Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:51

“Oliqarx nazirləri yeniləri əvəzləyəcək”


İlham Əliyev və Ziya Məmmədov
İlham Əliyev və Ziya Məmmədov

►“Onlar maaşa və "konvertə" işləyəcəklər.

Biz bunu islahat adlandıra bilmərik. Sistem daxilində dəyişiklik gedəcək. Yeni nəqliyyat nazirinin imperiyası olmayacaq, yəni vəsaitlərin idarə edilməsi onluq olmayacaq”

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olduğu deyilən “Nar Cafe”də əməliyyat keçirilib, 8 nəfər saxlanılıb.

Orxan Mansurzadə
Orxan Mansurzadə

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna bildirib ki, oktyabrın 11-də adıçəkilən kafedə qanunsuz mərc oyunları ilə bağlı tədbir keçirilib.

Bu zaman 8 nəfər saxlanılıb. Onlar barəsində inzibati qaydada protokol tərtib edilib, cərimə olunmaları üçün məhkəməyə göndərilib. Ancaq Orxan Mansurzadə saxlanılanlar arasında Aynar Məmmədovun da olması haqda “Azadlıq” qəzetinin yazdığını nə təkzib edir, nə də təsdiq. O deyir ki, məlumatsızdır. Bu haqda mətbuata verdiyi məlumatdan artığını bilmir:

“Rəsmi mövqe budur. Ondan artığını deyə bilmərəm”.

Buna da bax: Belarusa qarşı sanksiyalar müvəqqəti qaldırıldı

MİLLİ MƏCLİS: “QEYRİ-ETİK OLARDI”

Aynar Məmmədov Milli Məclis aparatının əməkdaşıdır. Milli Məclisin mətbuat xidmətindən bildirdilər ki, onun saxlanmasından məlumatsızdırlar və hətta bundan xəbərləri olsa belə, bunu paylaşmaq qeyri-etik olardı. Bununla bağlı kadrlar şöbəsinə müraciət etməyimizi tövsiyə etdilər. Kadrlar şöbəsi iləsə əlaqəmiz alınmadı...

AzadlıqRadiosunun əməkdaşı oktyabrın 12-də, əməliyyatdan bir gün sonra “Nar Cafe”də olub. O, kafenin divarında Aynar Məmmədova aid xeyli sayda fotoların asıldığını görüb. Eyni zamanda, işçilərlə söhbətləşib. Onlar polisin oktyabrın 11-də axşam saat 7-dən sonra belə bir əməliyyat keçirməsini təsdiqləyiblər. Özünü inzibatçı kimi təqdim edən, adının Musa olduğunu söyləyən şəxs isə bunu təkzib edib. O, Aynar Məmmədovun bir müddətdir bura gəlmədiyini də söyləyib.

Polisin apardığı əməliyyatdan sonra kafenin qapısı açıq olsa da, əməkdaşımız içəridə cəmi iki nəfərin oturduğunu görüb.

Buna da bax: "Belə gəncləri gərək hərbi xidmətə çağırmasınlar”

“QARDAŞOĞLU...”

Aynar Məmmədov
Aynar Məmmədov

Aynar Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur. Son zamanlar mətbuat nazirin “vurulmasından”, onun “bir milyardlıq borc bataqlığına” düşməsindən çox yazır. Buna rəvac verənsə prezidentin yanındakı son iclaslardan birində Nəqliyyat Nazirliyinin işinin tənqid edilməsi, nazirin özünün tədbirdə iştirak etməməsi olub. Bundan başqa, nazirliyin nəzarətində olan bir sıra qurumların, o cümlədən Azərbaycan Dəmiryolu QSC-nin rəsmi qərarla alınaraq müstəqilləşməsidir.

Bu arada Ziya Məmmədovun oğlu Anar Məmmədovun ölkədən çıxmasına qadağa qoyulması və onun da DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində son ayların qalmaqallı “Beynəlxalq Bankın qaytarılmayan kreditləri”ylə bağlı cinayət işinə görə dindiriləcəyi barədə məlumat yayılmışdı.

DİN-in mətbuat xidmətindən Orxan Mansurzadə bu haqda məlumatı olmadığını söylədi və günün sonunda əlaqə saxlamağımızı istədi.

Maraqlıdır ki, mətbuatda Aynar Məmmədova məxsus kafedə aparılan əməliyyat da nazirin vurulması planının bir hissəsi kimi təqdim edilir.

Buna da bax: "Türkiyə rus qazından imtina edə bilməz"

Bu komandada bütün münasibətlər pulun üzərində qurulub.

“BİZ BİLMİRİK SEÇKİÖNCƏSİ ŞOUDURMU?”

Şahvələd Çobanoğlu
Şahvələd Çobanoğlu

Köşə yazarı Şahvələd Çobanoğluna görə, “ən pullu məmurun vurulması”na başlanılıb:

“Ziya Məmmədova aid obyektlər bir-bir əlindən alınır. Bugünlərdə İlham Əliyev onun adıyla bağlı bölgədə - Ucarda bəzi obyektlərin açılışını etdi. Ancaq nazir orda da görünmədi. Görünür, növbəti dəfə yüksək vəzifəli məmurun, ən başlıcası da ən pullu məmurun vurulması gedir. Ancaq səbəbini deyə bilmirik. Biz bilmirik, bu, seçkiöncəsi şoudurmu? Yoxsa bundan qabaq başlayan Beynəlxalq Bank işinə - qaytarılmayan kredit olaylarına bunun aidiyyatı varmı? Və ya başqa haqq-hesablarla bağlıdır? Hər halda, bu komandada bütün münasibətlər pulun üzərində qurulub. Mən hesab edirəm ki, ortada hökmən pul məsələsi var. Çünki bu komanda siyasi komanda deyil, bu komanda ölkəni talamaqla məşğuldur, münasibətləri pul üzərində qurulub”.

Bütün vəsaitlər maksimal dərəcədə bir əldə cəmlənəcək.

“YENİ NAZİR KOMANDASI GƏLİR”

Mehman Əliyev
Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev düşünür ki, “Nar Cafe”də baş verənlərin birbaşa nazir Ziya Məmmədovla nə qədər bağlı olduğunu demək çətindir. Ancaq ümumən görünən odur ki, söhbət nəqliyyat nazirinin vurulmasından deyil, sadəcə sistem daxilində dəyişiklikdən gedir.

“Görünən odur ki, Ziya Məmmədovun maliyyə maraqları sıxışdırılır”.

Bəs buna səbəb nədir?

“Yaxın vaxtda oliqarx nazirlər sıradan çıxacaq və onları yeniləri əvəzləyəcək. Onlar maaşa və "konvertə" işləyəcəklər. Bunu biz islahat adlandıra bilmərik. Sistem daxilində dəyişiklik gedəcək. Yeni nəqliyyat nazirinin imperiyası olmayacaq, yəni vəsaitlərin idarə edilməsi onluq olmayacaq. Bütün vəsaitlər maksimal dərəcədə bir əldə cəmlənəcək. Bu, ölkədəki iqtisadi böhranla da bağlı ola bilər.”

XS
SM
MD
LG