Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:34

“Lap belimdə də gəzdirərəm...”


Illüstrasiya
Illüstrasiya

►Qazanc üçün kənddən paytaxta gələn Ədalət: “Elə bildim yaxşı olacaq”

Əvvəllər paytaxta qazanc üçün üz tutanlar peşman olmazdılar. Hərə başını bir işə qoşub çörəkpulusunu çıxarardı. İndi vəziyyət dəyişib - heç Bakıdakılara iş yeri yoxdu... Bölgələrdəki işsizlərin paytaxta gəlib fəhləlik üçün üz tutduqları tikintilər dayanıb, karxanalar işləmir, rayon qeydiyyatında olan maşınları da paytaxta buraxmırlar ki, əvvəlki kimi taksi xidməti göstərsinlər.

Elə Sabirabadın Moranlı kəndindən gəlib mərkəzdən bir az kənarda - Lökbatanda ailəsi ilə bir mağazanın zirzəmisində daldalanan Ədalətin də məqsədi çörəkpulu qazanmaq olub.

DAŞ KARXANASININ DƏMİR QAYDALARI, ÖDƏNİLMƏYƏN ZƏHMƏTHAQQI

Gəzib dolaşıb, əvvəl Qaradağda bir daş karxanasında fəhlə işi tapıb. Müqaviləsiz-filansız çalışdığı karxanada daş yükləyəcək, gününə 6 manat zəhməthaqqı alacaqmış. İnsafən, bir neçə gün alıb. Ancaq sonra iş icraçısı deyib ki, karxanadan daş alıb aparan müştərilər pulları vaxtında ödəmir, buna görə də fəhlələrin pulu gecikir. Karxana sahibinin ona 385 manat borcu yığılıb. Ədalət deyir, fəhləyə zəhməthaqqı ödəməyə əli gəlməyən karxana sahibi əvəzində fəhlələrdən ciddi iş tələb edirmiş:

“14 saat işləyirdim, məni də yandıran odur ki, siqaret çəkməyə də imkan vermirdilər. Gün ərzində 3 dəfə 15 dəqiqəlik fasilə verirdilər ki, “çayını iç, siqaretini çək”. Çayı necə içirdim, siqareti necə çəkirdim, bilmirdim. Vay o gündən gəlib iş başında siqaret çəkən yerdə tutaydılar. Həmin fəhlənin abrını ətəyinə büküb qovurdular. Ancaq əmək haqqı verməyə canları çıxırdı. Günü günə satırdılar”.

Buna da bax: «Atam dedi ki, 2 litr nöyüt tapıb özümü yandıracam»

385 MANAT BELƏ BATDI...

Şirkətin müqaviləsiz, günəmuzd işlətdiyi fəhləyə 385 manat borcu yaranandan sonra Ədalət qərara gəlib ki, bir də karxana tərəflərə hərlənməsin. Pulu üçün zəng vurduğu telefona isə elə bircə dəfə zəng çatıb:

“6 ay zəng vurdum, telefonu bağlı oldu. Hər dəfə də karxanaya gedib-gəlməyə yolpulu yoxdu axı... Mən də əvvəl acığa düşdüm, istədim məhkəməyə verim, pulumu məhkəmə yoluyla alım. Məhkəmə də gah dedi “385 manat nədir ki, buna görə bura gəlmisən”. Ancaq özümün mobil telefona görə 35 manat borcum qalmışdı, 3 ildən sonra o pula görə məhkəməyə çağırmışdılar. Bizə çatanda deyirlər, “utanmırsan, 385 manata görə məhkəməyə gəlirsən”. Gah dedi, “get bir vəkil tut, ərizə yazdır”. Vəkil məsləhətxanasına getdim. Vəkil də bir ərizə yazmaq üçün 50, işə çıxmaq üçün 1000 manat istədi. Qapını çırpıb çıxdım”.

Buna da bax: Azərbaycanda siqaretin sürətlə bahalaşmasının səbəbləri...

BAHALI RESTORANIN “KASIB” SAHİBİ...

Beləcə, Ədalət alacağına da, verəcəyinə də tüpürüb, zirzəmidə saxladığı üç balasının qarnını doydurmaq üçün təzə iş axtarışına çıxıb. Bu dəfə bir tanışı onu Mərdəkanda dəniz kənarında bir restoranın tikintisinə fəhlə düzəldib:

“Suvaq işləri görürdüm. Ay başa çatanda fəhlələr dedi, “sənin nə ağır ayağın var, maaş gecikir”. Düz 3 ay pulsuz-parasız işlədim. Yolpulumu da rayondan anamgil göndərirdi. Sentyabrda işə getmədim. Alacağımı da bağışladım o bahalı restoranın “kasıb” sahibinə...”

O vaxtdan yenə iş axtarışındadır...

“LAP BELİMDƏ GƏZDİRƏRƏM, TƏKİ...”

Ədalət üç azyaşlı övladını zirzəmi şəraitində böyüdür. Bu şərait gənc həyat yoldaşını ikinci qrup əlilə çevirib – astma-bronxitdən əziyyət çəkir. Ayda 1-2 dəfə kənddən pay gələn qatıqdan, süddən, özü demişkən, qətrə-qətrə istifadə edirlər ki, tükənməsin.

“Bir elan ver, bəlkə kiməsə hambaldan- zaddan lazım oldu. Ancaq sən Allah, denən, lap belimdə gəzdirərəm, ancaq pulumu qabaqcadan versinlər”.

Gülə-gülə dediyi sonuncu cümləsindən hiss olunur ki, bu qədər çətinlik Ədaləti qıra bilməyib. O, bütün çətinliklərin ardından həm də baməzə birisidir.

XS
SM
MD
LG