Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Qızını uşaqları ilə birlikdə evdən çıxarıb


►Ailə başçısı pul tapanda daldalanmaq üçün otaq kirayələyirlər, pul tükənəndə yenə çölə üz tuturlar

“Kiçiyi bu yaxınlarda doğulub. Elə onu doğmağa getmişdim, qayıdanda gördüm əşyalarım da, uşaqlarım da çölə atılıb. Bunu doğma anam eləmişdi...”

Bunları əvvəllər Pirşağı qəsəbəsində yaşamış 5 uşaq anası Diləfruz Hüseynova deyir. Onun sözlərinə görə, beşinci körpəsini dünyaya gətirmək üçün digər dörd azyaşlı övladını anasının ümidinə buraxıb doğum evinə yollanıb. Bir neçə gündən sonra körpəsiylə geri dönəndə gözlərinə inanmayıb:

“Anam əşyalarımı çölə yığmışdı, uşaqları isə evə buraxmırdı. Soruşdum ki, “qışın günü bu tifilləri niyə çölə qovmusan?” Dedi, “bundan sonra nə sənə, nə yoldaşına, nə də uşaqlarına burada yer yoxdur”. Əşyalarımı çölə tökmüşdülər, əvəzinə qardaşımın əşyalarını evə yığmışdılar. Beləcə, yeni doğulmuş körpə, digər 4 uşağım və yoldaşım küçədə qaldıq”.

Həyat yoldaşı Elizbar Bayramov pul tapanda daldalanmaq üçün otaq kirayələyirlər, pul tükənəndə, necə deyərlər, yenə çölə üz tuturlar.

Buna da bax: Gömrükdə qaydalar bir balaca sadələşdirildi

“Ev yox idi, ailə qurmayaydı”

Diləfruz Hüseynovanın anası Şükufə Hüseynova deyir ki, qızı ilə mənzil mübahisəsi məhkəməyə qədər uzanıb. Sabunçu rayon Məhkəməsi Diləfruzla övladlarının həmin mənzildə yaşamaq hüququnu tanısa da, Elizbar Bayramovu bu hüquqdan məhrum edib:

“Ev-eşikləri yox idi, ailə qurmayaydılar. Onlar ailə quran gündən günümüz qara olub. 15 il hörmət elədik, bu evdə saxladıq, sərxoşluq elədi, rahatlığımıza qənim kəsildi, dinmədik. Dəfələrlə xəbərdarlıq elədik, anlamadı. Axırda çıxarıb atdıq çölə”.

Sabunçu rayon Məhkəməsinin qətnaməsində qeyd olunur ki, Elizbar Bayramovla Diləfruz Hüseynova arasında rəsmi nikah bağlanmadığı üçün ona qadının valideynlərinə məxsus olan ünvanda yaşayış hüququ verilmir.

Müvəqqəti sığınacaq verilə bilər

Hüquqşünas Vaqif Alıyev deyir, Sabunçu rayon Məhkəməsinin qətnaməsi düzgündür. Ər-arvad münasibəti qeyri-rəsmidirsə, mülkiyyətçilər haqladılar:

“Yenə də ərazi üzrə icra hakimiyyətinə müraciət edib nəyəsə nail ola bilərlər. Küçədə qalmamaları üçün qurum onları müvəqqəti sığınacaqla təmin edə bilər”.

Sabunçu rayon İcra hakimiyyətindənsə bildiriblər ki, Diləfruz Hüseynova Pirşağı qəsəbəsi üzrə nümayəndəliyə müraciət etsin. Nümayəndəlik imkanları daxilində ailəni müvəqqəti sığınacaqla təmin edə bilər.

XS
SM
MD
LG