Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Mirzə Sakit: «Hakimiyyətə qarşı sərt yazmağa utanıram»


Mirzə Sakit
Mirzə Sakit

-

«Azərbaycan hakimiyyətinə qarşı orada olanda daha sərt yazırdım, nəinki burada. Çünki uzaqda dayanıb Azərbaycan hakimiyyətinə qarşı həddən artıq sərt yazmağa utanıram, özümə sığışdırmıram, deyirəm ki, «orada olsaydım, yazardım»».

Belçikada mühacir həyatı yaşayan satirik şair Mirzə Sakit (Sakit Zahidov) belə düşünür. AzadlıqRadiosuna müsahibəsində şair bu günlərdə Avropa İnsan Haqları Məhkəməsinin onun barəsində çıxardığı qərara münasibətindən, mühacirətdə qarşılaşdığı hücumdan danışıb.

- Avropa İnsan Haqları Məhkəməsinin bu günlərdə barənizdə çıxardığı qərarı necə qarşıladınız? Gözləntiləriniz doğruldumu?

- İnanırdım ki, müsbət, ədalətli bir qərar çıxarılacaq. Amma inanın ki, bu qərarı görən kimi ilk yadıma vəkilim İntiqam Əliyev, İsaxan Aşurov və Vüqar Xasıyev düşdü. O adamlar bu iş uğrunda çox əziyyət çəkiblər. Statusumda da bu münasibətlə İsaxan Aşurov və İntiqam Əliyevi təbrik etdim. Onu da etiraf edim ki, işin maliyyə tərəfi də məni ilgiləndirdi, çünki düşünürdüm ki, pulu alan kimi kitabları çap edə biləcəyəm. «Haqq nazilər, üzülməz» deyirəm.

- Kitablarınızın çapına yetirmi kompensasiya? Neçə kitabınız işıq üzü görməyə namizəddir?

- İstanbulda bir nəşr evi tapmışam, tanış adamdır deyə, mənə güzəşt də edir. Üç kitabım nəşr olunmalıdır, hərəsindən 500-600 nüsxə olmaqla və bu puldan hələ artıq da qalır. Hələ Avropada balaca bir maşın da ala bilərəm (gülür).

·- Kitablarınızda əsas mövzu nədir, əvvəlkilərdən fərqlənirmi?

-Kitablarım öz doğma dilimizdədir. Biri satirik şerlər, digəri lirik şerlər, yəni qəzəllərimdir. Üçüncü kitab isə nəsrdir, o zaman həbsxanada yatarkən orada gördüyüm hadisələr və hekayələrim olacaq. Türkiyədə çap etdirim, Belçikaya gətirəcəyəm. Buradan da Azərbaycana hərəsindən bir neçə dənə ötürmək fikrim var.

- Azərbaycanda satışa çıxarılacaqmı?

- Yox, Azərbaycanda yalnız lirik şerlər kitabım satışa çıxarıla bilər. Hekayələr və satirik şerlərdən ibarət kitabları satışa çıxarmaq istəyən kitab mağazası olacağını düşünmürəm.

- Mühacirət həyatınız necə keçir? Bu günlərdə hücuma məruz qaldığınızı eşitdik.

- Mühacirət həyatı kimin üçünsə yaxşı, kimin üçünsə pis keçir. Uşaqlarım da buradadırlar, ailəlidirlər, onlar üçün çox yaxşı keçir, burada xoşbəxtdirlər. Azərbaycandan fərqli olaraq, burada öz evləri, işləri var, hökumətdən təqaüd də alırlar. Mənim üçünsə çox ağırdır, çox darıxıram, heç bu qədər sıxılacağımı, darıxacağımı təsəvvür etməzdim. Burada qanunların gözəlliyi, insan haqlarının qorunması, insanların bir-birinə münasibəti çox gözəldir. Azərbaycanda nələrin olmasını arzulayırdıqsa, onları mən burada görürəm. Amma buna baxmayaraq, bura mənim üçün sıxıcıdır. Bakıdan, anadan olduğum Şamaxıdan ötrü darıxıram. Dostlarla çayxanalarda oturub söhbət etmək istəyirəm, Azərbaycanın lüləyi, qulpu kirli çayniklərindən ötrü belə darıxıram.

- Azərbaycana gəlməyiniz nə vaxt mümkün olacaq? Ümumiyyətlə, bu barədə düşünürsünüz?

- İndi istəsəm də, gələ bilmərəm, çünki hələ burada vətəndaşlıq almamışam. Vətəndaşlıq almasam, gəlməyim özümə, ailəmə bir siyasi mühacir kimi ziyan edər. Vətəndaşlıq alan kimi elə həmin həftə bilet alıb gələcəyəm.

- Bu günlərdə sizə qarşı hücum olub…

- Brüsseldən başqa bir şəhərə getmək üçün dəmiryol vağzalından bilet aldım. Qatarın yola düşməsinə 45 dəqiqə qalmışdı. Vaxtımı keçirtmək üçün yaxınlıqdakı parka gəlib oturacaqların birində oturub siqaret yandırdım. Bu vaxt üç nəfər mənə yaxınlaşıb siqaret istədilər, mən də siqaret qutusunu açıb onlara tərəf uzatdım. Onlardan ikisi siqaret götürüb, biri sağ tərəfimdə, biri isə sol tərəfimdə əyləşdilər, üçüncüsü isə mənimlə üzbəüz ayaqüstə dayandı. Danışıqlarından onların fars olduqlarını bildim. Haralı olduğumu soruşduqda – «Azərbaycandanam» – dedim. Sən demə, biri azərbaycanca bilirmiş. Qayıdıb mənə dedi ki, «Azərbaycan İranın bir əyalətidir». Mən də dedim «yox, əksinə İranın 70 faizi Azərbaycan torpaqlarıdır, bir zamanlar İran imperialist qüvvələrlə birləşərək o torpaqlarımızı işğal ediblər». Sonra da Khomeini, ayətullalarla bağlı söz mübahisəsi yarandı aramızda. Sağ və sol tərəfimdə oturanlar hər ikisi məni yumruqlamağa başladılar, qarşımda ayaqüstə dayanan isə güclü zərbə ilə təpiklə sinəmdən vurdu. Azərbaycanca danışan cibindən bıçaq çıxardıb dedi, «kafir, sənin başın kəsilməlidir». Ətrafdakı adamların bizə yaxınlaşdığını və o adamlardan birinin «polis çağırmaq lazımdır» deməsini eşitdikdən sonra tez uzaqlaşdılar. Sinəmə dəyən təpik zərbəsi halımı pisləşdirdi, ətrafdakılar təcili yardım çağırdılar, üç gün xəstəxanada yatdım. İndi də evdə müalicə olunuram.

- Sakit bəy, belə çıxır ki, mühacirətdə də güvəndə deyilsiniz?

- Burada polis güvənliyi daha güclü olsa da, bu, o demək deyil, hər gün evimin qarşısında durub məni qoruyur. Burada dindarlar, radikallar, islamçılar daha çoxdur. Burada müəyyən yerlər var ki, asanlıqla gedib silah ala bilərsən. Yəni, burada kimisə qətlə yetirtmək daha asandır. Əksəriyyətini də radikallar, islamçılar törədir. Mənə hücum olunan gün axşam qızım dedi ki, bir saqqallı şəxs həyətdə saatlarla dayanıb və bizim pəncərəyə baxıbmış.

- Belə bir durumda özünüzü necə qorumağı düşünürsünüz?

- Azərbaycanda da təhdidlər, təzyiqlər, həbslər olurdu. Amma bu, o demək deyil ki, qələmindən vaz keçməlisən. Mən Azərbaycan hakimiyyətinə qarşı orada olanda, daha sərt yazırdım, nəinki burada. Çünki uzaqda dayanıb Azərbaycan hakimiyyətinə qarşı həddən artıq sərt yazmağa utanıram, özümə sığışdırmıram, deyirəm ki, «orada olsaydım, yazardım». Uzaqdan hədələmək, sanki Bakıda oturub Sarkisian-ı hədələmək kimi bir şeydir. Düzdür, hakimiyyətə, neqativ hallara, korrupsiyaya qarşı yenə yazıram, amma Bakıda yazdığım qədər və kimi yox. Amma radikalların Azərbaycan dövlətçiliyinə qarşı çıxmaları əleyhinə yazmaya bilmərəm. Radikal islamçılara dəstək verməyi ayıb hesab edirəm. Buradan izləyirəm ki, Milli Şura, AXCP həmişə radikal dindarlara, aksiya keçirən islamçılara dəstək verirlər. Bu yolla demokratik dövlət qurmaq olmaz. Ayıbdır, ona görə də xalqdan dəstək ala bilmirlər. Bütün həyatım boyu hakimiyyətə qarşı mübarizə aparmışam və bundan sonra da aparacağam. Amma dövlətçiliyə qarşı çıxan olsa, bu məsələdə hakimiyyətin yanında olacağam. Həmişə dövləti qoruyanların yanındayam. Hakimiyyətlər gəldi-gedərdir, amma dövlətçilik öz yerində qalır. Biz dövlətə qarşı təhlükələrlə mübarizə aparmalıyıq. Mənim gücüm yazmağa çatır, yazıram da və hiss edirəm ki, yazdıqlarımın çox böyük effekti də var.

XS
SM
MD
LG