Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:35

Çovdarovun gizli həbsxanası da aşkarlanıb


Akif Çovdarov
Akif Çovdarov

-

«Çovdarovun gizli həbsxanası da aşkarlanıb –General, nəhayət, ədalət mühakiməsinin kəndirinə keçdi» – strateq.az yazır. Rəsmən təsdiqlənməyən xəbər əksər KİV-lərdə yayılıb.

«Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub.

Məlum olub ki, MTN-dəki məlum dəstə… xeyli sayda adamı – xüsusən də ayrı-ayrı vəzifəli şəxslərlə qohumluq əlaqələri olan imkanlı adamları məhz MTN binasından kənarda yerləşən bu gizli həbsxanaya gətirərək, saatlarla və günlərlə rahatca saxlanılır, sonda isə əvvəlcədən dinləmə-izləmə vasitəsilə topladıqları rüsvayedici kompromatları nümayiş etdirir və qarşılığında külli miqdarda pul tələb edirmişlər» – strateq.az yazır.

Məqalədə daha sonra deyilir ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib və ciddi nəzarət altına alınıb. Onun yaxın günlərdə həbsə atılacağı gözlənilir.

strateq.az-a MTN-ə yaxın mənbələrdən daxil olan məlumata görə, indiyədək həbs edilən MTN əməkdaşlarının əksəriyyəti qeyri-qanuni göstərişlərin bir çoxunu həm də birbaşa Çovdarovdan aldıqları haqda ifadələr veriblər və artıq onun həbsi üçün kifayət qədər dəlil-sübutlar toplanıb: «Eyni zamanda, təhlükəsizlik məqsədilə adları hələlik cəmiyyətə açıqlanmayan xeyli sayda işadamı da Baş Prokurorluğa və Prezident Administrasiyasına ünvanladıqları şikayətlərində birbaşa məhz general Akif Çovdarovun onlara hədə-qorxu gələrək, milyonlarla vəsaitlərini və əmlaklarını əllərindən aldığını bildiriblər».

MTN GENERALININ «QUANTANAMOSU»

«Yeni Müsavat» Akif Çovdarov mövzusunu davam etdirir: «MTN generalının «Quantanamosu»».

Qəzet yazır ki, Azərbaycanda zaman-zaman gizli həbsxanaların varlığı haqda iddialar ortaya çıxıb: «Həmin iddialardan təsdiq olunanları da var. Məsələn, hazırda ömürlük məhbus olaraq MTN-də saxlanılan DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov Keşlə qəsəbəsində yerləşən villasının həyətində belə bir həbsxana saxlayıb. H.Məmmədovun məhkəməsində məlum olub ki, oğurlanan şəxslər zirzəmidə yerləşən həmin gizli həbsxanada saxlanılıblar.

Elçin Behbudov
Elçin Behbudov

Bundan başqa, Xüsusi İdarənin rəisi olmuş Elman Qəmbərovun da gizli həbsxana saxladığı haqda məlumatlar vardı. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov 1995-ci ildə həmin həbsxanada saxlanılmışdı».

E.Behbudov qəzetə danışarkən Çovdarovun gizli həbsxana saxlamasını mətbuatdan öyrəndiyini deyib.

«Vaxtilə mənim özüm də belə bir həbsxanada olmuşam. Xüsusi İdarənin rəisi Elman Qəmbərov məni ora işgəncə vermək üçün saldırmışdı. Həmin gizli həbsxana Xüsusi İdarənin zirzəmisində idi. 3 metr yerin dərinliyində, havasız, sanitar qovşağı olmayan dəhşətli bir yer idi. İşıq düşmürdü, nəmişlik iyindən boğulurdum. Ora işgəncə dəzgahı idi. İnanmıram ki, deyilən yer MTN-dədir. MTN-də gizli həbsxana yoxdur. Ola bilər ki, haradasa kənar bir yerdə olub. Əgər belə bir yer saxlayıblarsa, bu, vəzifə səlahiyyətlərini aşma, insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaqdır. Bu böyük bir cinayətdir», - söyləyib Elçin Behbudov.

BAYRAĞIN GÜNÜ

«Azadlıq» qəzeti bayraq günündən yazır:

«Bayrağı 165 metrlik dirəyə bərkidiblər, bayrağın atasının isə Gəncədəki büstünə torba keçiriblər. Bəlkə də bu üçrəngli dalğalanan bayrağı dirəyə bərkitməsəydilər, 165 metrlik hündürlükdən özünü aşağı atardı. Çoxdandır ki, bu ölkədə bayraq dalğalanmır, çırpınır.

Bu üçrəngli dəyərə 165 metrlik böyüklük lazım deyil, 1 metrlik hörmət lazımdı. Bəli, bayrağın böyüklüyü onun dirəyinin uzun olması ilə ölçülməz. Kaş 165 metrlik bayraq dirəyinin əvəzinə, vətənin hər guşəsinə sanca biləcəyimiz 1 metrlik bayraq dirəyimiz olaydı. Kaş bayraq sevdalılarına ölkənin müxtəlif yerlərində 1 metrlik heykəllər ucaldılaydı.

Bayraq Meydanı
Bayraq Meydanı

Bu bayrağı təkcə 20 faiz torpaqdan deyil, rənglərinə qovuşmaqdan da məhrum ediblər. İndi bayrağımızın rəngləri də məhbusa çevrilib. Bu üçrəngli bayrağın şərəfinə «Bayraq Meydanı» tikdilər. Amma az müddətdən sonra məlum oldu ki, hətta bayraq adı altında da cinayət edirmişlər, korrupsiya ilə məşğul olurmuşlar. Bəli, etiraf etdilər ki, «Bayraq Meydanı»nın rəisi 2 il ərzində milyonlarla vəsait mənimsəyib…».

BAYRAĞIMIZ XALQIMIZIN RƏMZİDİR

«Xalq» qəzeti də bayraqdan yazır: «Bayrağımız Azərbaycanın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir».

«1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azərbaycanda həmin üçrəngli bayraqdan imtina edilib. Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilib və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib», - məqalədə deyilir.

Müəllif daha sonra yazır ki, bu tendensiya sonralar daha böyük yaradıcılıqla davam etdirilib. Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Artıq altı ildir ki, noyabr ayının 9-u Dövlət Bayrağı Günü dövlət bayramı kimi qeyd olunur.

Məqalədə deyilir ki, bu gün müstəqil Azərbaycan dövləti bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvüdür: «Üçrəngli milli bayrağımız BMT-də və Avropanın mərkəzində dalğalanır, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıdır».

XS
SM
MD
LG