Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:16

«Atam dedi ki, 2 litr nöyüt tapıb özümü yandıracam»


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yanvarın 7-də özünü yandırmış, Neftçala 4 saylı orta məktəbin direktor müavini Alik Novruzovun durumu ağırdır. Bu haqda AzadlıqRadiosuna onun qızı Svetlana Novruzova danışıb:

– Məni onun yanına buraxmırlar. Vəziyyəti çox ağırdır. Onu söndürməyə yanğınsöndürən gəlib, təsəvvür edirsinizmi? Sizcə, vəziyyəti necə olar?.. Anam yanındadır. O da şəkər xəstəsidir. Bilmirəm hansının halına yanım.

– Atanızın borcu nə qədərdir banka?

– Atam yaşlı, fağır adamdır. Keçən ilin avqustunda məktəbin xadiməsi – adı Şəfiqədir – oğlu, gəlini ilə bunu yoldan çıxarıblar ki, «bizə zamin dur, bankdan kredit götürək». O da bunlara inanıb. Özünün başqa banka 1000 manat krediti ola-ola «Ekspressbank» ona həm 5000 manat borc verib, həm də 2500 manat borcalana zamin kimi qəbul edib. Atama gətirib evdə ağ kağıza qol çəkdiriblər. Mənim atam deputatdır, nazirdir? Bu 7500 manatı haradan alıb verəcəkdi? Bank nəyə əsaslanıb ona bu qədər pul verib? Getdim banka, dedilər: «Biz də bilmirik, necə olub ona bu qədər pul verilib».

– Polisə müraciət etmişdiniz?

– Prokurorluq da, polis də dedi ki, «biz bank işinə baxmırıq». Amma yanğın olandan sonra polis əl-ayağa düşüb.

– Bəs atanızın zamin durduğu adamlar haradadır? Onlar nə deyirlər?

– Borc götürəndən az sonra rayondan qaçdılar. Bakıdadırlar, deyəsən. Sən demə, çox adama bu şəkildə pul atıblar. İndi bu xəbər çıxandan sonra bizim yanımıza gəlirlər ki, yazaq, polisə verək...

– Atanızı özünü yandırmağa nə vadar etdi? Yəni səbir kasasını daşıran səbəb nə oldu?

– Atam yaşlı adamdır, gündə bankdan gəlirdilər ki, «borcunu ödə». Bezmişdi. Dünən, yanvarın 6-da atam məhkəmədə olmaya-olmaya qərar çıxarılıb. Deyirlər bütün maaşı, təqaüdü borca tutulacaq. Elə dünəndən halı pisləşmişdi. Dedi ki, «2 litr nöyüt tapıb özümü yandıracam». Dedim ki, «ata, darıxma, özünü ələ al, namaz qıl, Allah Kərimdir»... (Ağlayır və söhbətimizi yarımçıq qoyuruq).

Müsahibədə adıçəkilən «Ekspressbank»dan münasibət öyrənə bilmədik. Onlar bildirdilər ki, sualımızı cavablandıracaq şəxslə bizi calaşdıra bilmirlər.

XS
SM
MD
LG