Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

MSK Nəsiman Yaqublunun 3 imzasını «ölü» çıxardı


Nəsiman Yaqublu
Nəsiman Yaqublu

-

Mərkəzi Seçki Komissiyasının (MSK) oktyabrın 10-da keçirilən iclasında namizədliklərin qeydə alınmaması ilə bağlı müraciətlərə baxılıb.

apa-nın məlumatına görə, MSK öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Azad Kazımovun, eləcə də Müsavat Partiyasından Raqif Kərimli, Azər Əsgərov, Rövşən Atakişiyev və Nəsiman Yaqublunun şikayətlərini əsassız sayıb. Dairə seçki komissiyalarının onların namizədliklərini qeydə almamaq barədə qərarlarını qüvvədə saxlayıb.

Nəsiman Yaqublunun şikayəti müzakirə olunarkən bildirilib ki, MSK İşçi Qrupu təqdim edilən imzalardan 3-nün ölmüş şəxslərə mənsub olduğunu üzə çıxarıb.

Nəsiman Yaqublu isə AzadlıqRadiosuna deyib ki, MSK-dakı müzakirələrdən xəbərsizdir: «Ancaq onlar dirini ölü, ölünü də diri çıxara bilərlər. Bu deyiləndən xəbərsizəm. Mənə dairə seçki komissiyasından verilən məlumatda bildirmişdilər ki, guya 160 nəfər mənə verdiyi imzasından imtina edir».

Bir gün öncə Nəsiman Yaqublu bu məsələnin araşdırılması üçün prezidentə müraciət etmişdi.

Onun namizədliyi irəli sürülən 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən hakim partiyanın namizədi İmamverdi İsmayılovdur.

MSK Müsavat Partiyasından yalnız Saday Fərəcovun namizədliyinin müvafiq DSK tərəfindən qeydə alınmaması barədə şikayətini əsaslı sayıb, DSK-nın qərarı ləğv edilib.

Bu il noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. Artıq oktyabrın 9-dan deputatlığa namizədlərin təbliğat kampaniyası başlayıb.

XS
SM
MD
LG