Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:19

Günel Mövlud. Gombul kişilər


Günel Mövlud
Günel Mövlud

- "Şəxsən mən alnı tərləyən kişi görəndə az qalıram, durum alnını ovcumla silim. Təbii ki, kişi məhrəm deyilsə, salfet təklif etməklə kifayətlənirsən, xalqın anası-bacısı var..."

Günel Mövlud

Gombul kişilər

Bir qucaq isti bədən,

Bir qucaq doğma kişi...

Yazını artıq çəkisindən narahatlıq hiss edən, öz xarizmasının fərqində olmayan bütün gombul kişilərə ithaf edirəm...

Dəb jurnalları, moda dünyası, dəfilə salonları, nümayişlər, reklamlar, Hollivud, bir sözlə nəhəng bir mexanizm kök kişilərə qarşı sanki müharibə elan edib.

Boyu, çəkisi, eni, əzələləri standart modellər, aktyorlar filmlərdə, jurnal qapaqlarında, reklamlarda at oynadırlar. Onlar bizə yaraşıq, şarm, xarizma etalonu kimi təlqin edilir.

Bu standartları, bu ölçüləri kim fikirləşib, ideal nisbəti kim müəyyən edib və indi bütün dünya kütləvi şəkildə niyə bu standartların əsirinə çevrilib, bilmirəm.

Maraqlıdır ki, bu standartlar qadınlara aid olsa da, kifayət qədər model agentlikləri bəzən hansısa özəl cəhətinə görə kök qadınlardan model kimi istifadə edir.

Guy de Maupassant
Guy de Maupassant

Göyçək, şirin, toppuş qadın obrazlarına filmlərdə tez-tez rast gəlinir. Ədəbiyyatda da ən azından Mopassanın “Gombul” hekayəsi var ki, hər bir kök qadının özünüqiymətləndirmədə çox da əziyyət çəkməməsinə kömək edə bilər.

Məlumatsızlığımı bağışlayın, amma kişilərlə bağlı belə şeylərə rast gəlməmişəm və bu məni bərk narahat edir.

Bəzən yaxın dostlarımın, tanışlarımın, ya da uzaqdan tanış olduğum, amma insan kimi yaxşı keyfiyyətlərinə bələd olduğum kişilərin köklüklərindən əziyyət çəkdiyini görəndə, narahat oluram.

Bəzən təəccüblənirəm. Necə olur ki, bu ağıllı adamlar da hansısa dəb tendensiyalarının qanunlarına uymaq istəyir, uya bilmədiklərinə görə əziyyət çəkirlər?

Niyə onlar düşünürlər ki, əgər kinoda, dəbdə belə bir tendensiya varsa, bütün dünya onların yaraşıqsız olduğunu düşünür, cəlbedici hesab etmirlər?

Mən bir qadın kimi, öz zövqümdən danışmaq istəyirəm. Ağlım kəsəndən, əks cinsə marağım yaranandan kök kişilər məni daha çox cəlb edib.

Kök insanlarla ünsiyyət, onlarla dostluq etmək mənə çox rahatdır. Kök adam mənə könül rahatlığı gətirir. Bir az daha lirik olsam, deyə bilərəm ki, kök adamlardan ötrü ürəyim gedir.

Bəs bu adamlar özlərinə niyə hansısa fiziki baryerlər, standartlar yaradıblar? Bu şirin, mehriban, sevimli kişilər niyə kompleks keçirir, idman edir, pəhriz saxlayır, arıqlamaq istəyirlər?

Yəqin ki, kök kişilərlə bağlı miflərin burda böyük rolu var. Bu miflərə hamı kimi gombul kişilər də inanırlar. Gəlin o miflərə baxaq.

  1. Gombul kişilər çox tərləyirlər.

Hə, çox tərləyirlər. Nə olsun? Toppuş, sevimli insanın alnında muncuq-muncuq puçurlanan, parıldayan tər damlalarından daha şirin nə var? Sevimli kişi tərləyəndə, onu nəmli-nəmli qucaqlamaqdan zövq almamaq üçün qadın nə qədər duyğusuz olmalıdır?!

O hansı ətir, parfümdü ki, sevimli kişinin tərindən daha xoşdur? Şəxsən mən alnı tərləyən kişi görəndə az qalıram, durum alnını ovcumla silim. Təbii ki, kişi məhrəm deyilsə, salfet təklif etməklə kifayətlənirsən, xalqın anası-bacısı var...

  1. Qarın kişini çirkin göstərir.

Şəxsən mən belə hesab edirəm ki, qarınsız kişidə nəsə kəmdir. O yandan bəri şirin-şirin boylanan, “gəl, məni qucaqla” mesajı ötürən, yumru, yumşaq qarının nəyi pisdi?

Kişi qarnı ən seksual görüntülərdən biridir. Adam durmadan toxunmaq, sığallamaq, oxşamaq, öpmək istəyir. Qarınlı, totuq, toppuş kişini qucaqlayanda adamın qucağı dolur. Adamın qolları sevinir. Adam əsl bədənsəl həzz alır.

  1. Gombulluq seksual həyatda mane olur.

Kimə mane olur? Niyə mane olur? Şəxsən mənə sevdiyim gombul kişi ilə yaxınlığa mane olmur.

Ondan başlayaq ki, bəzi qadınlar var, gombul olmayan kişi onları ümumiyyətlə, ehtirasa gətirmir. Doğrudur, bəzi pozalarda məhdudiyyət yaranır, amma əvəzində başqa vəziyyətlər tapılır ki, daha maraqlı olur.

Burda məsələ yaradıcılıq, açıqlıq, münasibətlərdə komplekssizlik məsələsidir. Çəkinin-zadın dəxli yoxdur.

Uzun sözün qısası, əziz gombullar, çəkiniz sizi narahat etməsin. Sağlamlıq, səhhət baxımından haqlı ola bilərsiniz, amma əks cinsin marağı, sevgisinin qıtlığından əziyyət çəkməyiniz nə ədalətlidir, nə də həqiqət.

Siz olduqca sevimli, seksual, yaraşıqlı görünürsünüz və çoxunza idmançı, Hollivud standartları zərrə qədər yaraşmazdı. Siz məhz elə belə olmalısınız və biz sizi məhz elə belə sevirik.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG