Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:42

Günel Mövlud. Bu bir dəstə yetim car çəkirdi ki...


Günel Mövlud
Günel Mövlud

-

"Hündür divarları, mərmər pilləkənləri, boğazı qırmızı lentli büllur nişan stəkanlarını, qat-qat tül pərdələri.."

Günel Mövlud

Cərimələr erası

Bir dəstə insan illərlə yazdı, dedi, özünü öldürdü, fəryad qopardı. Xəbərdar elədi, tarixi paralellər apardı, nümunələr gətirdi. Bir dəstə insan özünü rəsmən dərvişliyə, Kefli İskəndərliyə qoydu, car çəkdi ki, ey insanlar, ey xalq, bacılar-qardaşlar, siz dərin yuxudasınız.

Bu şirin, gözəl, rəngarəng bir yuxudur ki, adam oyanmaq istəmir. Amma vallah-billah bu yuxudur, xalqlı-hakimiyyətli, radikal-konstruktiv müxalifətli, liberal və konservativ ziyalılı, fəhləli-kəndlili hamının damarına vurulmuş neft iynəsinin gətirdiyi yuxudur.

Bu bir dəstə yetim car çəkirdi ki, restoranları, bahalı toyları, silikonlu müğənniləri, qır-qızılı, hündür divarları, mərmər pilləkənləri, boğazı qırmızı lentli büllur nişan stəkanlarını, qat-qat tül pərdələri, ildə birini dəyişdiyiniz bahalı telefon, smartfon, ayfon, daha onlarla nəfonları başa düşdük. Amma vallah, neft sovrulandan sonra sizə qalan bunlar olmayacaq. Sizə indi yatırım edə biləcəyiniz elmdən, mədəniyyətdən, kitabdan, təhsildən başqa bir şey qalmayacaq.

Savadından, sosial statusunudan, mövqeyindən asılı olmayaraq, hamı bu bir dəstə insanı lağa qoydu. Yuxarıdan aşağı baxdı. Siz niyə bizim kimi deyilsiniz deyə, hətta nifrət edənlər də tapıldı. Özü də çox tapıldı.

Neyləməli? İndi on il ərzində əllərinə keçən qəpik-quruşun qəfil kəsilməsi azmış kimi, olan-qalanlarının da əllərindən çıxmağına hazır olmalıdırlar.

Beləliklə, Azərbaycan xalqı neftin qiymətinin amansız şəkildə düşməsinin əvəzini öz dərisində ilk olaraq, cərimələrlə yaşamağa başlayır.

Son on-on beş ildə neft milyonlarından xalqa tərəf səpələnən qəpik-quruş indi müxtəlif cərimələrlə geri alınmağa başlayacaq.

İlkin mərhələdə qışqırmaq, səs salmaq, maşından ətrafa su çiləmək, nə bilim, yerə banan qabığı atmaq cərimələri varsa, görün, qarşıda bizi hələ nələr gözləyir.

Cərimə qanunlarının mənbəyinin neftin dəyərinin düşməsi, bununla da illərdir Ermənistanla müqayisə edib, sonra fəxr elədiyimiz büdcəmizin sürətlə boşalması olduğunu nəzərə alsaq, vəziyyət heç də ürəkaçan görünmür.

Neftin barrelinin hər yarım, bir, iki dollar düşməyi, sadə, zəhmətkeş, fağır azərbaycanlının onsuz da çox parlaq olmayan həyatında daha bir məhdudiyyəti demək oacaq, deyəsən.

Neft 20 sent düşdü? Pəncərədən baxıb, həyətdə oynayan uşağı evə çağırmağa cərimə.

Neft 50 sent də düşdü? Həftənin cüt günəri sekslə məşğul olmağa cərimə.

Neft bir dollar düşdü? Qız uşaqları axşam saat altıdan sonra evə qayıdan atalara cərimə...

Beləliklə, iri addımlarla Şimali Koreyaya doğru gedirik.

Orruel o dünyada peyğəmbərliyini elan edib yəqin.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG