Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:22

ABŞ-da ədəbiyyat dərsini niyə və necə keçirlər?


Kristina Deptula
Kristina Deptula

-

"Dövlət standartı üçün əsas odur ki, şagird hər yaş qrupuna görə qarşıya qoyulan səviyyəyə çatsın. Buna hansı yolla çatmağı ədəbiyyat müəllimi və ya məktəb seçir."

ABŞ-da orta məktəblərdə ədəbiyyat fənni necə tədris olunur? Bu haqda ABŞ-ın Kaliforniya ştatının West San Lorenzo məktəbinin ədəbiyyat müəllimi Kristina Deptula ilə OxuZalında söhbət etdik.

- Ümummiyyətlə, ədəbiyyat orta məktəblərdə niyə tədris olunur?

- Əsas məqsəd şagirdləri gələcək həyatda oxuyan insanlar olmaq üçün tərbiyə etməkdir; qoy bu dərsin nəticəsində onlar nəticə çıxarsınlar ki, ədəbiyyat həyatda onlara kömək edə və onları ölçə bilər.

Ədəbiyyat gücləndirə bilər: bax, bunu romanda oxumuşdum, sonra həyatda rast gəldim, o qəhrəman məni bu çətinlik haqda xəbərdar etmişdi.

Mən öz dərsimdə əvvəlcə ədəbiyyatla həyat və cəmiyyət arasındakı əlaqəni vurğulayıram. Ədəbiyyat cəmiyyətə tutulan güzgüdür. İstəyirəm şagirdlərim oxuduğumuz ədəbiyyatda nəyin real olduğunu görsünlər.

Sonra müəlliflərin həyatı üzərindən emosiya qurmağa çalışıram, o, bu kitabı necə yazıb, onun həyatını danışıram, bu həyatın əsərdə necə əks olunduğunu müzakirə edirik.

- Ədəbiyyat fənninin ABŞ məktəblərində nüfuzu necədir?

- Bir çox məktəblərdə Ədəbiyyat, Drama, Yazı ayrı fənlər kimi tədris olunur. Ədəbiyyat dərsində Amerika ədəbiyyatı tarixi geniş tədris olunur və başqa mədəniyyətlərin ədəbiyyatı haqda bir qədər anlayış verilir. Drama dərslərində pyeslər tədris olunur, bu dərs həm də teatra bir girişdir. Yazı dərslərində məktubdan başlayaraq esselər yazmağa qədər bir yol keçilir. Mən sırf ədəbiyyat müəllimiyəm.

Vahid Amerika tədris kurrikulumu yoxdur, hər ştatın, məktəblərin müstəqillilyi var ki, özləri kurrikulum seçsinlər.

Amma vahid standart var. Yəni nələr keçmək üçün göstəriş verilmir, bu standart şagirdlərin hər yaş qrupunda nələri bilməli olduğu haqdadır.

Kristina Deptula
Kristina Deptula

Məsələn, Ədəbiyyatın struktur xüsusiyyətlərindən danışsaq, 9-10-cu siniflər Janrlar arasındakı fərqləri bilməldiirlər, müxtəlif ədəbiyyat mexanizmlərindən xəbərdar olmalıdırlar.

Mətnin narrativ təhlilindən danışsaq, 10-12-ci siniflər Amerika ədəbiyyatdakı böyük dövrlər, böyük mövzular, üslublar, trendlər arasındakı fərqləri təsvir edə bilməlidirlər. Yaxud daha yaxşı olar ki, başqa mədəniyyətlərin ədəbiyyatının hər dövrdə bir-birilə necə müqayisə oluna biləcəyini də öyrənsinlər.

10-12-ci siniflərdə Ədəbiyyat dərsi çərçivəsində həm də Ədəbi tənqid keçilir, bu dərsin nəticəsində onlar ədəbi üslubların estetik xüsusiyyətlərini qiymətləndirməyi bacarmalıdırlar və ədəbi əsərdəki siyasi mülahizələri görməyi bacarmalıdırlar.

Buna hər ədəbiyyat məktəbi və ya müəllimi öz üzuluyla çata bilər.

- Azərbaycanda hökumətin təsdiq etdiyi konkret dərsliklər var, hər sinif üçün biri. O ədəbiyyat dərsliyində hansı müəlliflər varsa, hansı əsərlər və ya əsərlərdən hissələr verilibsə, müəllim onları öyrətməlidir.

- Amerikada məktəblər üçün janrlar üzrə antologiyalar geniş yayılıb. Onlarda hər hansı birinə dövlət səviyyəsində üstünlük verilmir. Dövlət standartı üçün əsas odur ki, şagird hər yaş qrupuna görə qarşıya qoyulan səviyyəyə çatsın. Buna hansı yolla çatmağı ədəbiyyat müəllimi və ya məktəb seçir.

Var 10-cu siniflər üçün janrlar üzrə antologiyalar, 12-ci sinif üçün Britaniya ədəbiyyatı, dünya ədəbiyyatı, məşhur müəlliflərin əsərləri antologiyası...

- Dediniz ki, məktəblər və müəllimlər o məqsədlərə çatmaq üsulunu özləri seçirlər. Necə üsullar olur? Bir ədəbiyyat dərsi necə keçir?

- Müxtəlif üsullarla. Bəzi müəllimlər hələ də özləri mühazirə oxuyur və öyrətdikləri ədəbiyyat üçün domininantlıq edirlər. Amma sinif diskursu çox tənqid olunub, odur ki, bir çoxları bundan qaçır.

Əsərləri oxumaq və birgə müzakirəsini keçirmək daha yayğın üsuldur. Ədəbi emalatxanalar, dərnəklər çoxdur. Müxtəlif yanaşmalar və üsullar var.

- Sizin bir ədəbiyyat müəllimi kimi qarşılaşdığınız əsas problem nədir?

- Bizdə ədəbiyyat müəllimləri üçün online resurlar var. Orada görürük ki, bizi tez-tez ABŞ, Britaniya ədəbiyyatına çox böyük yer verməkdə, başqa mədəniyyətlərin ədəbiyyatını az oxumağa görə tənqid edirlər.

İndi ştatlar, məktəblər çalışırlar ki, başqa irq və millətlərdən olan müəlliflərin əsərlərini də dərslərinə salsınlar. Çünki keçmişdə məktəblərdə ağ kişi müəlliflərin əsərləri dominantlıq edib.

- Yuxarı siniflərə gələn şagird artıq orta məktəbdə hansı əsərləri oxumuş bir şagird olaraq gəlir?

- Mən elə bir yaş qrupunda dərs verirəm ki, həmin yaş qrupu üçün bazarda "Young adult" (yeniyetmələr üçün əyləncəli kitablar) janrından saysız kitablar var. Daha aşağı siniflərdə şagird bu yeni trend kitablara aludə olmadan Amerika ədəbiyyatının əsas əsərlərilə tanış olmalıdır. Bu da hər məktəbin təhsilindən çox asılıdır.

Ümumiyyətlə, məktəblər reytinqlərinə görə fərqlənir. Onların keyfiyyət standartlarına uyğunluğu üç ildə bir dəfə yoxlanır. Bu ölçməyə ədəbiyyat dərslərin keyfiyyəti də, başqa dərslərin keyfiyyəti də, bundan əlavə, təmizlik kimi məsələlər də daxil edilir.

Sonra məktəblərin reytinq syahısı rəsmi şəkildə hər ştatın təhsil idarəsinin səhifəsində dərc olunur. Yeni şagirdlər o siyahıda təbii ki, qabaqcıl məktəbləri seçirlər.

XS
SM
MD
LG