Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:47

Rektorlar mandata görə vəzifədən imtina etdi


Universitet rektorları.
Universitet rektorları.

-

«Yeni Müsavat» qəzeti 12 sentyabr tarixli sayında yazır ki, YAP-ın seçki siyahısındakı üç namizəd - Səməd Seyidov, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı və Ağacan Abiyev fəaliyyətlərini Milli Məclisdə davam etdirməyə qərar veriblər. Abel Məhərrəmov isə BDU rektoru postunda qalmağa razılaşıb: «Məlumatlara görə, hakim partiyanın seçki siyahısını açıqlamağı gecikdirməsinin bir sıra səbəbləri var. Onlardan ən əsası idarəetmədə rəhbər olan şəxslərin, o cümlədən rektorların deputat olmaları ilə bağlıdır».

«Yeni Müsavat»ın məlumatına görə, seçkilərdə dövlət ali təhsil müəssisələrinin rektorları ilə bağlı konkret qərar verilib: «Belə ki, rektorların gələcəkdə deputat kimi də fəaliyyətlərinə birmənalı yasaq qoyulub. Bu səbəbdən də bəzi rektorlar artıq seçimlərini ediblər».

KEÇMİŞ SƏFİR XİN-DƏ BAŞ VERƏNLƏRİN GİZLİNLƏRİNİ AÇDI

Azərbaycanın Avropa Birliyi və Avropa Şurasındakı keçmiş səfiri Arif Məmmədov ölkənin Xarici İşlər Nazirliyində yaşanan qalmaqallara münasibət bildirib, hadisələrin arxasında nələrin və kimlərin durduğuna işarələr vurub. «Azadlıq» qəzeti onun Facebook səhifəsində yazdıqlarını dərc edib. Keçmiş səfir bildirir ki, XİN ölkədə ən az korrupsiyaya uğramış dövlət qurumudur: «Faktiki olaraq bu günə qədər Xarici İşlər Nazirliyinə işə qəbul olunan əməkdaşların əksəriyyəti Diplomatik Akademiyanın məzunlarıdır. Bu təhsil ocağı ölkədə olan yeganə ali təhsil müəssisədir ki, həqiqətən də bütün beynəlxalq standartlara uyğundur».

Arif Məmmədov
Arif Məmmədov

Arif Məmmədov yazır ki, XİN-də keçirilən illik toplantılarda hər kəs təəccüblənirdi ki, aparat rəhbəri və ya onun köməkçisi bütün əməkdaşların, səfirlərin qarşısında ölkənin Təhlükəsizlik Şurasının üzvünü, xarici işlər nazirini danlayır. Bu nə Burkina Faso, nə Mavritaniya nə də Somalidə» mümkündür: «Əgər nazir ilk gündən əzm nümayiş etdirsəydi, əməkdaşlarını təxribatlardan müdafiə etsəydi, bunların qarşısı alınardı. Ola bilər ki, bu zaman Prezidentlə mürəkkəb söhbət baş verəcəkdi, aparatla gərginlik yaşanacaqdı, lakin bu, nazirliyin bu gün ölkə və dünya qarşısında yaranmış indiki gülünc durumla müqayisə olunmur. Ən pis halda istefa verib, qürurla, hörmətə layiq adla çıxıb getmək olardı».

BÜDCƏYƏ İCTİMAİ NƏZARƏT İMKANLARI ZƏİF VƏ MƏHDUDDUR

Dünyada dövlət büdcələrinin şəffaflığını qiymətləndirən «Açıq Büdcə İndeksi»nin 2015-ci ilin nəticələrində Azərbaycan 100 mümkün baldan 51 bal toplayıb. İqtisadçı Kənan Aslanlı «Bizim yol»a müsahibəsində deyir ki, Azərbaycan üzrə indeksin hazırlanmasında əsas məsul şəxs odur: «Bu çərçivədə çatışmazlıqların harada olub-olmadığını, eyni zamanda əldə olunan uğurları kifayət qədər qiymətləndiririk. Hesabatda da bütün məqamlar öz əksini tapıb».

Kənan Aslanlı
Kənan Aslanlı

-Maraqlıdır ki, indeksdə yüksəlmə göstərilsə də, 2014-2015-ci illərdə Azərbaycanda ictimai nəzarət olduqca zəifləyib. Vətəndaş cəmiyyətinə qarşı təzyiqlər belə bir nəzarəti həyata keçirməyə imkan vermir. Bu məsələ qiymətləndirmədə nəzərə alınmayıbmı?

- İndeks 8 əsas büdcə sənədinin ictimaiyyətə açıqlanıb-açıqlanmadığını qiymətləndirir. Burada şəffaflığa diqqət yetirilir, iştirakçılığa deyil. Amma indeksin əsaslandığı «Açıq Büdcə Sorğusu» iştirakçılığı da, parlamentin və Hesablama Palatasının nəzarət imkanlarını da qiymətləndirir. QHT mühitinin pisləşməsi «Açıq Büdcə İndeksi»nə təsir etmir. Lakin «Açıq Büdcə İndeksi» ilə eyni hesabatda açıqlanan «büdcə prosesində ictimai iştirakçılıq» alt-indeksində bu məsələ öz əksini tapıb. «Büdcə prosesində ictimai iştirakçılıq» alt-indeksində Azərbaycan 100 mümkün baldan 19-nu toplaya bilib. Orada qeyd edilir ki, Azərbaycanda ictimai nəzarət imkanları zəif və məhduddur.

Sevinc Fətəliyeva
Sevinc Fətəliyeva

AZƏRBAYCANA AVROPA YOX, AVROPAYA AZƏRBAYCAN LAZIMDIR

«Avropa Parlamentinin qəbul etdiyi son qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır. Bu, parlament seçkiləri ərəfəsində dövlətimizin imicinə xələl gətirmək cəhdidir. Müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Amma bütün təzyiqlərə baxmayaraq, milli maraqların qorunmasını əsas tutan Azərbaycanın müstəqil, tarazlaşdırılmış siyasət aparması onları ciddi narahat edir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, əslində, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir. Onun sözlərinə görə, AP Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə yaxşı olar: «Əslində, Azərbaycanla əməkdaşlığın dayandırılması ilə bizi qorxutmaq mümkün deyil! Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır. Azərbaycan öz balanslaşdırılmiş xarici siyasəti ilə, tolerantlığı ilə, sosial siyasətiylə, ümumiyyətlə öz dəyərləri ilə bir sıra Avropa ölkələrini üstələyir».

XS
SM
MD
LG