Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:25

Böhran ili və ya «Azərbaycanın bu gününə də şükür»


İlham Əliyev
İlham Əliyev

-

«Dünyanın müxtəlif guşələrində hərbi-siyasi münaqişələrin və iğtişaşların artmasına baxmayaraq, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, hakimiyyət və xalq arasında etimad mühiti daha da möhkəmlənib».

Bu, prezident İlham Əliyevin bir həftə öncədən xalqa ünvanlandığı Yeni il təbrikində dedikləridir. O, noyabrda baş tutmuş parlament seçkilərinin demokratik və şəffaf şəraitdə keçdiyini, aparılan siyasətə xalqın «dərin rəğbətinin parlaq təzahürü» adlandırıb. Ancaq yada salaq ki, Azərbaycan müstəqillik qazandığı son 24 ildə birinci seçkiləriydi ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu onu izləmədi. Tərəflər müşahidəçilərin sayında razılığa gələ bilmədilər.

Hakim partiyanın parlamentdəki təmsilçisi Astan Şahverdiyev də hesab edir ki, 2015-ci il siyasi baxımdan uğurlu il oldu: «Azərbaycan Avropa Oyunlarını keçirdi, ölkəni dünyada tanıtdı. Bir yandan da siyasi hakimiyyət möhkəmləndi».

İqtidar ilin siyasi yekununu arxayın və razılıqla başa vurduğunu göstərməyə çalışsa da, tənqidçiləri fərqli düşünürlər.

«2015-ci il böhran ilidir, Azərbaycan hakimiyyəti də, ölkə özü də dərin böhrana girdi». «Turan»ın direktoru Mehman Əliyev başa vurmaqda olduğumuz ili bu cür xarakterizə edir.

Milli Şura sədri Cəmil Həsənlinin yanaşması da fərqli deyil: «Bu il kəskin böhran mərhələsinə qədəm qoyduq...».

Mehman Əliyev
Mehman Əliyev

«BU, QIRMIZI XƏTDİR!»

Mehman Əliyev manatın iki dəfə devalvasiyaya uğramasını başa vurduğumuz ilin ən böyük sarsıntısı sayır. Onun qənaətincə, bu, iqtisadi hadisə kimi görünsə də, arxasında siyasi səbəblər durur:

«Ölkə bu vaxta qədər görünməyən bir böhrana girdi. Bu da hakimiyyətin dərin səhvləri nəticəsində baş verdi. Gürcüstanla Ermənistandakı durumu müqayisə edəndə belə, kifayət qədər zəif olduğumuzu gördüm. Ermənistanda son 6 ildə devalvasiya cəmi-cümlətanı 55 faiz olub. Yəni ilə təxminən 6-7 faiz. Maaş, pensiya artırıldığı üçün əhali bunu hiss etməyib. Azərbaycanda isə manat il ərzində iki dəfə dəyərdən düşdü, amma bu, son deyil, proses davam edəcək. Bu, təkcə sosial-iqtisadi böhran deyil. Bu, hakimiyyətin böhranıdır. Milli Təhlükəsizlik Nazirliyində, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində baş verənlər və başqa məsələlər sistemdə böhran yaşanmasından xəbər verir. Azərbaycan hakimiyyəti düzgün proqnozlar verə, düzgün qərarlar qəbul edə bilməyib deyə, belə vəziyyət yaranıb. O deməkdir ki, Azərbaycan hökumətinin institutları iflic vəziyyətdədir. Bu, artıq qırmızı xətdir».

O ki qaldı, 2015-ci ilin parlament seçkilərinə, Mehman Əliyev bunun üstündə çox dayanmır, çünki onu ciddi hadisə saymır:

«Parlamentin Azərbaycanın siyasi həyatında rolu yetərincə zəifdir, müstəqil deyil, icra orqanının bir təkəridir. Ona görə də bu seçkilər cəmiyyətdə maraq kəsb etmir. Azərbaycanda məhkəmə sistemi, parlament və icra qurumu üçbucağı yoxdur. Ümumiyyətlə, böhranın fonunda seçkilər zəif görünür deyə, danışmağa dəyməz».

Cəmil Həsənli
Cəmil Həsənli

CƏMİL HƏSƏNLİ: «İL SİYASİ MƏHBUSLARLA YADDA QALDI»

«Bu il nə Dağlıq Qarabağ münaqişəsinin həllində, nə millətimizin başqa problemlərinin həllində effektli irəliləyiş oldu. 2015-ci il xalqımız üçün kifayət qədər ağır keçdi. Bir-birinin ardınca uğursuz, bəzən fəlakətli hadisələr baş verdi. Devalvasiya, yanğınlar, itkinlər...MTN-də - ölkənin milli təhlükəsizlik sistemində mütəşəkkil cinayətkar dəstənin toplanması faktının açıqlanması isə şok effekti yaratdı. Bu, milli rüsvayçılıqdır», - Milli Şura sədri Cəmil Həsənli belə düşünür.

O, başa vurduğumuz ildə siyasi azadlıqların bir az daha boğulduğunu, siyasi məhbusların artdığını da xüsusi vurğulayır: «2015-ci il siyasi məhbuslarla yadda qaldı. 100-ə yaxın siyasi məhbus var. Bu il Kürdəxanı Azərbaycanın simvoluna çevrildi».

Bu il həm də Azərbaycanın Qərblə, ABŞ-la münasibətlərinin gərginləşməsi, Bakının Kremlə daha çox meyl etməsi, ilin sonunda okeanın o tayında rəsmilərə sanksiyaların tətbiqi təşəbbüsü – «Demokratiya Aktı» adlı qanun layihəsi ilə yadda qaldı. Həmsöhbətlərimiz deyirlər ki, elə bu gərginlik - hakimiyyətin odla su arasında qalması da zamanında düzgün siyasət qura bilməməsinin nəticəsidir. Ukrayna, Gürcüstan kimi çətinindən yapışmayan, balanslı siyasət yürütməyə çalışan Bakı indi çətin sınaqlarla üzləşib. Obrazlı desək, o, indi fırtınalı dənizin ortasında yırğalanan qayığa bənzəyir. Kapitan qayığı sahilə çıxara biləcəkmi?

Astan Şahverdiyev
Astan Şahverdiyev

«AZƏRBAYCANIN BU GÜNÜNƏ DƏ ŞÜKÜR!»

Deputat Astan Şahverdiyev Azərbaycan hakimiyyətinin ünvanına səslənən iradları qəbul etmir. O, Azərbaycanda siyasi məhbus fikrini belə yaxına buraxmır:

«Bu «vımisel»dir, «yerunda»dır. Azərbaycanda siyasi məhbus yox, cinayət törədənlər var. Bunlar bilmir ki, hər uğursuzluqda bir uğur gizlənib. Xaosun içində də bir qayda-qanun var. Rus yazıçısı Chekhov deyir ki, cibində kibrit yandırıblarsa, şükür et ki, bomba qoymayıblar. Azərbaycanın bu gününə də şükür!».

Cəmil Həsənli isə iqtidar nümayəndəsi kimi Azərbaycanın durumuna şükür edə bilmir, onun fikrincə, bu il olduğu kimi, 2016-cı ildə də ölkəni yaxşı nəsə gözləmir. Ancaq Mehman Əliyev həmişəki kimi pozitiv düşünür. O ümidlidir və güman edir ki, hakimiyyət ilin əvvəlində islahatlara gedəcək.

XS
SM
MD
LG