Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:27

Borcu olduğu üçün həbs olunmaq istədi


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Adamlara çoxlu borcum var. Çıxış yolunu da bu addımı atmaqda gördüm...» - bunu dekabrın 7-də 6 il həbs cəzası alan İsmayıl Allahverdiyev deyir.

200 MİN MANAT BORCU OLUB

1970-ci il təvəllüdlü İsmayıl Allahverdiyev Kəlbəcər rayonundan məcburi köçkündür, paytaxtın Suraxanı rayonunda məskunlaşmışdı. Cinayət işinin materiallarına görə, avqustun 4-də Daxili İşlər Nazirliyinin «102» xidmətinə Neftçilər prospekti, 131 ünvanında yerləşən «ParkBulvar» Ticarət Mərkəzinə bomba qoyulduğu barədə məlumat daxil olub. Ticarət mərkəzində araşdırma aparılandan sonra məlumatın yalan olduğu üzə çıxıb. Zəng vurub məlumatı verən şəxsin isə 45 yaşlı İsmayıl Allahverdiyev olduğu müəyyənləşdirilib və o, həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə Rauf Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxırdı.

İsmayıl Allahverdiyev məhkəmədə ifadəsində ittihamı qəbul edib. Polisə bomba barədə yalan məlumat verməsinə gəlincə, buna özünəməxsus səbəb göstərib. Deyib ki, ətrafındakı qohum-tanışlarına 200 min manata qədər borcu olub. Borclu olduğu adamlardan bir müddətlik canını qurtarmaq üçün həbs olunmaq istəyib. Elə ona görə də Daxili İşlər Nazirliyinə «Park Bulvar»a bomba qoyulması barədə yalan məlumat verib ki, onu həbs etsinlər.

«NƏ TƏHƏR MƏSLƏHƏTDİR»

İsmayıl Allahverdiyevin məhkəmədə son sözü qısa oldu: «Nəzərə alın, nə təhər məsləhətdir, elə olsun...».

İsmayıl Allahverdiyev Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq, təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunurdu. Bu maddənin sanksiyasında beş ildən səkkiz ilə qədər həbs nəzərdə tutulub.

Qısa müşavirədən sonra məhkəmə İsmayıl Allahverdiyevin 6 il azadlıqdan məhrum olunması barədə hökmü elan etdi.

XS
SM
MD
LG