləcək. Mən bilmirəm, bu hansı əsasladır, hansı göstərişlərdir, nədən ötrüdür. Mənim kimi burda 200-dək sahibkar var. Hər obyektdə ən azı 10-15 nəfər işləyir. Bu obyektlər sökülsə axırı nə olacaq? Sumqayıtda işsizlik baş alıb gedəcək. Burda zavod-fabrik işləmir. Heç nə anlaya bilmirəm.

Sahibkarlar yanvarın 11-də aksiya keçirməyi planlaşdırırlar.
Sahibkarlar yanvarın 11-də aksiya keçirməyi planlaşdırırlar.

- Sizə hansısa sənəd təqdim olunub?

- Heç bir sənəd təqdim edilməyib. Soruşuruq kimsən, heç nə demir. «Heç olmasa şəklini çəkək, sabah bir şey olsa, «bizə bu adam söküntü haqqında göstəriş verib» deyə bilək» deyirik, ona da icazə vermir.

- Bununla bağlı rəsmi qurumlarla danışmısınız?

- İcra başçısı qəbul etmir. Aşağı vəzifəlilər də deyir ki, yuxarıdan göstəriş belədir. Yuxarı kimdir? Biz bir yuxarı tanıyırıq, o da prezidentdir.

Sumqayıtlı sahibkar Nəsimi Əliyev də AzadlıqRadiosuna deyib ki, onlara obyekti boşaltmaq tapşırılıb. Ancaq həmin şəxslər özlərini təqdim etməyiblər: «Camaat acından öləcək. Belə çıxır ki, indən belə gedək fəhləlik edək. Neçə ildir hissə-hissə tikmişik. On obyektim yoxdur ki, bir obyektdir. Burdan on nəfər dolanır».

Dükanlar boşaldılır.
Dükanlar boşaldılır.

Sahibkarlar yanvarın 11-də aksiya keçirməyi planlaşdırırlar.

SÜLH KÜÇƏSİ 30 İL ÖNCƏ NECƏ İDİSƏ…

Bir neçə ay əvvəl Zakir Fərəcov Sumqayıta yeni icra başçısı təyin olunub. O, sentyabrda müəllimlərin konfransında demişdi ki, Sülh küçəsini tamamilə təmizləyib gözəl bir küçəyə çevirmək istəyir.

«Sülh küçəsində, 3-cü mikrorayon ərazisində «Aviakassa» deyilən ərazidən Heydər Əliyevin abidəsinə olan istiqamətdə 10-12 obyekt var. Mən istəməzdim ki, insanlara ziyan dəysin. Bunun bir formasını düşünməliyik. Yəqin bu məsələnin hansısa formasını tapacağıq və insanları qane edən şəkildə işlər həyata keçiriləcək. Bu küçə tədricən təmizlənəcək. Sülh küçəsi 30 il bundan öncə necə idisə, o formada da olacaq. Şəhərin memarlığı, gözəlliyi üçün əlimdən gələn hər bir şeyi edəcəyəm», - icra başçısı belə demişdi.

XS
SM
MD
LG