Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:48

Dediyiniz o gözəllik, harmoniya təbiətin harasındadır?!


Bertrand Russell
Bertrand Russell

- "Bu qaniçənliklərin hamısı da inanclı kimsələrin əli ilə, onlara dini ehkamlara sözsüz boyun əyməyi aşılamaqla yerinə yetirilmişdir."

"Kimsə qatarların yoladüşmə vaxtını öyrənmədən Çikaqoya getmək istəsə, bunun üçün ancaq öz ürəyədammalarına, intiusiyalarına arxalansa, onun necə bir qanmaz yerinə qalacağını anlamaq çətin deyildir."

AQNOSTİK KİMLƏRƏ DEYİLİR?

(Bertran Rasselin 1953-cü ildə verdiyi telemüsahibə)

–Aqnostik kimlərə deyilir?

–Aqnostik, xristianlıqla, o sıradan başqa dinlərlə də bağlı olan Tanrının varlığı, dünyanın sonsuzluğu kimi problemlərin qavranıla biləcəyinə inanmır. Ya da ən azından, bu problemləri qavramağı bu gün üçün baş tuta biləcək bir iş saymır.

–Aqnostiki ateist saymaq olarmı?

Yox, saymaq olmaz. Ateist də elə xristian kimi, Tanrının olub-olmadığını aydınlaşdırmağı mümkün bir iş sayır.

Bildiyimiz kimi, xristianlar Tanrının varlığına inanırlar, ateistlər isə onun olmadığını deyirlər. Aqnostik isə belə mühakimələri dilə gətirməkdən çəkinir, onun fikrincə, Tanrının varlığına inanmaq üçün də, onun varlığını danmaq üçün də irəli sürülən arqumentlər yetərli deyildir.

Bununla yanaşı, aqnostikin inamına görə, Tanrının varlığı yolverilən mühakimələr sırasında dayansa da, inandırıcı deyildir; aqnostik Tanrının varlığını inandırıcı saymadığından, gerçəklikdə onun varlığını saya salmadan da ötüşməyi mümkün sayır. Bu durumda o, ateizmdən uzaqlaşır.

Onun bu baxışı əski çağların yunan filosoflarının Yunan tanrılarına çəkingənliklə yanaşmasına çox oxşayır. Birdən məndən, Zevsin, Poseydonun, Heranın olmadığını sübut eləməyi istəsydilər, mən bu problemi həll edə bilmək üçün inandırıcı arqumentlər tapmaqda çox çətinlik çəkərdim.

Aqnostikin düşüncəsinə görə, yunanların olimp-tanrılarının ola bilməsi ehtimalı ilə, xristian tanrısnın olma ehtimalı eynidir; bu durumda isə aqnostik demək olar, ateistlə bir sırada dayanmış olur.

–İlahi Qanunları danırsınızsa, onda yaşamda tutuğunuz yolda, gördüyünüz işlərdə siz kimə güvənirsiniz?

Bertrand Russell
Bertrand Russell

– Aqnostikin, dindarlar sayağı arxalandığı, güvəndiyi, yardım gözlədiyi bir kimsə yoxdur.

Onun düşüncəsinə görə, insan nə edəcəyini özü kəsdirməlidir.

Düzdür, aqnostik başqalarının da gənəşiklərinə qulaq asır, ancaq o, kiminsə gənəşiyini bütünlüklə doğru saymaya da bilər, o, kimin sözünə inanmağı ancaq özü qət eləyir.

Aqnostik İlahi Qanun deyilən nəsnənin zaman keçdikcə dəyişdiyini də yaxşı bilir. Götürək elə Bibliynı, orada bir yerdə belə buyurulur: dul qadın ölmüş ərinin qardaşına ərə getməməlidir, sonra başqa bir yerdə, bəlli durumlarda dul qadının hökmən ölmüş ərinin qardaşına ərə getməli olduğu buyurulur.

Dul qadının uşağı yoxsa, həm də onun qayınlarından hansı birisə evli deyilsə, İlahi Qanun bu qadın üçün subay qaynına ərə getməkdən başqa bir yol tanımır.

–Elə isə, siz yaxşılıqla yamanlığı necə dəyərləndirə bilirsiniz? Aqnostik nəyi günah sayır?

–Aqnostik, bir çox xristianlar kimi, yaxşılıqla yamanlığın nə olduğunu dəqiqiliklə bildiyini sanmır.

Örnək üçün, o, ötən çağlarda bir çox xristianların düşündüyü kimi, ilahiyyatçılıq prinsipləri ilə qurulmuş dövlətin qoyduğu yasaları tanımaq istəməyən insanların işgəncə ilə öldürülməsini düzgün saymır.

O, insanların inanclarına görə incidilməsinə qarşıdır, insanların əxlaqlarını mühakimə eləməkdən çəkinir.

Günah konusuna gəlincə, o, bu anlayışı büsbütün yararsız sayır. Düzdür, o da insanların hansısa davranışlarını yolverilən, hansılarınısa yolverilməz sayır, ancaq onların yolverilməz davranışlarına görə verilən cəzanın, insanları yanlışlardan çəkindirmək, bir də doğru yola qaytarmaq üçün olduğunu düşünür; bu cəzalar ancaq törədilən yamanlığı sıxışdırıb aradan qaldırmaq üçün olmalıdr, daha özü də yeni bir yamanlığa çevrilməməlidir.

Bax, elə bu amansız cəzalar, insanların düşüncəsində yaranan uydurma cəhənnəm ideyasını yaratmışdır. Günah anlayışını aşırı dəyərləndirmək, çoxlu yaramazlıqlara, o sıradan cəhənnəm ideyasının ortaya çıxamasına səbəb olmuşdur.

–Belə çıxır, aqnostikin ağlına nə batırsa, onu da eləyir?

–Həmişə belə olmur; ancaq burası da var, baxanda elə hamı öz ağlına batanları eləyir. Tutalım, birisi sizi bərk boğaza yığdığından onu öldürmək istəyirsiniz. Ancaq buna baxmayaraq, siz özünüzü onu öldürməkdən çəkindirirsiniz. Nə üçün belə elədiyinizi soruşanda isə deyirsiniz: “Mənim inandığım dinə görə, insanı öldürmək günahdır”.

Ancaq statistikaya baxsanız, aqnostiklərin başqaları ilə tutuşduranda, insan öldürməyə ən az əl atan, demək olar, insana əl qaldırmağı özünə sığışdırmayan kimsələr olduğunu görəcəksiniz.

Onları da, elə başqaları kimi, bu işdən çəkindirən ən başlıca səbəb cəzadan çəkinməklə bağlıdır. Qanunsuzluğun baş alıb getdiyi yerdə, istənilən kimsə adam öldürə bilər, ancaq qanunun işlədiyi yerdə adam öldürmək istəyənlər çox vaxt bundan çəkinirlər.

Onları adam öldürməkdən çəkindirən təkcə elə qanundan qorxmaları deyildir, onları qorxudan bir də, cinayətin üstü açılarsa, təklənə biləcəkləri, ən yaxın adamlarının belə, gözündən düşəcəkləridir.

Bundan başqa, axı “vicdan” deyilən bir nəsnənin olduğunu da unutmaq olmaz. Siz haçansa, kimisə öldürməyi düşünmüsünüzsə, istər-istəməz, öldürmək istədiyiniz adamın son anlarında çəkəcəyi ağrı-acılarını, onun ölmüş bədənini gözlərinizin önünə gətirib, bu qorxunc görünüşdən sarsılmısınız da.

Sözsüz, bu deyilənlərin yerinə yetməsi, sizin qanunların işlədiyi toplumda yaşamağınızdan çox asılıdır, belə toplumların yaradılıb qorunması isə, din olmadan da baş tuta bilər.

Mən bir az öncə, hər kəsin öz istəklərinə uyğun olaraq davrandığını demişdim. Bəlli olduğu kimi, ancaq zırrama olan birisi, özünün dəlisovluğunu cilovlamağa çalışmır, əksinə, ağlı başında olan hər bir insanın yamanlıqla bağlı olan hər hansı istəyinin qarşısını kəsən, ona üstün gəlməyi bacaran başqa istəkləri də olur.

İnsanı ictimai qaydaları pozmaqdan çəkindirən onun Tanrıdan olan qorxusu da ola bilər, ancaq onu bundan çəkindirən, arxadaşlarını, doğmalarını itirmək qorxusu, toplumda sayğı qazanmaq duyğusu, yaxud da özünü gözdən salmaq istəməməsi də ola bilər.

Onun belə istəkləri yoxdursa, hansısa abstrakt əxlaq anlayışı beləsini qanunların işlədiyi çevrədə tutub saxlaya bilməz.

–Aqnostik Bibliyaya necə yanaşır?

- İşıqlı düşüncə yiyələri olan ruhanilər Bibliyaya necə yanaşırlarsa, aqnostik də Bibliyaya elə o sayaq yanaşır. Aqnostik Bibliyanın Tanrının ilhamvericiliyi ilə yarandığını sanmır; o, bu kitabı əski çağların mifləşdirilmiş tarixi sayır, onun Homerin poemalarından daha gerçək olduğunu düşünmür; Bibliyanın öyrətmək istədiyi əxlaqi qanunların bəzilərini düzgün, başqa birilərini isə bütünlüklə yanlış sayır.

Bir örnək: Samuil Saula belə bir buyuruq vermişdi: üzərinə getdiyi yağıları savaşda yenəndən sonra onların hamısını, kişili-qadınlı, uşaqlı-qocalı öldürməklə yanaşı, bu adamların ələ keçən qoyunlarını, mal-qarasını da öldürsün.

Ancaq Saul, hamını qırıb çatsa da, qoyunları öldürməmişdi, buna görə də biz inanclı kimsələr olsaq, gərək onu bu işinə görə qınayaq.

Başqa bir örnək göstərim, mən heç cür anlaya bilmirəm, necə olur Yelisey peyğəmbər ona gülən uşaqları qarğayır, bundan sonra, heç özü də bu qarğışına inanmasa da, Tanrı onun qarğışını “eşidir”, oraya göndərdiyi iki ayının caynaqlarında bu uşaqları öldürtdürür.

–Aqnostik İsa Məsihə necə yanaşır, onun nikahsız doğulmasına, habelə, müqəddəs Üçlüyün olmasına necə baxır?

– Aqnostik Tanrıya inanmadığı kimi, İsa Məsihi də tanrı saymır. Aqnostiklərin çoxu İsa Məsihin İncildə danışılan ömür yolunu, onun təliminin bir sıra cəhətlərini bəyənirlər, ancaq onu tarixdə olmuş başqa böyük kimliklərdən artıq olan birisi saymırlar.

Onlardan kimisi İsa Məsihi Budda ilə, kimisi Sokratla, kimisi də Abraham Linkolnla yanaşı qoyur. Onun dediklərinin hamısını doğru saymaqdan da uzaqdırlar, bir sözlə, onu ən güvəncli bir kimsə də saymırlar.

İsa Məsihin nikahsız doğulmasını isə, onlar bütsevər dinlərdən götürülmüş mif sayırlar, bildiyiniz kimi onlarda da belə baxışlar geniş yayılmışdı (örnək üçün, bu dinlərdə deyildiyinə görə, Zərdüşt də bakirə qızdan doğulmuşdu; Babildə isə ilahə İştarı Müqəddəs Bakirə deyə çağırırdılar).

Aqnostiklər nə buna, nə də Müqəddəs Üçlüyə inanırlar, Tanrıya inanmadan bunlara da inanmaq olmaz.

–Aqnostik xristian ola bilərmi?

İllüstrasiya
İllüstrasiya

– “Xristian” sözü, indiyə kimi çoxlu başqa-başqa dönəmlərdə, ayrı-ayrı anlamlarda işlənmişdir.

İsa Məsihin çağından başlayaraq, yüzilliklər boyunca Tanrıya tapınan, insanın ölümdən sonra da yaşayacağına inanan, İsa Məsihi Tanrı sayan insanlar xristian adlanmışlar.

Sonradan, özünə karyera düzəltmək istəyən, qazanc güdən kimsələrin çoxu, Tanrıya inanmasalar da, özlərini xristian adlandırmışlar, burası da var, xristian deyilən çağdaş insanların böyük çoxluğu “Tanrı” sözünü, İsa Məsihin dediyi anlamda başa düşməkdən çox uzaqdırlar.

Çoxları Tanrıya inandıqlarını deyəndə, heç də İsa Məsihə, onun dediyi Müqəddəs Üçlüyə inandıqlarını demək istəmirlər, onlar nə isə anlaşılmaz bir gücə, yaxud da təkamülün yönəldiyi məqsədə inandıqlarını demək istəyirlər.

Bir başqaları isə, bir az da uzağa gedib çıxır, xristianlıq adı altında, oturuşmuş bəlli əxlaqi normalarını başa düşürlər, onlar tarixi araşdırmadan, toplumda oturuşmuş olan, xristianlıqdan birbaşa asılı olmayan bu əxlaqi normaları, bilməzlikdən xristianlığın adına yazırlar.

Mən kitablarımın birində “dünyaya sevginin, özü də, xristianlıqda olduğu kimi bir sevginin və ürəyiyuxalığın” gərək olduğunu yazmışdım, bunu oxuyandan sonra bir çoxları mənim dünyagörüşümün dəyişdiyini sanmışdılar, ancaq mən özümü xristian saymadan, həmişə belə düşündüyümü də boynuma alıram.

Xristianlıq deyəndə, öz yaxınlarını ürəkdən sevən, insanların ağrılarına acıyan, dünyanı yaman günlərə qoyan yırtıcılıqlardan, yaramazlıqlardan qurtarmaq istəyən insan başa düşülürsə, onda siz məni də xristian saya bilərsiniz.

Bu baxımdan yanaşsanız, siz aqnostiklərin içində inanclı kimsələrdən daha çox “xristian” taparsınız.

Ancaq mən xristianlıq anlayışının belə yozulmasını düzgün saymıram. Hər şey bir yana, biz belə deməklə yəhudiləri, buddistləri, məhəmmədçiləri, bir sözlə, xristian olmayanların hamısını aşağılamış oluruq, axı xristianların ancaq öz dinlərinin adına yazmaq istədikləri bu yaxşı diləklərin bir çoxu onların da inanclarında yer almışdır.

Mənim bildiyimə görə, özünə keçmişdə xristian deyənlərin hamısı, bu gün isə xristian sayılanların böyük çoxluğu Tanrıya inanmağı, insanın ölümdən sonra da yaşayacağını xristianlığın başlıca dəyərləri sayırlar.

Bax, bu baxımdan yanaşanda mən özümü xristian saymıram, onu da deyim biləsiniz, bax elə buna görə də, aqnostik xristian ola bilməz.

Yox birdən, xristianlıq bizim indi öz yaşamımızda davranışlarımızı yönləndirdiyimiz əxlaqi dəyərlərin toplusudursa, onda elə aqnostiki də xristian saymaq olar.

–Aqnostik insanın ruhu olduğunu danırmı?

– Biz “ruh” anlayışının nə demək olduğunu aydınlaşdırmayana kimi, bu suala yəqinliklə cavab vermək də olmaz. Mənim bildiyimə görə, bu ad altında nəsə maddi olmayan, insanın yaşamı boyunca da, o öləndən sonra da var olan bir gerçəklik başa düşülür.

Ruh adı altında bu anlaşılırsa, onda aqnostik insanın ruhunun olduğuna inana bilməz. Ancaq elə buradaca deyim biləsiniz, bu heç də aqnostikin materialist olması anlamına gəlmir.

Aqnostiklərin çoxu (o sıradan, elə mən də), ruha yanaşdıqları kimi, bədənə də eyni güvəncsizliklə yanaşırlar, bunu burada incələmək çox vaxt apara biləcəyinə, bizi dartıb metafizika cəngəlliyinə salacağına görə, mən bunun üzərində çox dayanmaq istəmirəm.

Qısaca desəm, gerçəklikdə materiya, yaxud da şüur deyilən nə isə yoxdur, bunlar bizim mühakimə yürüdə bilmək üçün işimizə yarayan simvollardan başqa bir şey deyildirlər.

–Aqnostik ölümdən sonra yaşamın olmasına, cənnətə, cəhənnəmə inanırmı?

– Ölümdən sonra yaşamın olub-olmamasını araşdırmalar yolu ilə də öyrənmək olar. Bunun doğru olub-olmadığını araşdırmaq istəyənlər iki başqa-başqa yollara yönəlirlər, birincilər fiziki araşdırmalara, ikincilər spiritizmə (ruhlarla ilişkilər qurmağa) arxalanmaq istəyirlər.

Aqnostik bunların arasında gedən çəkişmələrə qoşulmur, bu yöndəki araşdırmalarda inandırıcı sübutlar ortaya qoyulmayana kimi bu konu üzrə yəqinliklə bir söz deməyi yersiz sayır.

İllüstrasiya
İllüstrasiya

Mənim özümə gəlincə, ölümdən sonra yaşamın olacağını doğruldan inandırıcı arqumentlərin ortalıqda olmadığını deyirəm, birdən gələcəkdə belə inandırıcı arqumentlər tapılarsa, onlara inanmağa da həmişə hazır olduğumu bildirirəm.

Cənnətlə cəhənnəm məsələsi bir az başqa mövzudur. Cəhənnəmin varlığına olan inam belə bir inancla bağlıdır: insanlar işlətdikləri bütün günahların cəzasını çəkməlidirlər; daha burada çəkilən cəzanın bu insanların işinə yaraması, onları doğru yola qaytarması önəmli deyildir.

İnanmıram, hansısa aqnostik buna inansın. Cənnətə gəlincə, ola bilsin, haçansa spiritual seansların köməyi ilə onun varlığını doğrulda bildilər, ancaq indilikdə ortada olan arqumentlər inandırıcı olmadığından, aqnostiklər cənnətin olduğuna inanmırlar.

–Tanrının varlığını danmaqla onun acığına tuş gələcəyinizdən qorxmursunuzmu?

– Burada qorxulası heç nə görmürəm. Mən Zevsin, Yupiterin, Odinin, Brahmanın da varlığını danıram, bunu eləyəndə də nədənsə çəkinəcəyim olmur.

Mən baxıb görürəm, dünyanın böyük çoxluğu xristianların Tanrısına inanmır, ancaq buna görə hansısa qorxunc durumlarla üzləşmir, darlığa düşmür. Birdən Tanrı doğrudan da olsaydı belə, məncə o, özünəvurğunluqdan uzaq olmalıydı, kiminsə ona inanmamasına görə özündən çıxmamalıydı.

–Aqnostiklər təbiətin gözəlliyini, onda olan bu harmoniyanı necə yozurlar?

– Mən bilmirəm, sizin dediyiniz o gözəlliklə harmoniya təbiətin harasındadır?

Heyvanlar aləmini deyirsinizsə, burada bütün yaratıqlar biri-birini öldürməkdədirlər. Onların çoxu başqa heyvanların yemi olurlar, ya da aclıqdan ölürlər.

Ona qalsa, mən bağırsaq qurdunda hansısa gözəlliyi, harmoniyanı görə bilmirəm. Siz indi durub deyə bilərsiniz, bu qurdlar bizə suç işlədiyimiz üçün göndərilib, elə isə bu qurdların heyvanların bədənində daha çox olmasını hara yozursunuz?

Çox ola bilsin, siz ulduzlu göylərin gözəlliyini soruşursunuz. Ancaq sizə də bəlli olduğu kimi, bu ulduzlar zaman-zaman partlayırlar, özləri də, yan yörələrində də nə varsa, toz yığınına çevrilir.

Gözəllik istənilən durumda subyektiv dəyər sayılmalıdır, o, ancaq təbiəti, kosmosu izləyən kimsələrin qavramlarında var olur.

–Aqnostiklər, möcüzələrin baş verməsini, habelə bu kimi, Tanrının yenilməz gücünü göstərən olayları necə yozurlar?

– Aqnostik, təbiətin qanunlarından qırağa çıxdığı deyilən heç bir olaya inanmır, ona görə də “möcüzələri” uydurma sayır. Biz insanların inanclarına görə hansısa xəstəliklərdən sağaldığını tez-tez eşidirik, ancaq bunlar da möcüzə sayıla bilməz.

Lurdda1 sağalan xəstələrin hansısa həkimə ürəkdən inamı olsaydı, elə bu həkim də həmən xəstəliyi sağalda bilərdi.

Başqa möcüzələrə gəlincə, örnək üçün, İsa Məsihin Günəşi göy üzündə dayandırması kimi, aqnostik onların yalan olduğunu da, bütün dinlərdə belə uydurmaların geniş yayıldığını da yaxşı bilir.

Homerin poemalarında Yunan tanrılarının törətdiyi möcüzələrdən yazılanlar onların varlığını necə sübut eləyirsə, Bibliyada Tanrının adına yazılan möcüzələr də elə bir o qədər xristian Tanrısının varlığını sübut eləyir.

–Din, insanın alçaq, qaniçən istəklərinin qarşısını ala bilir. İnsan dini baxışlardan əl çəkərdisə, bu onun varlığını qorxu altına salmazdımı?

– Düzdür, insanların alçaq, qaniçən istəklərinin olduğunu danmaq olmaz, ancaq mən tarixdə haçansa dinin bu istəklərə qarşı dayandığını göstərən bir örnəklə üzləşməmişəm.

Tərsinə, dinlər belə istəkləri yönləndirmişlər, özü də bu işə yönəltdikləri insanları, sonradan vicdan ağrısı çəkməkdən qurtarmağa da çalışmışlar.

Qaniçənlik xristian dünyasında olduğu qədər dünyanın başqa heç bir yerində olmamışdır.

Bu qaniçənliklərin hamısı da inanclı kimsələrin əli ilə, onlara dini ehkamlara sözsüz boyun əyməyi aşılamaqla yerinə yetirilmişdir.

Tarixi sınaqlardan bəlli olan isə budur: insanların bu sayaq dini ehkamlara sözsüz boyun əymələri neçə qat azaldıla bilərsə, onların yaxşılıqsevərliyə yönəlməsi ilə, yaddüşəncəliyə dözümlüyü də bir o qədər qat artırıla bilir.

Bizim günlərdə yeni bir ehkamçı din ortaya çıxmışdır, bu, kommunizmdir.

Aqnostik, bütün ehkamçı düzənlərə qarşı çxdığı kimi, kommunizmə qarşı da çıxır. Kommunizmin insanları sıxışdırmaq metodları, ötən yüzilliklərdə xristianlığın insanları sıxışdırdığı metodlara çox oxşayır.

Xristianlığın insanları sıxışdırmasının qarşısını azad düşüncəli insanlar ala bildilər, onlar öz çalışmaları ilə qatı ehkamçı olan insanları daha az ehkamçı olmağa gətirib çıxara bildilər.

Bu olmasaydı, yəni xristianlar yenə də öncələrdə olduğu kimi ehkamçılığa büsbütün bağlı olaraq qalsaydılar, onda elə indiyədək də dinə inanmayanları tonqalda yandırmaqda davam edəcəkdilər.

Qərb ölkələrində azad düşüncəlik, dözümlük kimi mənəvi dəyərlərin yaranıb oturuşmasını, indi çağdaş xristian ilahiyyatçılarının bir çoxu xristianlığın özəlliyi kimi yozmağa çalışır, özlüyündə isə bu dəyərlərin yaranması, xristianlıq inancına güvənsizliklə, inamsızlıqla yanaşan insanların dirənişlərinin gücünə ortaya çıxmışdır.

Mənə elə gəlir, istənilən kimsə, ötən yüzilliklərə gözüaçıqlıqla baxa bilsə, dinin insanları ağrı-acılardan qurtarmaqdan çox, onları ağrı-acılara saldığını bütün aydınlığı ilə görə bilər.

–Aqnostik həyatın anlamını nədə görür?

– Mən sizin bu sorğunuza sorğu ilə cavab vermək istərdim: “həyatın anlamı” deyəndə siz nəyi başa düşürsünüz? Mənə elə gəlir, burada hansısa bir ümumi məqsəddən söz gedir.

Ancaq mənim düşüncəmə görə, həyatın özü-özlüyündə hansısa ümumi məqsədi yoxdur. O, sadəcə baş verən olayların sıralanmasıdır.

Ancaq ayrılıqda götürülmüş hər bir insanın qarşısına qoyduğu məqsədi var, aqnostizm insanları bu məqsədlərdən yayındırmaq düşüncəsindən uzaqdır.

Düzdür, insanlar qarşılarına qoyduqları məqsədlərə çatdıqlarını yəqinliklə deyə bilmirlər; burada pis olan nəsə axtarmağa da dəyməz, axı savaşda yağını yenə biləcəyinə arxayın olmadığı üçün döyüşdən boyun qaçıran döyüşçüyə hamı, sözsüz, çox pis baxardı.

Öz diləklərinə çatmaq üçün dinə arxalanmağa gərək duyan insan qorxaqdır, mən belə birisini, diləklərini öz gücünə arxalanıb yerinə yetirmək istəyən insanla yanaşı qoymazdım, öz gücünə arxalanan insan isə çox ürəklidir və öz yolunda uğursuzluqla üz-üzə gələcəyindən belə qorxub çəkinmir.

–Dini danmaq elə qanuni nikahla, namusu da danmaq deyilmi?

– Burada yenə də sorğuya sorğu ilə cavab vermək gərəkir: bunu soruşan kimsə desin görək, qanuni nikahla namus yer üzündə insanı ağgünlü eləyə bilirmi, yoxsa onların çəkdirdiyi ağrı-acılara görə insan göylərdə ödül ala biləcəkdir?

Verdiyim sualın ikinci kəsimi ilə razılaşanlar, sözsüz, aqnostizmin yaxşılıqları aşağılamaq istədiyini düşünürlər, ancaq onlar istər-istəməz hayına yetişmək istədikləri bu yaxşılığın insanları yer üzündə ağ günlərə çatdıra bilmədiyini də boyunların almalı olacaqlar.

Birdən tərsinə olsa, bu adam sorğunun birinci kəsimi ilə, yəni qanuni nikahla namusun dinlə bağlı olmayan anlayışlar olduğu ilə razılşsa, onda o elə aqnostiklərin də bu baxışları bəyəndiklərini anlayacaqdır.

Aqnostiklərin seksual əxlaqla bağlı bəlli bir baxışlar sistemi yoxdur. Onların çoxusu azğınlaşmış cinsi düşkünlüklərin yolverilməz olduğu üzrə irəli sürülən arqumentləri doğru sayırlar. Ancaq bu arqumentlərin də ilahi bir qaynaqdan doğulduğunu yox, dünyəvi qaynaqlardan yarandığını düşünürlər.

–Yalnız öz düşüncələrinə inanmaq qorxulu bir inanc deyilmi? Ruhani, əxlaqi qanunlardan uzaqlaşan düşüncə öz bütünlüyünü, bitkinliyini itirmirmi?

–Yer üzündə anlaqlı olan heç bir insan, istər aqnostik olsun, istər yox, ancaq “öz düşüncələrinə” inanmır.

Düşüncənin yaranması gerçək olaylara bağlıdır, bunların bir kəsimi görünənlərdən, bir kəsimi də məntiqi sonuclardan doğulur.

Ölümdən sonra, sonsuzlara kimi yaşamın olması da, Tanrının varlığı da, gerçək olaylarla bağlanan konular olduğu üçün, aqnostik onları da, tutalım, bir neçə gün sonra baş verəcək ay tutulmasını necə araşdırırsa, elə onun kimi araşdırdıqdan sonra qavramağa üstünlük verir.

Ancaq təkcə gerçək faktların ortalıqda olması bizim nəyisə qət eləməyimiz üçün yetərli olmur, onlar özü-özlüyündə bizim hansı yönü tutmalı olduğumuzu göstərmirlər.

İş hansısa məqsədi izləməyə gəlib çıxanda bizim köməyimizə özümüzün məntiqi mühakimələrimiz gəlir. Aqnostiki bu məqsədə onun öz ürəyi çağırır, o bunu haradansa göylərdən gələn bir buyuruğa görə eləmir.

Gəlin, belə bir örnəyə baxaq: tutalım, siz qatarla Nyu-Yorkdan Çikaqoya getmək istəyirsiniz; bunun üçün siz, öz ağlınızın məntiqinə arxalanaraq, Çikaqoya gedən qatarların yoladüşmə vaxtlarını öyrənirsiniz.

Ancaq kimsə, qatarların yoladüşmə vaxtını öyrənmədən Çikaqoya getmək istəsə, bunun üçün ancaq öz ürəyədammalarına, intiusiyalarına arxalansa, onun necə bir qanmaz yerində qalacağını anlamaq çətin deyildir.

Bu adam, yoladüşmə vaxtlarını öyrənmək istəmədiyi kimi, yoladüşmə vaxtları da özləri bu adamı haraylayıb, ona yol göstərməyəcəklər, deməli, bu adam işə yaramayan gerçək faktlara arxalandığından, düzgün yol tapa biməyəcəkdir.

İstənilən gerçək faktın arxasında məqsədlər dayandığından, bu yanlış davranan adam da hansısa məqsədlərə yönələcəkdir, ancaq onun izləməkdə olduğu bu məqsədlər, istər aqnostik olsun, istər başqası, hamıya ağlabatan görünsə də, ağıllı görünməyəcəkdir. Yəni bunlar, gerçəkliyə yox, daha çox emosiyalara, duyğulara, istəklərə bağlı olacaqdır.

–Sizcə, bütün dinlər hamısımı, mövhumatçı, ehkamçıdır? Siz, indi ortalıqda olan dinlərdən hansına sayğı ilə yanaşırsınız, belə bir sayğınız varsa o nə üçündür?

Confucius, yaxud Kung Fu Tse (e.ə.551 - e.479)
Confucius, yaxud Kung Fu Tse (e.ə.551 - e.479)

– Bütün böyük, məqsədyönlü yaradılmış, çoxsaylı xalqların tapındığı dinlər, az ya çox dərəcədə ehkamlara arxalanaraq yaradılmışlar, ancaq “din” sözünün özü dəqiq bir anlamı bildirən sözdür.

Tutalım, konfutsiçiliyi də din adlandırmaq olar, ancaq onun içində ehkamlar yoxdur. Xristianlığın bir sıra sektalarında liberallaşma baş verdiyindən, onlarda bu ehkamçılıq minimuma endirilmişdir.

Tarix boyu olmuş böyük dinlərdən mən buddizmə sayğı ilə yanaşıram, ən çox da onun ilkin yaranış çağlarındakı formasını bəyənirəm, bu formada, azacıq da olsa belə, insanları inancına görə izləyib sıxışdırmaq olmamışdır.

–Kommunizm də, aqnostizm kimi dinlərə qarşı çıxır,–aqnostiki də kommunist saymaq olarmı?

Kommunizm öz mahiyyətinə görə dinlərə çox oxşayır. Düzdür, konkret durumlarda o, tutalım, xristianlığa, yaxud da məhəmmədçiliyə qarşı çıxr.

Kommunizm, özünün Sovet hakimiyyətində üzə çıxan formasında, daha da qorxulu, daha da qaniçən, yeni ehkamlar sistemi yaradır. Deməli, istənilən doğruçu aqnostik kommunizmə qarşı çıxmalıdır.

–Aqnostik, din ilə elmin bir araya gələcəyinə inanırmı?

– Bu sorğuya veriləcək cavab, sizin “din” anlayışı ilə nə demək istədiyinizdən asılıdır.

Siz bununla əxlaqi normalar sistemini başa düşürsünüzsə, onda belə bir “dinlə” elm bir araya gələ bilər. Yox, siz bu anlayışla, danılmaz gerçəkliklər sistemini başa düşürsünüzsə, onda bu anlayış elmin ruhu ilə qarşı-qarşıya dayanacaqdır, axı elmi ruh, heç bir sübut olunmamış gerçək faktı doğru saymır, bundan başqa, elm heç bir faktı sonacan mütləq doğru da saymır.

–Sizi Tanrının varlığına nə inandıra bilər?

– Elə bilirəm, göydən gələn bir səs, mənim sabah başıma nələrin gələcəyini desəydi, ertəsi gün bu deyilənlərin hamısı, özü də mənim ən az inandıqlarım qarışıq, baş versəydi, onda mən ən azından bu dünyada hansısa bizdən yüksəkdə dayanan ağıllı bir varlığın olduğuna inana bilərdim.

Mən burada başqa örnəklər də göstərib, onların doğruluğuna məni inandıracaq sübutlar da istəyə bilərdim, ancaq bildiyimə görə belə sübutlar ortalıqda yoxdur.

1Lurd—Fransanın güney-batısında bir şəhərdir. Orada yerləşən bir bulağın suyu müqəddəs sayıldığından, xəstələr sağalmaq istəyi ilə bu bulağın suyundan içmək üçün oraya gəlirlər.

Rus dilindən Araz Gündüz çeviribdir.

XS
SM
MD
LG