Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:26

2015-insan haqları: «Gecə yatıb səhər başına nə gələcəyini bilmirsən»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Nə insan hüququ? Biz hamımız atılmış, taleyin ümidinə buraxılmış adamlarıq...».

«2015-ci il insan hüquqları baxımından necə bir il oldu» sualımıza 68 yaşlı Pərixanım Əhmədova belə cavab verir.

İndi təqaüddə olan keçmiş ədəbiyyat müəllimi dediklərini mübaliğə də saymır:

«Sadəcə, insan hüquqlarından danışmaq mənə gülməli gəlir. Nə bu il, nə də ondan əvvəlki illər şəxsən mənim hüququm qorunmayıb, pozulub. Eləcə də adamların çoxu mənim günümdədir. Hamımız taleyin ümidinə buraxılmış, gecə yatıb səhər başına nə gələcəyindən xəbərsiz adamlarıq. Kimdir bizim hüququmuzu qoruyan? 45 il müəllim işlədim, indi hökumətin sayəsində dilənçi günündə yaşayıram...».

Keçmiş ədəbiyyat müəllimi ötən ilə belə qiymət verir.

Elə ölkənin ictimai-siyasi həyatını insan haqları baxımından gərgin və ağrılı adlandırmaq olar. Belə ki, 2015-ci ili tanınmış hüquq müdafiəçiləri, jurnalistlər həbsdə keçirdi.

Seymur Həzi
Seymur Həzi

«XULİQAN» JURNALİST, HƏBSDƏ ÖLÜM VƏ ƏFV FƏRMANI...

2015-ci ilin ilk ayında – yanvarın 29-da Abşeron rayon məhkəməsi «Azadlıq» qəzetinin əməkdaşı və «Azərbaycan saatı» internet verilişinin aparıcısı Seymur Həzini 5 il azadlıqdan məhrum etdi. Məhkəmə onu xuliqanlıqda ittiham etdi. Seymur Həzi məhkəmədə bildirdi ki, hakimiyyətin tənqidçisi olduğu üçün siyasi motivlərlə təqib olunub və cəzalandırılıb.

Fevralın 23-də 14 saylı cəzaçəkmə yerində 11 məhbusun cəza kamerasına salınması haqqında məlumatlar yayıldı. Həmin məhbusların yaxınları onların 2014-cü ilin dekabrında 4 saylı həbsxanada Elşad Babayevin ölümünə etiraz etdikləri üçün cəzalandırıldıqlarını bildirmişdi. Elşad Babayevin yaxınları onun döyülüb öldürüldüyünü desə də, Penitensiar Xidmət bunu təkzib etmişdi.

Martın 18-də prezident İlham Əliyev əfv fərmanı imzaladı. Əfv olunanlar arasında Demokratiyanın Tədris Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı, NİDA Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə, ilahiyyatçı Anar Qasımlı, «hicab məhbusu» Ramil Vəliyev də vardı.

İntiqam Əliyev
İntiqam Əliyev

İNTİQAM ƏLİYEVDƏN NƏYİN İNTİQAMI ALINDI?

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, tanınmış hüquqşünas İntiqam Əliyevi 7 il 6 ay azadlıqdan məhrum etdi. O, vergi cinayətlərində təqsirli bilindi. İntiqam Əliyev son sözündə həbsinin siyasi sifariş, cinayət işinin isə tamamilə saxta olduğunu bildirdi. Məhkəmədə Avropa İnsan Haqları Məhkəməsinə 200 şikayət göndərdiyini, bu işlərdən 40-da qalib gəlindiyini xatırlatdı. Bu işlərdən 14-ü 2005-ci ildə keçilmiş parlament seçkilərində namizədlərin hüquqlarının pozulması ilə bağlı olub.

Leyla Yunus
Leyla Yunus

ƏR-ARVAD MƏHKUMLAR

Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və həyat yoldaşı, politoloq Arif Yunus dələduzluq və vergi ittihamları ilə təqsirli bildi.

Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edildi. Məhkəmə proseslərində bir neçə dəfə səhhətləri pisləşən Yunusların bir-birinə mənəvi dayaq olmaları diqqətdən yayınmadı.

Bəhruz Hacıyev
Bəhruz Hacıyev

MİNGƏÇEVİRDƏ 23 YAŞLI GƏNCİN MÜƏMMALI ÖLÜMÜ

Avqustun 22-də Mingəçevirdə 23 yaşlı Bəhruz Hacıyev şəhər polis bölməsində müəmmalı şəkildə öldü. Hüquq-mühafizə orqanları onun özünü polis bölməsinin pəncərəsindən atdığını, yaxınları isə işgəncə ilə öldürüldüyünü bildirdi. Atası Dilsuz Hacıyev deyir ki, oğlunun işgəncə ilə öldürüldüyünə əmindir:

«Oğlum niyə özünü pəncərədən atmalıydı ki? Öldüyünü görəndə, pəncərədən aşağı atdılar».

Bu iş hələ də Respublika Prokurorluğunda araşdırılır.

«XƏDİCƏNİ HƏBS ETDİLƏR, ANCAQ ONU SUSDURMAQ MÜMKÜN DEYİL»

Sentyabrın 1-də araşdırmaçı-jurnalist Xədicə İsmayıl 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Qanunsuz sahibkarlıqda, vergidən yayınmaqda günahlandırılan jurnalistin həbsini özü və beynəlxalq təşkilatlar siyasi sifariş sayır. AzadlıqRadiosunun rəhbərliyi bu həbsə prezident və ailəsi ilə bağlı yazıların səbəb olduğunu bildirir.

Məhkəmədən sonra anası Elmira İsmayılova Xədicənin hökmü təbəssümlə dinlədiyini söylədi:

«Mənə dedi ki, get, hamıya de: «Mən möhkəməm, hər şeyə dözəcəyəm. Doğrular uğrunda mübarizə aparanlar məhrumiyyətlərə və cəzalara dözə bilərlər. Hökumət Xədicədən qorxur, buna görə də onu həbs etdilər, amma onu susdurmaq mümkün deyil. O, danışmağa və yazmağa davam edəcək, o, döyüşçüdür və hamını qorxmamağa və mübarizəyə qalxmağa çağırır. Xədicəni bizneslərini araşdırdığına görə həbs edən hökumətə nə deyə bilərəm? Yalnız bir şey deyə bilərəm: ya düzəlin, ya çıxın gedin».

YUNUSLAR AZADLIĞA, FUAD QƏHRƏMANLI HƏBSƏ

Noyabrın 12-də səhhət problemlərinə görə Arif Yunus, dekabrın 9-da isə Leyla Yunus Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxıldı.

Fuad Qəhrəmanlı
Fuad Qəhrəmanlı

Leyla Yunus həbsdən çıxan gün özünü «düşərgə tozu» kimi hiss etdiyini bildirdi.

Bundan sonra beynəlxalq təşkilatlar bu hadisəni alqışladı. Azərbaycan hökumətini həbsdə olan digər ictimai fəalları da azad etməyə çağırdı.

Leyla Yunus azad olunan gün - dekabrın 9-da AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook-da paylaşdığı yazılarına görə həbs olundu. Sosial şəbəkələrdə bu həbsə «Fuad Qəhrəmanlı həbsxanada boşalan yeri doldurmaq üçün həbs olundu» kimi kinayəli reaksiyalar dolaşdı.

BMT-NİN İŞGƏNCƏLƏRLƏ BAĞLI TƏNQİDİ, JAGLAND-IN ARAŞDIRMASI

Dekabrın 11-də BMT yaydığı bəyanatında bildirdi ki, Azərbaycan hökuməti son bir neçə ildə təcridxanalarda yüzlərlə işgəncə iddiasına baxmayaraq, bircə işgəncə halını belə araşdırmayıb.

Thorbjorn Jagland
Thorbjorn Jagland

Dekabrın 16-da isə Avropa Şurasının Baş katibi Thorbjorn Jagland Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi üzrə rəsmi araşdırmaya başladığını bildirdi.

Baş katib dedi ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarları Azərbaycanda tənqidi səslərin susdurulması üçün hüququn özbaşına tətbiqini üzə çıxarıb: «Fərdlər səlahiyyət sahiblərinin hakimiyyətdən sui-istifadəsi nəticəsində azadlıqlarından məhrum ediləndə, xüsusi təşviş keçirirəm. Avropa İnsan Haqları Məhkəməsi bunu İlqar Məmmədovun işində üzə çıxarıb. Bu, Konvensiyanın çox ciddi pozulmasıdır».

Hakimiyyət təmsilçiləri isə bu tənqidləri qərəzli adlandırdı.

Səadət Bənənyarlı
Səadət Bənənyarlı

HÜQUQ MÜDAFİƏÇİSİ, HAKİMİYYƏT TƏMSİLÇİSİ VƏ FƏHLƏ BAXIŞI

Hüquq müdafiəçi Səadət Bənənyarlı deyir ki, 2015-ci il insan haqları üçün asan olmayıb. O, xüsusilə vicdan məhbuslarının bu il azad olunmasını arzulayır:

«Mən çox istəyərdim ki, bu gün Azərbaycanda hüquqları pozulmuş, siyasi motivlərlə həbs olunmuş insanlar azadlığa çıxsınlar. QHT rəhbərləri – İntiqam Əliyevin, Rəsul Cəfərovun və digərlərinin həbsdə olmalarına haqq qazandırmıram. İstəyirəm ki, o insanlar azad olunsun. Onların azad olunması Azərbaycanın vətəndaşı cəmiyyəti təşkilatlarının inkişafı üçün təkan olardı».

Ədliyyə Nazirliyinin insan haqları şöbəsinin müdiri Faiq Qurbanov isə 2015-ci ili insan hüquqlarının təmin olunması baxımından müsbət il sayır. Deyir ki, islahatlar həyata keçirilib. Ancaq görülməli işlər də var:

Faiq Qurbanov
Faiq Qurbanov

«Əlbəttə, bizdə qarşıda duran məsələlər, müəyyən problemli məqamlar da var. Ölkə başçısı da bunu dəfələrlə qeyd edib. Xüsusilə korrupsiya ilə mübarizə sahəsində. Vətəndaş cəmiyyəti ilə dialoqun daha da gücləndirməsi, ictimai iştirakçılıq mexanizmlərinin hərtərəfli tətbiqi, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunda bir sıra məsələlər var ki, onlar da çox diqqət mərkəzindədirlər. Bunlar hamısı insan hüquqlarına hesablanmış istiqamətlərdir».

Faiq Qurbanov həbsdəki ictimai fəallar haqqında isə deyir ki, onlar fəaliyyətlərinə görə yox, konkret cinayətlərdə ittiham olunublar: «Kimin günahı varsa, cəzasını çəkməlidir».

2015-ci ildə insan hüquqları üçün necə keçməsi sualına isə fəhlə Sədrəddin Nağıyev əlini yelləyir:

«Hüquq? Heç insanların hüquqlarını tanıyan var ki? Nə əvvəl olub, nə də indi...».

XS
SM
MD
LG